GUAM PA-da Ermənistanın işğalçılıq siyasəti pislənildi…

Kiyevdə GUAM Parlament Assambleyasının plenar sessiyası çərçivəsində komitə iclasları keçirilib.

Etikxeber.az xəbər verir ki, GUAM PA-nın Elm, mədəniyyət, təhsil və idman məsələləri komitəsinin iclasında çıxış edən Milli Məclisin (MM)  bu qurumdakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli Azərbaycanın 2013-cü ildə təhsilin inkişafına dair Dövlət Strategiyasını qəbul etdiyini və bu sahədə bir sıra islahatlar apardığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, GUAM-a üzv dövlətlərinin təhsil sahəsində normativ-hüquqi aktları uyğunlaşdırılmalıdır və gələcəkdə bu qurumun üzv ölkələrinin ali məktəblərinin diplomlarının qarşılıqlı tanınması perspektivinə baxmaq olar.

Gürcüstan komitənin 2020-ci il üçün sədrliyini Moldovaya təqdim edib.

GUAM PA-nın Ticarət-iqtisadi məsələlər üzrə komitəsinin iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Əli Məsimlinin “GUAM-a üzv ölkələri arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı” adlı məruzəsi dinlənilib.

Ə.Məsimli məruzədə qeyd edib ki, quruma üzv ölkələrin arasında gömrük, nəqliyyat, logistika və enerji sahəsində birgə layihələrin həyata keçirilməsi intensivləşdirilməlidir.

GUAM-a üzv olan ölkələr Azərbaycanın hesabatında qeyd olunan məsələləri dəstəkləyib.

Komitənin 2020-ci il üçün sədrliyi Gürcüstana keçib.

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə bu günə kimi icra edilmir”.

Bunu isə A. Kərimli GUAM PA-nın Siyasi məsələlər və regional təhlükəsizlik komitəsinin iclasında çıxışı zaman söyləyib.

Deputat bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində Dağlıq Qarabağ problemi hələ də öz ədalətli həllini tapmır. Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü qeyd edən A.Kərimli vurğulayıb ki, münaqişə ilə bağlı mövcud status-kvo bu cür davam edə bilməz.

Çıxış zamanı Ermənistanın işğalçılıq siyasəti pislənilib.

Ukrayna tərəfi isə GUAM-a üzv ölkələrin kibertəhlükəsizliyi üçün xüsusi bir mərkəzin yaradılmasını vacib sayıb.

İclasda, həmçinin bu sahədə müzakirələrin aparılması və qərarların verilməsi üçün mərkəzin yaradılmasında GUAM+ formatının cəlb edilməsinin vacibliyi vurğulanıb.

Etikxeber.az

Read Previous

UEFA Çempionlar Liqasının beşinci turunun ilk oyun günü – NƏTİCƏLƏR

Read Next

“BDU Azərbaycan tarixinin özüdür…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir