Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tanıdığım təxminən son dörd ildə və elə ilk gündən Onu Güclü, Əyilməz, Məğrur, Dik duruşlu görmüşəm…
Bu acımasız həyatda, bu fani dünyada yaşadığı, “daddığı” bütün Dərdlərə, Acılara, çətinliklərə rəğmən…
Heç Şəhidindən də öncə günü, həyatı çılçıraqban olmayıb, keçməyib…
Düzdür, üç balası yanında, gözünün qabağında olub, elə təsəllisi də, xoşbəxtliyi də onlar olub…
Amma şəraitsiz…ata evində, xəstə, qoca ana, qohum-qardaş…yanında balalarını minbir çətinliklərlə, əzablarla böyüdüb…
Və günlərin birində o üç balasından birini itirib, balasını Vətən yolunda Şəhid verib, həyatı bir daha alt-üst olub…
Və həyatın, taleyin işinə… bax ki, hər üç övladı Vətənin keşiyində, müdafiəsində dayanıb eyni anda…
Bir Şəhadətə ucalıb, bir Qazi olub, biri də Əsgər kimi düşmənlə üz-üzə dayanıb…
Və yenə də təsəllisi Uca Şəhid adı və iki balasıdır…
…O, həm də göz yaşlarını belə içinə, ürəyinə axıdıb çox zaman…
Göz yaşlarını belə hər kəsdən gizlədib…
Gülümsəməyə, insanlara neqativlik ötürməməyə çalışıb…
Amma…
Dünən-1 sentyabr 2024-cü il tarixində Kürdəmirli Şəhid Əli balamızın mövludunda Onu bir qədər fərqli gördüm…
Artıq göz yaşlarını, acısını nə qədər çalışsa da, gizlədə bilmirdi…
Sanki yumağa dönmüşdü…
Üzündə, gözlərində, çöhrəsində, çiyinlərində ağır bir yük vardı…
Bəli, övlad, oğul…dərdi dəhşətlidir, əzablıdır, dözülməzdir, başqa dərdlərlə ölçülə bilməz…
İstər-istəməz bir andaca hər şeyini…əlindən alır…
Güclüykən gücsüzə…çevirir…
Allah erməniyə, onları bizim üzərimizə saldıranlara…, Anaları, Ataları, Gəlinləri, Uşaqları…göz yaşları içində qoyanlara milyon kərə lənət etsin!!!
Allah hər bir Şəhid Anasına, Şəhidinə dəyər verən, Şəhidini Uca tutan hər bir Anaya sonsuz səbr və dözüm, güc və qüvvət versin, içində də hər zaman Güclü gördüyüm Simuzər Anaya, Şəhid Cəmil balamızın, Cəmil Həşimlinin Anası Simuzər Bacıma!
Amin!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az saytının rəhbəri