Gözlə Göyçəm, dönəcəyik!-MİLLƏT VƏKİLİ YAZDI

Bir neçə gün öncə Fransanın Ermənistandakı səfiri Conatan Lakot eyham vururdu ki, KTMT-dən çıxarsa, onda ölkəsi “kiçik bacı” adlandırdıqlarına hər cür hərbi yardım edəcək.

Xatırladaq ki, Lakotdan təqribən 3 ay qabaq aprelin sonlarında ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi də oxşar açıqlamada bulunmuşdu.

Xanım Treysi demişdi ki, Ermənistanın KTMT üzvü olması səbəbindən Vaşinqton haylara gərəkən hərbi yardımı göstərə bilmir.

Yəni ki bizdən dəstək umursunuzsa, KTMT-dən çıxın demək idi, hər iki səfirin açıqlaması.Dünən də ABŞ səfiri Göyçənin Kəlbəcərlə sərhəd kəndlərini gəzirdi. Düzdür, o, Fransandan olan kolleqası kimi makroncasına danışmadı. Amma xanım Treysinin mənim doğulduğum Basarkeçərə getməsi təkcə vəziyyətlə tanışlıq deyildi, həm də sərhəddə ard-arda təxribat törədərək savaşın bitmədiyi, özlərinin də təslim olmadıqları görüntüsü yaradanlara örtülü dəstək idi.

Və göstərmək idi ki, baxın, KTMT-sinə qoşulduğunuz Rusiyadan daha çox bizim sizə canımız yanır. Kim bilir, ola da bilsin, əlaltdan Ermənistandakı parabaş rejimə deyilir ki, Rusiyanı gözdən salmaq, KTMT üzvülüyündən imtinaya əsas yaratmaq üçün sərhəddə vəziyyəti daha da gərginləşdirmək lazımdır.

Bəlkə də o səbəbdən Linn Treysi Göyçəni tərk etməmiş sərhəddə atışma intensivləşərək daha da qanlı xarakter aldı.Burada bir haşiyə çıxaraq deyim ki, ABŞ səfirinin Basarkeçər rayonuna səfər etdiyini eşidəndə istədim ona açıq məktub yazaraq oranın Ermənistana necə verildiyindən xəbəri olub-olmadığını soruşum. Onu da soruşum ki, o, uzaq Amerikadan basa-basa mənim dədə-baba yurduma gəldiyi halda nədən mən ora gedə bilmirəm.

Bizim kənddəki dağıdılmış qəbiristanlıq və evləri görəndə xanım səfir öz sivilizasiyaları və “sivilizasiyalarının bir parçası” olan haylar haqda nə düşünür? Amma yazmadım, təcrübə göstərir ki, onlara bu sual ancaq və ancaq sən özün o torpaqlara qayıtdıqdan sonra veriləndə daha yerində səslənir o səbəbdən.Bilirsiniz, kor-kor, gör-gör, ABŞ-ın da, Fransanın da Ermənistandakı səfirləri Qarabağın dağlıq hissəsindəki haylara hansısa statusun verilməsindən bəhs etdikləri halda BMT-nin 4 qətnaməsi kimi nədənsə biz azərbaycanlıların da öz torpaqlarımıza dönmək və ən azından oranı ziyarət haqqımızın olduğunu unudurlar.

Onu da unudurlar ki, Ermənistandakı parabaş rejimi revanşizmə həvəsləndirib sərhəddə gərginlik yaratmaqla Rusiyanı gözdən salsalar da, nə onu oyuna cəlb edib Azərbaycan və Türkiyə ilə toqquşdurmaq mümkündür, nə də Moskva forposta KTMT-dən çıxmağa izn verəsidir.

Həmsədrlərin bu yolla keçmiş yetkilərini özlərinə qaytarmaları da baş tutan deyil.

Qatar artıq gedib, həm də statusun üstündən keçərək gedib.

Bütün bu cəhdlər olsa-olsa azərbaycanlıların öz dədə-baba torpaqlarına dönüşlərini tezləşdirə bilər.

Gözlə Göyçəm, dönəcəyik!

Sahib ALIYEV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Bəzi rayonlarda intensiv yağış yağacaq-DOLU DÜŞƏCƏK

Read Next

Kəlbəcər və Laçında yol tikintisi üçün 10 milyon manat ayrıldı-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir