Goranboylu Şəhid anası Lətafət Qurbanova ölkə Prezidentinə müraciət etdi: “İSTƏYİRƏM Kİ, TƏK OĞLUMUN-FARİZİMİN ORDEN HAQQI TANINSIN”

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yaşayan Şəhid anası Lətafət Sədi qızı Qurbanova ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Milli Məclisin (MM) sədri Sahibə Qafarovaya, Azərbaycan Prezidentinin köməkçisi, general-polkovnik Məhərrəm Əliyevə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə, Müdafiə naziri, general-polkovnik Zakir Həsənova və MM-in Mədəniyyət komitəsinin sədri, professor Qənirə Paşayevaya müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Lətafət Sədi qızı Qurbanova Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin ilk iki İkinci Vətən Müharibəsi Şəhidindən biri Fariz Məhəmməd oğlu Qurbanovun anasıyam. Oğlum Fariz Qurbanov İkinci Qarabağ Savaşının ilk Şəhidlərindəndir. Fariz mənim iki övladımdan biri-tək və subay oğlum idi. Arxam-dayağım, döyünən ürəyim idi, onunla nəfəs alırdım. Övladım MAXE-kəşfiyyatçı idi və İkinci Vətən Müharibəsinin elə ilk günündə-sentyabrın 27-də Tərtər-Ağdərə istiqamətində qanlı döyüşlərdə canını Vətəni uğrunda fəda etdi, qəhrəmancasına Şəhidlik məqamına ucaldı.

Tək oğlumu itirdim, belim qırım, arxa-dayağım getdi, nəfəsim kəsildi. Oğlum-Farizim Şəhid olan gündən yaxşı olmayan səhhətim (həm də həyat yoldaşımın-atasının) daha da pisləşdi. Şəkərdən, qan təzyiqindən əziyyət çəkirəm, bir neçə dəfə komaya düşmüşəm. Mən yaşadım, biz yaşadıq, amma kimsə yaşamasın, kimsə övlad acısı dadmasın! Allah heç kimi balası ilə sınağa çəkməsin!

Övlad, tək oğul itkisi nə qədər ağır, əzablı və dəhşətli olsa da, övladımla-Farizimlə Fəxr edir, Qürur duyuram. Fəxr edir və Qürur duyuram ki, Fariz kimi Oğulun, Qəhrəmanın, İgidin anasıyam. Onu da deyim ki, Şəhidliyindən sonra övladım Ali Baş Komandan kimi Sizin müvafiq sərəncamlarınızla üç medalla təltif olunub. Buna görə Sizə minnətdarlığımı bildirirəm. Bununla belə, qeyd etmək istəyirəm ki, övladım bir neçə dəfə (bizə verilən məlumata görə) ordenə-hətta “Azərbaycan Bayrağı” ordeninə təqdim olunub. Amma çox təəssüflər olsun ki, övladım bugünə kimi hələ də ordenlə təltif olunmayıb. Bu isə bir Şəhid anası, bir Şəhid ailəsi kimi bizi çox üzür, çox məyus edir”.

Müraciətdə sonra qeyd olunur:

“Çox hörmətli İlham Heydəroğlu!

Sizdən Yaralı və Dərdli, həm də Məğrur, Dik duruşlu Şəhid anası kimi xahiş edirəm ki, qarşıdan gələn 26 iyun-Milli Ordu Günü ilə bağlı övladımı ali ordenlərimizdən biri ilə təltif edəsiniz. Orden balamın-tək oğlumun Haqqıdır və ona görə istəyirəm ki, Haqqı tanınsın. İnanıram və əminəm ki, belə də olacaq, müraciətim nəzərə alınacaq, oğlumun orden Haqqı tanıncaq. Bununla həm Şəhid balamın ruhu sevindirilmiş, huzur tapmış olacaq, həm də bir Şəhid anası, bir Şəhid ailəsi kimi bizə təsəlli, təskinlik verilmiş olacaq.

Öncədən də Sizə minnətdarlıq və təşəkkürlərimi bildirirəm. Allah Sizi, Qalib Azərbaycanımız, Rəşadətli Orumuzu qorusun!”

Etikxeber.az

Read Previous

“ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir və…”-ABŞ DÖVLƏT DEPARTAMENTİ

Read Next

“Vüsal axırıncı dəfə oktyabrın 3-də anamla danışmış və ondan halallıq istəmişdi…”-İSMAYILLILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, EVİN-AİLƏNİN TƏK OĞLU, MAXE VÜSAL DƏMİROVUN BACISI VÜSALƏ DƏMİROVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir