“Gəncəyə edilən bu hücumlar ermənilərin mənfur xislətini, insani hisslərdən tamilə məhrum olduqlarını göstərir… Bu, həm də ağır hərbi cinayətdir…”-YAP-ÇILAR, DEPUTATLAR ERMƏNİ VANDALİZMİNƏ MƏRUZ QALMIŞ GƏNCƏYƏ VƏ GƏNCƏLİLƏRƏ BAŞ ÇƏKDİLƏR… – FOTOLAR

Çox təəssüf ki, Gəncə şəhəri son günlərdə erməni terrorçularının hücumuna məruz qalıb. Gəncəyə edilən bu hücumlar ermənilərin mənfur xislətini, insani hisslərdən tamilə məhrum olduqlarını göstərir. Bu, həm də ağır hərbi cinayətdir. 

Etikxeber.az-ın xəbərinə görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov Gəncədə jurnalistlərə açıqlamasında bildirib. 

Vitse-premyerin sözlərinə görə, Azərbaycanın rəşadətli ordusu Ali Baş Komandanın rəhbərliyi ilə bu xain hücumun əvəzini döyüş meydanında çıxır:

“Azərbaycan əsgəri qadına, uşağa, qocaya əl qaldırmır, bundan sonra da qaldırmayacaq. Gəncə hadisələrini törədən Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Onlar bu xain hərəkətlərinin ağır nəticələrini görürlər və görəcəklər. Onlar Azərbaycan xalqının və Ordusunun ən ağır cəzasını alacaqlar. 

Güman edirəm ki, Azərbaycan hökuməti bu hərəkəti törədənlərin, xüsusilə də əmri verən Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüquq normaları əsasında cavab vermələri üçün əlindən gələni edəcək. Bizim üçün ən böyük itki həlak olan insanlardır. Onları geri qaytarmaq mümkün deyil. Azərbaycan həkimləri qısa zamanda yaralıları həyata qaytaracaqlar. Hesab edirəm ki, bu günlərdə Gəncə şəhəri və gəncəlilər böyük dəyanət nümayiş etdirdilər. Düşmənin niyyəti azərbaycanlıları qorxutmaq, vahimələndirmək idi, lakin onlar buna nail olmadılar. Gəncəlilərin timsalında Azərbaycan xalqının nə qədər qəhrəman xalq olduğu aydın oldu. Azərbaycanın zəfər yürüşünün qarşısını alacaq ikinci bir qüvvə yoxdur”. 

Ə. Əhmədov eyni zamanda deyib ki, Gəncədə terror hadisələri zamanı zərər çəkmiş ailələrə yardım göstəriləcək. 

Onun bildirdiyinə görə, valideynlərini itirmiş uşaqların hər birinə YAP tərəfindən gələn aydan etibarən 300 manat müqabilində təqaüd təyin edilib. Bu, həmin uşaqlar böyüyənə qədər davam edəcək.  

Qeyd edək ki, bu gün YAP İcra katibinin müavini Əli Əhmədov, eləcə də, hakim partiyadan olan millət vəkilləri-Eldar İbrahimov, Əhliman Əmiraslanov, İlham Məmmədov, eləcə də, Gəncəni parlamentdə təmsil edən deputatlar-Musa Quliyev, Naqif Həmzəyev, Pərvin Kərimzadə və Müşfiiq Cəfərov faşist Ermənistan silahlı birləşmələri və erməni vandalları tərəfindən Gəncənin raket zərbələrinə məruz qalması zamanı şəhərin dağıdılan, xarabazarlığa çevrilən ərazilərinə baş çəkiblər.

Onlar erməni terrorizmi və vandilizminə məruz qalmış, evləri dağıdılmış, maddi və mənəvi zərərlər çəkmiş Gəncə sakinləri ilə, gəncəlilərlə görüşüb, söhbətləşib, başsağlığı və təsəlli veriblər.

Bildiriblər ki, Gəncə və gəncəlilərin qisası yerdə qalmadı, qalmır və qalmayacaq.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Füzulinin, Xocavəndin, Cəbrayılın daha bir neçə kəndinin və Zəngilan şəhərinin düşmən tapdağından azad olunması Zəfər yürüşümüzün növbəti mərhələsidir və bu yürüş qəti Qələbimizəcən davam edəcək”-MİLLƏT VƏKİLİ

Read Next

Ermənistana məxsus daha 3 PUA-MƏHV EDİLDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir