Görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiya yaradılır – QƏRAR

Nazirlər Kabineti görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında qərar qəbul edib.

Etikxeber.az xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Komissiyanın sədri Baş nazirin müavini, Komissiyanın katibi Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinin müdiri təyin edilib.

Komissiyanın üzvləri: müdafiə nazirinin müavini, daxili işlər nazirinin müavini, mədəniyyət nazirinin müavini, gənclər və idman nazirinin müavini, təhsil nazirinin müavini, səhiyyə nazirinin müavini, maliyyə nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Əmlak Məsələləri, Dövlət Komitəsi sədrinin müavini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini, Dövlət Turizm Agentliyi sədrinin müavini, Milli Arxiv İdarəsi rəisinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının vitse prezidenti, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunublar.

Qərara əsasən dövlət müəssisələrinin, təşkilatlarının, idarələrinin və digər obyektlərin adlarının dəyişdirilməsi, onlara görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin adlarının verilməsi ilə əlaqədar daxil olmuş təkliflər və Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında qaldırılmış vəsatətlər Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılacaq və nəticəsi barədə arayışla birlikdə baxılması üçün bu Qərarın 1-ci hissəsi ilə yaradılan Komissiyaya təqdim ediləcək. Bu Qərardan irəli gələn digər məsələlər “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanına əsasən həll edilir.

Nazirlər Kabinetinin “Şəhidlərin adının əbədiləşdirilməsi ilə əlaqədar komissiyanın yaradılması haqqında” 1995-ci il 10 yanvar tarixli 5 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhidlərin adının əbədiləşdirilməsi ilə əlaqədar komissiyanın yaradılması haqqında” 1995-ci il 10 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” 1995-ci il 10 avqust tarixli 181 nömrəli qərarları ləğv edilib.

Etikxeber.az

Read Previous

“Belə xalqla, belə qardaşlarla Qarabağı mütləq qaytaracağıq”- MEHRİBAN ƏLİYEVA- FOTOLAR- YENİLƏNİB

Read Next

Millət vəkili baş planın təsdiqlənməsindən danışdı və dedi ki…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir