“Gənclərimizi, insanlarımızı zərərli təsirlərdən uzaqlaşdırmaq, qorumaq üçün Yasəvi irsinin öyrənilməsinə, aşılanmasına, təbliğatına ciddi ehtiyac var…Yasəvi irsini öyrənənlərin, əxz edənlərin gözü orada-burada olmaz…”-QƏNİRƏ PAŞAYEVA – FOTOLAR – YENİLƏNİB

Bu gün axşam saatlarına yaxın Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi və Milli Məclisin (MM) Mədəniyyət komitəsinin dəstəyi ilə “Yasəvidən başlayan kamillik yolu” adlı ədəbi-bədii gecə keçirilib.

Gecədə eyni zamanda, Yasəvinin “Divani-Hikmət”inin Azərbaycan türkcəsinə ilk kamil tərcüməsinin təqdimatı olub.

Etikxeber.az-ın xəbərinə görə, MM-in Mədəniyyət komitəsinin sədri, professor Qənirə Paşayeva bildirib ki, Əhməd Yasəvi Türk milləti və Türk Dünyasını birləşdirən ali dəyərdir.

Onun sözlərinə görə, Yasəvi mənəvi kamilliyə aparan yolun ən nümunəvi örnəklərindən biridir.

“Yasəvi yolu cəhalətə, qaranlığa gedən yol deyil, bu yol inkişafa, işığa, kamilliyə, qardaşlığa, sevgiyə aparan yoldur. Bu gün Yasəvi irsinin öyrədilməsinə, təbliğatına ciddi ehtiyac var, xüsusilə, gənclərimiz arasında. Ona görə ki, Yasəvi irsi, Yasəvinin əsərləri İslam dininin ali dəyərlərini ən oxunaqlı, ən anlaqlı və ən anlayşlı bir dillə insanlara çatdırır. Bir çox hallarda bizə, gənclərimizə sırınmağa çalışılan “dəyərlər”in heç birinin İslama aidiyyatı yoxdur.

Çox təəssüflər olsun ki, bu gün bəziləri “Qum”un, bəziləri isə vəhabilərin təsiri altındadır. Yasəvilikdə isə məzhəbçilik, ayrımçılıq yoxdur. Odur ki, gənclərimizi, insanlarımızı zərərli təsirlərdən uzaqlaşdırmaq, qorumaq üçün Yasəvi irsinin öyrənilməsinə, aşılanmasına, təbliğatına ciddi ehtiyac var. Yasəvi irsini öyrənənlərin, əxz edənlərin gözü orada-burada olmaz. Ümumiyyətlə, Yasəvi irsini mənimsəyənlərdən pis insan olmaz”-deyə, Q. Paşayeva bildirib.

Bu baxımdan, komitə sədri layihə rəhbəri olduğu “Divani-Hikmət”in Azərbaycan türkcəsinə tərcüməsinin Mədəniyyət Nazirliyinin köməyi, xətti ilə baş tutduğunu və artıq kitabxanlara paylanıldığını bildirib.

Komitə sədri bununla belə, “Divani-Hikmət”in Azərbaycan dilinə tərcüməsinin daha çox sayda çap olunmasının və insanlara, gənclərə əlçatan olmasının vacibliyini dilə gətirib.

Əbədi-bədii gecədə çıxışlardan sonra söz sənətçilərə verilib.

Sənətçilərdən aşıq İlham Əsgəroğlu, Həlimət Məmmədova, Əməkdar artist, xanəndə Nuriyyə Hüseynova çıxış edib və gecəyə xüsusi gözəllik, rəng qatıblar.

Onların çıxışları gur alqışlarla qarşılanıb.

18:45

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 11 yeni-YOLUXMA…

Read Next

Bakıda sıxlıq olan yollar-AÇIQLANDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir