Gəncənin sonuncu – 16 noyabr Şəhidi-BİR ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN, AİLƏSİ KİRAYƏDƏ YAŞAYAN KİÇİK ÇAVUŞ NATİQ YUSİF OĞLU ƏLİYEV… – FOTOLAR

Natiq Yusif oğlu Əliyev…

22 may 1989-cu il doğumlu…

Əslən Qərbi Azərbaycanlı, özü isə Gəncə şəhərində doğulub boya-başa çatmış Vətən sevdalısı…

Natiq ailənin 3 övladından biri olub…

Orta məktəbi bitirdikdən az sonra hərbi xidmətə, Vətənin keşiyinə yollanıb, Əsgərliyini başa vurduqdan sonra isə ailəsinə, evinə dönüb…

2015-ci ildən 2021-ci ilin 16 noyabrınacan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE), Kiçik çavuş kimi fəaliyyət göstərib…

2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub…

2021-cı ilin noyabr ayının 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

16 noyabr tarixində Vətən yolunda canını fəda edən 7 İgidimizdən, Qəhrəmanımızdan biri olub…

Nəşi bir gün sonra, 17 noyabr tarixində Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunub…

Natiq həm də ailəli olub…

2018-ci ildə kollec-texnikum təhsilli Gülnar Qəzənfər qızı Əliyeva ilə ailə həyatı qurub…

Və 2020-ci ildə Zeynəb adlı qızları dünyaya və Vətənə əmanət övladı hazırda bir yaş yeddi aylıqdır…

Dünyadan, olanlardan-bitənlərdən hələ bixəbər balaca, məsum Zeynəb…

Atasının torpağı sanı yaşasın, ruhu köməyi olsun!

***

Bu gün, axşam saatlarında Şəhidimizin həm məzarını, həm də ailəsini ziyarət etmək üçün Gəncə şəhərinə getmişdim və bir az olar ki, Gəncədən qayıtmışam…

Öncə Şəhidimizin Gəncə şəhər Şəhidlər Xiyabanındakı məzarını ziyarət, ruhuna dualar etdim…

Sonra Şəhidimizin ailəsinin kirayə qaldığı, yaşadığı mənzilə üz tutdum…

Natiqin xanımı Gülnarla, balaca Zeynəbi, qayınatası Qəzənfər kişi və qayınanası Əzət xanımla görüşdüm…

Onlara bir daha başsağlığı verdim, bir daha onlara Allahdan səbr dilədim, bir daha “Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun!”-dedim…

Şəhidimizin ailə üzvləri ilə (onu da qeyd edim ki, Natiq Əliyevin xanımı, qayınanası və qayınatası yerlilərim, kəndçilərim, həm də qohumlarımdır) bir xeyli söhbətləşdim, dərdləşdim…

Qeyd etdiyim kimi, Şəhidimizin ailəsi hələ də kirayədə yaşayır…

Və eyni zamanda qeyd edim ki, ailəsi-xanımı artıq Gəncədə mənzil qeydiyyatına-növbəsinə alınıb…

Və tezliklə mənzillə təmin olunacaqları günü gözləyir…

Ona görə çox istərdim və arzu edərdim ki, Şəhidimizin artıq 3 aydır başsız qalmış ailəsi-xanımı və Vətənə əmanət körpəsi tezliklə mənzillə təmin olunsun…

Bununla həm Şəhidimizin ruhu sevindirilmiş, həm də ailəsi dəstəklənmiş, sahiblənmiş olar.

Allah Şəhidimizin Dərgahını bir daha mübarək etsin, bir daha ailəsinə səbr və dözüm versin!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

NATO-nun xarici işlər nazirlərinin Ukraynadakı vəziyyətlə bağlı-İCLASI KEÇİRİLƏCƏK

Read Next

“Əsas olan mülki əhalinin bombalanmasını dayandırmaq və sonra danışıqlar masasına oturmaqdır”-ZELENSKİDƏN NÖVBƏTİ BƏYANAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir