“Gələcəkdə bu transplantlar ölkəmizdə ola bilər…” – KOMİTƏ SƏDRİ – FOTO – YENİLƏNİB (1)

 Milli Məclisin (MM) Səhiyyə komitəsinin parlamentin qarşıdan gələn 2017-ci ilin payız sessiyası çərçivəsində ilk iclası keçirildi.Etikxeber.az xəbər verir ki, iclası açan komitə sədri Əhliman Əmiraslanov əvvəlcə yaz sessiyası müddətində görülən işlər barədə məlumat verdi.
sahiyya komite

Qeyd edildi ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, 14 məsələnin müzakirəsi olub. Bunlardan 13 qanun layihəsi MM-in plenar iclasına təqdim olunub, müzakirələrdən sonra sənədlər qəbul edilib. Əhliman Əmiraslanov bu qanun layihələrinin çox önəmli sənədlər olduğunu vurğuladı. Bildirdi ki, hesabat dövründə komitənin ünvanına vətəndaşlardan 200-dən artıq ərizə və müraciət daxil olub. Komitə üzvləri müraciətlərdə qeyd olunan məsələlərin həlli üçün əllərindən gələni əsirgəməyiblər. Millət vəkilləri bölgələrdə mütəmadi olaraq seçiciləri ilə görüşlər keçirib, onlara qayğı və problemlərinin həllində lazimi köməkliklər göstəriblər. Komitənin 2017-ci ilin yaz sessiyası dövründə görülən işlər barədə hesabat məqbul hesab edildi.

***

Sonra Ə. Əmiraslanov 2017-ci ilin payız sessiyanın qanunvericilik işləri planı barədə danışdı. Bildirildi ki, Azərbaycanda gözün buynuz qişasının ölkəyə gətirilməsi ilə bağlı problemlər var. Gözün buynuz qışası “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı”na daxil edilib. Gələcəkdə bu transplantlar ölkəmizdə ola bilər. Gözün buynuz qişasının bankını yaratmaq və göz qişasını cəsədlərdən götürmək mümkün ola bilər. Payız sessiyası dövründə bu məsələnin həlli üçün müəyyən işlər görüləcəyi qeyd olundu.

***

Komitə sədri, həmçinin parlamentin payız sessiyası dövründə iki qanun layihəsinin – “Psixoloji yardım haqqında” və “Reproduktiv sağlamlıq haqqında” sənədlərin plenar iclasın gündəliyinə salınacağını diqqətə çatdırdı. Qeyd olundu ki, komitədə “Tibbi optika haqqında” qanun layihəsinin hazırlanması, bununla əlaqədar ictimai dinləmələr nəzərdə tutulur.

Millət vəkilləri Musa Quliyev, Rəşad Mahmudov, Qənirə Paşayeva, Kamilə Əliyeva, Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, İlham Məmmədov, Rafiq Məmmədhəsənov payız sessiyasında komitənin gündəliyinə daxil edilən sənədlər barədə fikirlərini bildirdilər. Qanunvericilik işləri planı yekdilliklə təsdiqləndi.

İclasda “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna dəyişikliklər edilməsi barədə sənədə baxıldı. Qeyd edildi ki, qanuna təklif edilən əlavəyə əsasən, əhalinin sanitariya-epidemioloji sağlamlığının təmin edilməsi sahəsində elmi tədqiqatların qiymətləndirilməsini və əlaqələndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat həyata keçirəcək. Əhalinin sanitariya-epidemioloji sağlamlığının təmin edilməsi sahəsində elmi tədqiqatlar “Elm haqqında” Qanunla müəyyən edilən qaydada həyata keçiriləcək.

Layihə MM-in plenar iclasına tövsiyə olundu.

Etikxeber.az

Read Previous

Əliyev AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul etdi- FOTO- YENİLƏNİB

Read Next

Aşıq Ədalət dünyasını dəyişdi: sabah Bakıda dəfn olunacaq – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir