“Gərəksiz və səmərəsiz nə varsa, hamısı keçmişdə qalmalıdır” – PREZİDENT

Avrasiya İqtisadi Şurasının (AAIŞ) və Müstəqil Dövlətlər Birliyinin (MDB) hökumət başçılarının iclaslarının Minskdə keçirilməsini Belarusda bu ölkənin fəal inteqrasiya siyasətinin etirafı kimi qəbul edirlər.

Belarus Prezidenti Aleksandr Lukaşenko bu fikri oktyabrın 28-də AAIŞ və MDB Hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdə söyləyib.

Etikxeber.az-ın məlumatına görə, bu barədə Birliyin Minskdəki qərargahının mətbuat xidməti və BELTA agentliyi xəbər yayıb.

Qeyd edək ki, bu forumda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.

A. Lukaşenko vurğulayıb ki, Bişkekdə dövlət başçıları hökumətlərə işarə verdilər ki, MDB-nin inkişafı üçün yeni, müasir impulslar axtarıb tapmaq, Birlik orqanlarının işinin səmərəsini artırmaq lazımdır:  “Gərəksiz və səmərəsiz nə varsa, hamısı keçmişdə qalmalıdır”.

Belarus Prezidentinin fikrincə, sanballı elmi, praktiki və iqtisadi nəticələr əldə etmək məqsədilə MDB ölkələrinin resurslarının birləşdirilməsi əsasında iri müştərək kosmik layihə həyata keçirilməsi mümkündür. Onun sözlərinə görə, daxili bazarların strateji xammal resursları, o cümlədən enerji ehtiyatları ilə təmin edilməsi mühüm istiqamətdir. Belarus Prezidenti deyib: “Dövlətlərimizin milli enerji proqramlarının aktuallaşdırılması və qarşılıqlı əlaqələndirilməsi, enerji kooperasiyası, yeni texnologiyaların tətbiq edilməsi, alternativ enerjinin payının artırılması zəruridir. Ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığın davam etdirilməsi öz əhəmiyyətini saxlayır. Burada həm bizim aqrosənaye komplekslərinin xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına, həm də daxili ərzaq tədavülü məsələlərinin həllinə dair birgə tədbirlər həyata keçirilməsi məqsədəuyğun olar”.

Onun sözlərinə görə, bu fikir kənd təsərrüfatı mallarının təhlükəsizliyi və keyfiyyəti sahəsində tələblərin uzlaşdırılmasına, o cümlədən ayrı-seçkiliyə yol verilməyən monitorinq və nəzarət formalarından istifadə edilməsinə, laboratoriya nəzarətinin nəticələri barədə informasiya mübadiləsi sisteminin inkişafına, ərazilərin baytarlıq baxımından salamatlığının pozulması hallarının birlikdə aşkar edilməsinə aiddir.

Belarus Prezidenti hesab edir ki, sahəvi əməkdaşlıq orqanlarının fəaliyyəti sistemli və məqsədli–proqram xarakterli olmalıdır. A.Lukaşenko deyib: “Bu orqanların bəziləri onilliklər boyu fəaliyyət göstərir, lakin Birliyin inkişafına töhfə vermir. Halbuki ekspert fəaliyyəti məhz bu səviyyədə – siyasi qərarların praktiki məzmun kəsb etməsi səviyyəsində həyata keçirilir. Bu işin nəticələri konkret MDB-nin vətəndaşlar, təşkilatlar, müəssisələr və dövlətlər üçün faydası barədə təsəvvür formalaşdırır”.

A. Lukaşenko vurğulayıb ki, bütün bu mövzular heç də təzə deyil və onlara sadəcə başqa mövqedən yanaşmaq, müasir reallıqlar nəzərə alınmaqla onları aktuallaşdırmaq lazımdır.

Etikxeber.az

Read Previous

“Toylar kralı” Çovdarovun işində adı keçən şəxsin məhkəməsində dindiriləcək

Read Next

Azər Paşa Nemətdən Fuad Poladova: “Uğurlar arzulayıram…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir