Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboyun rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Səməd Füzuli oğlu Rzayevin Cənnətdəki altıncı doğum günü, 31 yaşının tamam olması ilə bağlı bu gün səhər saatlarında Səfikürd qəbiristanlığında yerləşən Şəhidlər məzarlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.
Ailəsinə-anası Zərqələm Kazımova və tək qardaşı Bəxtiyar Rzayevə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki altıncı doğum günü təbrik olunub.
Şəhidin anası Zərqələm xanımın göz yaşları içində dediklərindən:
“Sən mənim tək oğlum deyildin, sən həm də mənim dostum, sirdaşım, qardaşım, arxa-dayağım idin…Tək səni yox, həm də dostumu, sirdaşımı, söhbət yoldaşımı itirdim…Niyə mənə, niyə anana qıydın, gözləri yaşlı qoyub getdin, niyə?…Sənsiz bilirsən nə qədər çətindir mənə?…”
Məzarını ziyarətdən sonra isə ailəsinin yaşadığı evdə-ata ocağında adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib.
Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və ehsan süfrəsində ailə üzvləri, doğmaları, Goranboy, Naftalan və Bərdəli Şəhid ailələri, Qazilər, din xadimləri, məktəblilər, kəndin məsul şəxsləri iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Goranboy rayonunun Tatarlı kəndindən olan Səməd Rzayev 1995-ci ilin 19 aprel tarixində sadə bir ailədə dünyaya gəlib.
Ailənin 3 övladından, 2 qardaşdan biri olub.
Tək qardaşı Bəxtiyar hazırda ailəli, bir qız atasıdır və qızı mərhum bacısının-Əfsanənin adını daşıyır.
İllər öncə-2010-cu ildə atasını itirib, anası Zərqələm Kazımova onlara həm analıq, həm də atalıq edib.
Səməd Rzayev orta məktəbi bitirdikdən və hərbi xidmətini başa vurduqdan bir müddət sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsində hərbçi-MAXE kimi iştirak edib.
Müharibənin, qanlı döyüşlərin 3-cü günündə, sentyabrın 29-da qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşini uzun müddət əldə etmək mümkün olmayıb.
Yalnız iki ay bir gündən sonra nəşi əldə edilib və noyabr ayının 30-da Səfikürd qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
Anası Zərqələm xanım isə övladının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
Səmədin Əbədiyyətə uğurlanmasından bir il keçməmiş tək və ailəli bacısı Əfsanə uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Bir ilin içində Rzayevlər ailəsi, Zərqələm xanım iki itki, iki acı, iki faciə yaşayıb.
Eyni zamanda, Şəhidin dayısının biri Birinci Qarabağ Savaşı Şəhidi, biri isə Birinci Vətən Müharibəsi Qazisi olub.
Səməd həm də Səfikürd-Tatarlının 8 İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
Tatarlı kəndində adını daşıyan küçə var.
Səməd eyni zamanda, subay olub.
Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!
Nur içində yatsın!
13:07
***
FOTOLAR:








14:55
***



Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





