İki yaşından anasını itirmiş, nənəsinin himayəsində böyümüş Gəncə Qazisi Arzu Əsədov ev, mənzil və maddi dəstəklə bağlı-MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT ETDİ

Gəncə şəhər sakini, Qazi Arzu Müşfiq oğlu Əsədov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya, o cümlədən Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova və Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə müraciət ünvanlayıb.

Etikxeber.az-a daxil olan müraciətdə deyilir:

“Hörmətli Mehriban xanım!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Arzu Əsədov 2001-ci ildə Gəncə şəhərində anadan olmuşam. Evin tək oğluyam. Anamı iki yaşımdan itirmişəm. Ata qayğısı, ata nəvazişi görməmişəm. Ana nənəm Afizə Əsədovanın himayəsində və qəyyumluğunda böyümüşəm. Uzun illər kirayədə yaşamışam və bu gün də kirayədə yaşamaqdayam.

Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsində iştirak etmişəm. Müharibənin 14-cü günündə Hadrut istiqamətində snayper gülləsindən ağır yaralanmışam. Uzun müddət ağır müalicə və müayinələrdən keçmişəm. 2022-ci ildən 3-cü qrup (beş illik) əlillik dərəcəsi almışam. Eyni zamanda, müharibədən sonra Ali Baş Komandanımız tərəfindən 4 medalla, ümumilikdə 5 medalla təltif olunmuşam.

2023-cü ildə ailə həyatı qurmuşam, bir övlad atasıyam. Hazırda səhhətimlə əlaqədar heç bir yerdə işləyə bilmirəm. Qoca nənəmlə və ailəmlə birlikdə hazırda Gəncədə kirayədə qalıram. Aldığım müavinət də ancaq kirayə haqqını ödəyir. Çox təəssüflər olsun ki, ev, mənzillə bağlı Gəncə şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət etsəm də, hələ Sərəncam ala bilməmişəm, evlə, mənzillə təmin olunmamışam. Qeyd etdiyim kimi, səhhətimlə də bağlı hazırda heç bir yerdə işləyə bilmirəm. Çox ciddi maddi ehtiyac içindəyəm, üzr istəyirəm, övladıma yemək almağa belə bəzən pulum çatmır. Vəziyyətim, durumum bu dərəcədə çətin və dözülməzdir.

Dəyərlimiz və əzizimiz Mehriban xanım!

Sizə bir Ana, bir böyük bacı, Azərbaycanın və dünyanın mərhəmət və şəfqət simvolu kimi müraciət edərək, evlə, mənzillə təmin olunmağım məsələsinə köməklik göstərməyinizi istəyirəm. Xahiş və rica edirəm ki, çətin və dözülməz vəziyyətim nəzərə alınaraq, tezliklə evlə, mənzillə, maddi dəstəklə təmin olunum. Çox xahiş və rica edirəm ki, səlahiyyətlərinizdən istifadə edərək, evlə, mənzillə, maddi dəstəklə təmin olunmağım üçün müvafiq qurumlara və səlahiyyət sahiblərinə göstəriş və tapşırıqlarınızı verəsiniz.

İnanıram və əminəm ki, belə də olacaq, müraciətim tezliklə nəzərə alınacaq və öz müsbət həllini tapacaq.

Öncədən də Sizə öz minnətdarlıq və təşəkkürlərimi bildirirəm. Allah Sizi, gözəl ailənizi və Qalib Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq və tıxacdır-BU GÜN – YENİLƏNİB

Read Next

Hava yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir