Güclü orduya malik olan Azərbaycanı Türkiyə və Gürcüstan da dəstəkləyir – KOMİTƏ SƏDRİ

Səməd Seyidov: Ölkəmizə qarşı hələ də ikili standartlar mövcuddur

Biz parlament komitəsi olaraq dövlət başçısının bütün sahələrdə apardığı siyasətə dəstək veririk, vermişik və verəcəyik.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov adıçəkilən komitənin parlamentin qarşıdan gələn payız sessiyası ilə bağlı sentyabrın 14-də keçirilən ilk iclasında deyib.

O, qeyd edib ki, ölkə prezidenti İlham Əliyev tərəfindən çox uğurlu daxili və xarici siyasət kursu həyata keçirilir:

“Düzdür, ölkəmizə qarşı ikili standartrlar da mövcuddur, bəzi dairələr tərəfindən müəyyən pozuculuq cəhdləri, ədalətsizliklər olur, amma bunların hamısının da qarşısı alınır. Bu cəhdlərə baxmayaraq, Azərbayacanın beynəlxalq aləmdə nüfuzu günü-gündən güclənir. Azərbaycanın apardığı işlər təqdir olunur, haqq səsimiz eşidilir. Bunlar da təbii ki, dövlət başçısının apardığı siyasətin birbaşa nəticəsidir. Biz də parlament komitəsi olaraq, dövlət başçımızın bu istiqamətdəki siyasətinə hər zaman dəstək vermişik və verəcəyik”.

***

samad-metbuat kon-foto

Sonra iclasda “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sərhəd münmayəndələrin/ sərhəd komissarlarının  fəaliyyəti haqqında” sazişlərin təsdiq edilməsini nəzərdə tutan qanun layihələri müzakirə olunub.

Komitə sədri hər iki sazişin çox mühüm əhəmiyyət kəsb etdiyini bildirərək, qeyd edib ki, bu gün Azərbaycan Ordusu regionun və dünyanın ən güclü ordularındandır:

“Azərbaycanda ordu quruculuğuna böyük diqqət yetirilir, ordumuz hər gün daha da güclənir. İndi isə Azərbaycan qardaş Türkiyə və dost, qonşu Gürcüstan ilə müdafiə  məsələləri sahəsində əməkdaşlığı genişləndirir. Bu sazişlər də məhz əməkdaşlığın gücləndirilməsi, genişləndirilməsi istiqamətində atılan ən mühüm addımlardandır. Güclü orduya malik olan Azərbaycanı Türkiyə və Gürcüstan da dəstəkləyir. Bu, Azərbaycan üçün çox vacib və əhəmiyyətlidir”.

Komitə sədri, ümumiyyətlə, Türkiyəylə münasibətlərə daha böyük və daha fərqli münasibət nümayiş etdirilməsinin vacibliyini də dilə gətirib:

“Çünki bu iki qardaş ölkənin xalqları dil, din, kök etibarı ilə bir-birilərinə sıx bağlıdırlar. Eyni dili, eyni dini, eyni adət-ənənələri bölüşürlər. Ona görə də Türkiyəylə-Azərbaycan münasibətləri daim fərqli nəzərdə tutulmalıdır, o, başqaları ilə qarışdırılmamalıdır. Biz Türkiyəylə əlaqələri, əməkdaşlığı daha da artırmalı və gücləndirməliyik”.

“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sərhəd münmayəndələrin/ sərhəd komissarlarının  fəaliyyəti haqqında” Sazişə toxunan millət vəkili Nəsimi Məhməliyev isə adıçəkilən məsələ ilə bağlı bəzi məqamların hələ də dəqiqləşdirməyə ehtiyac olduğunu bildirib. O, xüsusilə, sərhəd komissarları məsələsinin daha dəiqiq müəyyənləşdirilməsinin vacibliyini dilə gətirib.

Buna cavabında S. Seyidov məlum Sazişdə hər şeyin açıq yazıldığını və bütün məsələlərin həmin Sazişin müddəaları ilə tənzimlənəcəyini bildirib

Qısa müzakirələrdən sonra hər iki saziş ratifikasiya olunması üçün payız sessiyasının plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

Read Previous

Ordumuz Ermənistan hərbi qruplaşmalarının darmadağın edilməsi tapşırıqlarını yerinə yetirəcək – ƏMR

Read Next

Səməd Seyidovdan Ermənistanın AŞPA-dakı nümayəndə heyətinə cavab özünü çox gözlətmədi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir