Fransız ətiri və zibilli Paris-RAFAEL HÜSEYNOV YAZDI

Hər böyük və köhnə Avropa şəhərinin onu başqa şəhərlərdən seçdirən öz gözəllikləri, şöhrətinə şöhrət qatan məxsusi əlamətləri var.

Şəhərlər şəhəri Parisi Luvrundan və Eyfelindən də, şansonlarının dillər əzbəri nəğmələrindən də, dəbli geyimlər və məhəbbət vitrini küçə və meydanlarından da, hərəsinin öz tarixçəsi olan həmişə dolu kafelərindən də daha artıq məşhurlaşdıran və həmişə cazibəli edən ətirləri olub.

Hətta Fransanın ən sevimli şərablarının da şöhrətdə Fransanın çoxdan dünyanı fəth etmiş adıbəlli ətirlərinə üstün gəlməyə gücü çatmayıb.

Bir-birindən lətif, biri-digərindən zərif olan köhnə və köhnəlmız fransız ətirləri elə Parisin rəmzləri kimidir.Bu gün xoş rayihələr şəhəri Parisin küçələri üfunətə bürünüb. Günlərlə daşınmadığından küçələrdə qalaqlanmış zibil təpələri hər gün eninə-uzununa böyüyür, daha bu qoxulardan burnunu tutub keçməklə də canını qurtara bilmirsən. Siçovulların bayramıdır.

Göyçək Parisi, şıq Parisi, şux Parisi, ətirli Parisi üfunətə bürünmüş görmək acınacaqlıdır.Üzdə olan səbəb budur ki, zibildaşıyanlar neçə gündür etiraz tətilləri edirlər və şəhəri bürümüş natəmizlik də, ürək bulandıran iy-qoxu da bundandır.Amma bu sadəcə üstdən nəzər salanda belədir. Bütün həngamənin əsl səbəbi dövlətin apardığı siyasətin zibilləridir, həmin kələ-kötür siyasətin saçdığı üfunətdir.

Bu küçələrdəki zibilləri sabah bir üsul tapıb daşıtdırmaq olarsa da, yanlış siyasətin zibillərini belə asanlıqla yığıb-yığışdırmaq, onun üfunətindən əlüstü qurtulmaq mümkünsüzdür.Di gəl, bu zibillərin ardındakı əsas zibilləri də, bu üfunətin altındakaı daha bəd qoxuları ya hiss etmirlər, ya görməzliyə vururlar, ya da bəlkə elə bildikləri bu qədərdir, zənn edirlər zibilçilərin ipini dartsalar, üfunətin də kökü kəsiləcək.Kəsilməyəcək, bu gedişlə durmadan artacaq!

Bu zibili yığışdıracaqsan başqa zibil toplanacaq, bu qoxunu qovacaqsan, başqa iy gələcək. Çürümə dövlətin siyasətindən gəlir! Sən müstəqilliyin şirin dadına lap çoxdan aşina olan və illərlə istiqlal içində yaşamış Korsikanın dilini kəsmək istəyəcəksən, bu siyasət zibili mütləq özünü göstərəcək. Sən küçələrdəki məişət tullantıları kisələrindən dikələn zibil təpələri ilə törətdiyin siyasət zibili arasında fərqi görməyəcəksən, onda sənin özünün müəllifi olduğun zibil də özünü heç gözləmədiyin bir başqa şəkildə göstərəcək.

Zora əl atırlar, zibil daşıyanılara qarşı zibili daşımaqdan imtinaya görə qanunla çox yüksək cərimələr müəyyənləşdirmək üçün əlləşirlər. Bu da daha bir siyasət (ya siyasətsizlik) zibili!Düyünün belə bəsit və qaba üsulla açılacağını düşünmək qədər uzaqgörməzlik var olduqca üfunət kəsilən deyil.Dünyanın gözü qarşısında qırmızı-qırmızı ağa “qara” deyirsən, 30 ilə yaxın müddətdə əl altından ayağının altını qazmaq istədiyin Azərbaycana qarşı indi nümayişkaranə şəkildə erməniçilik edirsən və sadəlövlüklə üfunətin səbəbini küçələrdəki daşan zibil qutularında arayırsan.

Bunlar tutalım, Korsikanı və korsikalılıları yaxşı tanımır, tutalım Azərbaycana və azərbaycanlılıara yaxşı bələd deyillər, bəs fransız xalqı? Heç onu da tanımırlar! Daha dəqiqi – onu heç tanımırlar!Bu xalqın inqilabçı ruhu haqqında həqiqətləri unutmuş olmasaydılar, çiy siyasətləri ilə zibil təpələrinin sayını artırmaqda davam etməzdilər.Bu, dünən böyük inqilabları etmiş fransız xalqıdır. Bu gün küçələrdə olanlar o babaların nəvələridir.

O köhnə inqilabları edənlərin əlində bir təzə inqilab da xəyal deyil.Çünki zibillər daşınılmaz qədər çoxalanda, siyasətin kəsif qoxuları nəfəsləri daraldanda daha o zibilləri zibildaşıyanlara zorla daşıtdırmaqla məsələni həll etmək olmur, belə üfunəti inqilabın küləkləri qovub apara bilir.

…Bu gün yenə Parisin küçələri narahat idi. Rəsmən xəbərdarlıq edilmiş mağazalar etiraz yürüşlərinə çıxanlardan ehtiyatlanaraq tələm-tələsik bağlanırdı. Opera tərəfdə lap qələbəlik idi. Polis maşınları hər zaman olduğundan xeyli çoxalmışdı.

Amma bunlar belə hiss olunur ki, hələ mehdir. Siyasət zibilləri artdıqca o üfunəti qovan küləyin qalxması da uzaq görünmür…

…Mən Parisi çox sevirəm.

Son 30 ildə dönə-dönə qonağı olduğum və mənə doğmalaşmış bu əziz şəhərin küçələrindən də, bu ölkənin siyasətindən də zibillərin və üfunətin tezliklə itməsini, ətirlərin qayıtmasını arzulayıram!..

23 mart, 2023, Paris

Rafael HÜSEYNOV,

Millət vəkili, Akademik

Etikxeber.az

Read Previous

Anası tərəfindən təkbaşına böyüdülən tək övlad-Elməddin Hüseynzadə və ailənin üç övladından, üç qardaşdan biri olan-Cavidan İbrahimli-BU GÜN HƏR İKİ ŞƏHİDİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR…

Read Next

Sisi Əliyevə niyə-ZƏNG ETDİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir