Film komissiyaları yaradılacaq

Milli Məclisin (MM)  Mədəniyyət komitəsinin iclasında yenidən hazırlanmış “Kinematoqrafiya haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Etikxeber.az-ın  məlumatına görə, layihə barədə məlumat verən komitə sədri Rafael Hüseynov bildirib ki, kino sahəsində hazırda qüvvədə olan qanun 1998-ci ildə qəbul olunub, o vaxtdan indiyə qədər Azərbaycan xeyli inkişaf yolu keçib və yeni qanun layihəsinə ehtiyac var.

12 fəsil və 40 maddədən ibarət olan yeni qanun layihəsində filmlərin istehsalı və yayımlanması, milli kinematoqrafiyanın təbliği və qorunması sahəsində yaranan münasibətlər tənzimlənir. Qanun layihəsinə əsasən kinematoqrafiya sahəsində film komissiyaları da yaradılacaq. Film komissiyası Azərbaycanda audiovizual əsərlərin və filmlərin istehsalına dəstək verən publik hüquqi şəxs olacaq. Komissiyalar fəaliyyətini “bir pəncərə” prinsipi əsasında quracaq və müraciət edən prodüserə audiovizual əsərlərin və filmlərin istehsalında xidmətlər təqdim edəcək.

Azərbaycanda kinematoqrafiya sahəsinə güzəştli kreditlərin verilməsi də nəzərdə tutulur. Bu da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Azərbaycanda milli filmlərin televiziya yayımı Azərbaycan dilində həyata keçirilməlidir. Xarici filmlərin televiziya yayımına yalnız Azərbaycan dilinə dublyaj olunduqda icazə veriləcək. Azərbaycan ərazisində fəaliyyət göstərən kinozallardan və kinoteatrlardan aztəminatlı əhalinin, əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, müharibə iştirakçılarının güzəştli istifadə etmələrinə şərait yaradılacaq.

Layihə birinci oxunuşda MM-in plenar iclasına tövsiyə olunub.

Etikxeber.az

Read Previous

Bakı Nəqliyyat Agentliyi Qara Qarayev prospektində monitorinq aparıb

Read Next

“Kinoteatrlar Azərbaycan filminin nümayişini qeyri-münasib vaxta saata salır” – Nazir müavini şikayətləndi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir