“Gəlin, heç də hər şeydən gileylənməyək…” – KOMİTƏ SƏDRİ

Hadi Rəcəbli: “İnsanlar bir-birinin bəhsinə gedirlər…”

Etikxeber.az  Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadi Rəcəblinin Oxu.Az-a müsahibəsini olduğu kimi, təqdim edir:

– Qarşıdan MM-in növbəti – 2019-cu il yaz sessiyası gəlir. Bu sessiyada hansı təzə qanun layihələrini və ya qanunlara dəyişiklikləri müzakirə və sessiyaya, plenar iclaslara tövsiyə etməyi nəzərdə tutursunuz?

– Əslində, biz vacib qanunların hamısını qəbul etmişik. Konkret olaraq, sosial müdafiə, pensiya islahatları ilə bağlı layihələr vermişik, “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” qanunları və digərlərini müzakirələrdən keçirib, onların plenar iclaslarda qəbuluna nail olmuşuq, həmçinin,  işsizlikdən sığorta fondunu təsdiq etmişik. Bütün bunlarla yanaşı, biz “Turizm haqqında” yeni qanun layihəsi üzərində işləyirik. Yaz sessiyasında bizim gündəmimizdə əsas mövzu turizmlə bağlı qanun olacaq. Bir sıra qanunlara əlavələr, dəyişikliklər də ola bilər, amma “Turizm haqqında” qanun bizim ən aktual qanunlarımızdan biridir. Çünki Azərbaycanın iqtisadiyyatının gələcək inkişafı, Azərbaycanın bütün regionlarının inkişafı, bütövlükdə Azərbaycanın inkişafının bir qolu da məhz turizmlə bağlıdır.

– Turizmdən danışmışkən, Azərbaycanda, xüsusilə turizm, istirahət məkanlarında hələ də hotellərin bahalılığı, qiymətlərin yüksək olması əsas müzakirə mövzularındandır. Elə bu səbəbdəndir ki, əhali yay və qış istirahətlərini daha çox qonşu Gürcüstanda və qardaş Türkiyədə keçirməyə üstünlük verirlər…

– Mən deməzdim ki, hotellərin hamısı bahalıdır, hamısında qiymətlər yüksəkdir. Bu iddiada deyiləm və bu yöndəki iddiaları o qədər düzgün hesab etmirəm. Hotellər arasında ucuz qiymətə olanları da var, bahalıları da. Yəni bu məsələdə hotellərin qiymətlərin bahalılığı heç də tək səbəb deyil. Bilirsiniz, səbəb nədir?

Adamlar bir-birinin bəhsinə gedirlər, filankəs gedir, mən də gedirəm. Eyni zamanda, ola bilər, haradasa ucuz yaradıblar, təşkil ediblər. Biz heç vaxt xaricə səyahətin əleyhinə olmamışıq. Xaricə də səyahət olsun. Amma ölkəni tanıyandan sonra xarici tanımaq daha yaxşı olardı. Ölkəmizdə turizm, istirahət üçün hər cür şərait var.

Sevinirəm ki, insanlarımız artıq bayramların çoxunu Qusarda, Şahdağda, Qəbələdə keçirirlər, orada hotellərdə yer yoxdur, hamısı doludur insanlarla. Bir sıra digər regionlarda da çox gözəl ab-hava, şərait var. İrandan bura gələcəkdə turizm səfərlərinin artması, Çindən gələn turistlərin sayının çoxalması gözlənilir. Bunun, əlbəttə, bütövlükdə Azərbaycanın iqtisadiyyatına, sosial durumuna çox böyük faydası olacaq. Biz o qanunlarla bu məsələləri tənzimləyəcəyik.

HADİ-HADİ-1

hadi racabli-hadi

hadi-2

– İaşə-servis xidmətlərindən, qulluq, xidmət səviyyəsindən də illərdir şikayətlər eşidilir… 

– Razı deyiləm. Biz də az-çox dünyanı gəzirik, görürük ki, bizdə iaşə-servis xidməti heç də dünyanın başqa ölkələrindən pis deyil. Normaldır. Bir az da yaxşı ola bilərdi. Biz istəyirik ki, bir az da yaxşı olsun…

– Bu gün hotellərdəki, istirahət məkanlarındakı personalın davranış, mədəniyyət səviyyəsi də yetərli, qaneedici deyil. Demək olar ki, bunu hər birimiz görürük, şahidi oluruq. Bu məsələlər necə tənzimlənməlidir?

– Bu məsələdə sizinlə və bu fikirdə olanlarla tam razılaşa bilmirəm. Onlar yavaş-yavaş düzəlir. Bizdə son 20 ildə bu məsələdə böyük inkişaf, irəliləyiş var. Əlbəttə, biz özümüzü vaxtilə Türkiyə ilə heç müqayisə edə bilməzdik. İndi, görürsən, Türkiyədən, İrandan gələn turistlər burada, bizim istirahət məkanlarında yaxşı istirahət edirlər.

Deməli, normal xidmət, davranış tərzi var ki, onlar buraya üz tuturlar. Olmasaydı, gəlməzdilər, başqa ölkələrə üz tutardılar. Gəlin, heç də hər şeydən gileylənməyək, hər şeyi pis gözdə görməyək. Bunlar düzələcək. Sadəcə, bir az səbrli olaq. 

Etikxeber.az

Read Previous

Məktəbdaxili qiymətləndirmə qaydalarında dəyişikliklər edilib… – FOTO

Read Next

Yazda Türkiyə, Pakistan və Əfqanıstan liderlərinin üçtərəfli Zirvə görüşü keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir