“Fizuli Məmmədov da daxil olmaqla, cəmi Şəhidlərimizlə Fəxr edir, Qürur duyuruq…Hər zaman onlara borcluyuq…”-BU SÖZLƏR SAMUXLU ANTİTERROR ŞƏHİDİ, İKİ QIZ ÖVLADI VƏTƏNƏ ƏMANƏT FİZULİ MƏMMƏDOVUN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ İLƏ BAĞLI TƏŞKİL EDİLƏN MƏCLİSDƏ DİLƏ GƏTİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Samux rayonunun Antiterror Şəhidlərindən olan Fizuli Bəhruz oğlu Məmmədovun doğum günüdür.

Fizuli Məmmədovun bu gün-5 aprel 2026-ci il tarixində 37 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Qovlarsarı kənd qəbiristanlığındakı məzarı izdihamlı şəkildə ziyarət olunub.

Məzarını ziyarətdə yüzlərlə insan iştirak edib.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Ailəsinə-valideynlərinə, ömür-gün yoldaşı (həm də xalası qızı) Günel xanıma və iki əkiz qız övladına Allahdan səbr və dözüm arzu edilib.

Cənnətdəki üçüncü doğum günü təbrik olunub.

Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Məzarını ziyarətdən sonra isə Cənnətdəki üçüncü doğum günü ilə bağlı ailəsinin-xanımının və övladlarının yaşadığı evdə məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar edilib.

Məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, qısa çıxışlar edilib.

Fizuli Məmmədovun 34 illik qısa, lakin şərəfli ömür, hərb, döyüş yolundan söz açılıb, İgidliyi, Qəhrəmanlığı, Vətənə bağlılığından bəhs olunub.

Fizuli Məmmədov da daxil olmaqla, cəmi Şəhidlərimizlə Fəxr edildiyi, Qürur duyulduğu dilə gətirilib, bir ömür boyu onlara borclu olduğumuz qeyd edilib.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı təşkil edilən məclisdə ailə üzvləri, Samuxlu, Bərdəli, Naftalanlı, Gəncəli, Beyləqanlı, Yevlaxlı, Hacıqabullu, Bakılı və digər bölgələrdən olan Şəhid ailələri, din xadimləri və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Fizuli Məmmədov 1989-cu ilin 5 aprel tarixində Samux rayonunun Qovlarsarı kəndində dünyaya gəlib.

Ailənin dörd övladından, üç qardaşdan biri olub.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olub, ali təhsilə yiyələnib.

Ali təhsilini bitirdikdən sonra Əsgərliyə yollanıb.

Həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra-2016-cı ildən isə həyatını hərb, Ordu ilə bağlayıb.

Leytenant hərbi rütbəsini daşıyıb.

İkinci Vətən Müharibəsinin və “Qisas” əməliyyatının iştirakçısı olub.

2022-ci ilin sentyabr ayında “Qisas” əməliyyatı zamanı Laçın istiqamətində qolundan və kürəyindən yaralanıb, ancaq qısa müalicə və müayinədən sonra yenidən Orduda fəaliyyətini davam etdirib.

2023-cü ilin sentyabr ayının 19-da isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda həyata keçirilən 23 saatlıq lokal xarakterli Antiterror tədbirləri zamanı isə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Sentyabrın 20-də Xocalı istiqamətində Şəhidlik zirvəsinə yüksələn Fizuli Məmmədovun nəşi iki gün sonra-22 sentyabr tarixində Qovlarsarı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

İkinci Vətən Müharibəsindən sonra “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”  “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Şəhidliyindən sonra isə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, eyni zamanda, Qovlarsarının son altın ildəki ikinci Şəhididir.

Fizuli həm də ailəli olub, Günel adlı xanımla ailə həyatı qurub.

İki qızı-orta məktəb şagirdləri olan Fatimə  Zəhrası ailəsinə, Vətəninə əmanət qalıb.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bərdəli Aprel döyüşləri Şəhidi Ziya Həsənovun Anım Günündə, Samuxlu Antiterror Şəhidi Fizuli Məmmədovun isə 37 yaşının tamamında-MƏZARLARI ZİYARƏT OLUNDU, HƏR İKİ ŞƏHİDƏ MƏCLİS DÜZƏNLƏNDİ… – YENİLƏNİB – (5)

Read Next

“Təbriz hələ uşaq yaşlarından vətənpərvər idi…”-Nəşi 6 aydan sonra tapılan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ TƏBRİZ CƏFƏROVUN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir