“30 yaşın tamam olsa da, sən həmişə mənim üçün elə 24 yaşında qalacaqsan…”-Şəhid anası Fəxriyyə Ələkbərova – Goranboy rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi-KƏNAN ƏLƏKBƏRLİNİN CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜNDƏ, 30 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, ADINA EHSAN SÜFRƏSİ AÇILDI – FOTOLAR – YENİLƏNİB – (1)

Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən Kənan Müşfiq oğlu Ələkbərlinin doğum günüdür.

Kənan Ələkbərlinin bu gün-15 may 2026-cı il tarixində 30 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Kənan Ələkbərli 1996-cı ilin may ayının 15-də Goranboy rayonunun Qızılhacılı qəsəbəsində-sadə bir ailədə dünyaya gəlib.

Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı olub.

Hər iki bacısı ailəlidir.

Kiçik bacısının övladı Onun-Kənanın adını daşıyır.

Kənanın özü isə nişanlı olub.

Atası Müşfiq Ələkbərov Birinci Qarabağ Savaşının iştirakçılarındandır.

Əmisi Cabbar Ziyəddin oğlu Ələkbərov isə Birinci Qarabağ Savaşının Şəhidlərindəndir.

O, 1994-cü ilin qışında-yanvar ayında Ağdərə (Akop-Kamari) istiqamətində qanlı döyüşlərdə qəhrəmancasına Şəhidlik Zirvəsinə ucalıb.

Ancaq 32 il keçsə də, hələ də nəşi tapılmayıb, itkin-məzarsız Şəhidlərimizdındir.

Cabbar texnikum təhsilli və subay olub.

Kənan 2002-2013-cü illərdə Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbində oxuyub.

Məktəbi bitirdikdən bir müddət sonra, 2014-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb.

İkinci Vətən Müharibəsinin ilk günlərindən isə döyüşlərdə olub.

Oktyabr ayının 10-da Tərtər-Ağdərə-Suqovuşan istiqamətində ağır döyüşlərdən birində Şəhid olub və oktyabrın 11-də nəşi Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Ancaq ailəsi Kənanın ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

Qızılhacılıda adını daşıyan küçə var.

Qeyd edək ki, Kənanın yaxın dostu və sinif yoldaşı İlkin Səfail oğlu Vəliyev də İkinci Vətən Müharibəsinin Şəhididir.

İlkin Kənandan 15 gün sonra Şəhidlik məqamına yüksəlib və torpağa tapşırılıb.

***

Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığında yerləşən Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar olunub, “Quran” oxunub.

Ailəsinə, valideynləri-anası Fəxriyyə xanıma və atası Müşfiq Ələkbərova, doğmalarına Allahdan səbr və dözüm arzulanıb.

Cənnətdəki altıncı doğum günü, 30 yaşı təbrik edilib.

Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Anası Fəxriyyə xanımın göz yaşları içində dediklərindən:

“Bu gün 30 yaşın tamam olsa da, sən həmişə mənim üçün elə 24 yaşında qalacaqsan…Axşamdan bu tərəfə öz-özümə deyirəm ki, görəsən, balam qocalıbmı, balam yaşlanıbmı, balamın saçları necədir, ağarıbmı?…Heç olmasa, bir saatlıq, bir günlük gələrdin, görərdim səni, qoxlayardım, doyunca öpərdim, bağrıma basardım…Amma gəlmirsən, ananı gözləri yaşlı qoyursan…”

Məzarını ziyarətdən sonra isə ailəsinin yaşadığı evdə adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.

Onu da qeyd edək ki,Şəhidin məzarını ziyarətdə və adına təşkil edilən ehsan süfrəsində ailə üzvləri, Şəhid ailələri, müəllim və şagirdlər, din xadimləri və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində yatsın!

13:01

***

FOTOLAR:

***

13:35

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı-SİYAHI

Read Next

“Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək…”-İlham Əliyev Qazaxıstanda Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə-İŞTİRAK VƏ ÇIXIŞ ETDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir