“Günəşli” yatağındakı faciədə həlak olmuş neftçilərin xatirəsi əbədiləşdirildi

2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 və “Neft Daşları”ndakı 501 saylı dəniz özüllərində təbii fəlakət nəticəsində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çilov adasında ucaldılmış abidənin açılış mərasimi olub.

SOCAR-dan Etikxeber.az-a verilən məlumata görə, mərasimdə çoxsaylı neftçilər, Pirallahı rayonu rəhbərliyi, faciə qurbanlarının doğmaları, ictimaiyyət nümayəndələri, Çilov adasının sakinləri iştirak ediblər.

Həlak olan neftçilərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

“Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov tədbiri açaraq qəzasının bütün Azərbaycan xalqını sarsıtmasından danışıb, qəza zamanı həyatlarını itirmiş neftçilərin il mərasimlərinin keçirilməsi üçün görülən tədbirlərdən söz açıb.

Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev təbiətin amansız qüvvələri ilə qeyri-bərabər mübarizədə canlarını qurban vermiş neftçilərin adının Azərbaycan neft sənayesi tarixinə əbədilik həkk olunduğunu deyib, dəniz neftçilərinin əmək fəaliyyəti zamanı daim təhlükələrlə üzləşdiklərindən danışıb: “Təcrübəmdən bilirəm ki, neftçilərin əməyinin ikiqat qəhrəmanlıq olması gəlişigözəl söz deyil, bir həqiqətdir! Çünki dənizdə neftçinin hər günü mərdlik, igidlik, rəşadət nümunəsidir”.

1957-ci ildə 21 nəfər, 2015-ci ildə 30 nəfər neftçinin dənizdə həmişəlik qərq olduqlarını xatırladan SOCAR prezidenti Xəzərin neftçi ruhunu, neftçi əzmini sındıra bilmədiyini vurğulayıb, qeyd edib ki, Azərbaycan neftçisi bütün çətinliklər üzərində qələbə çalır, təbii fəlakətlər qarşısında bu gün də geri çəkilmir. R. Abdullayev 4 dekabr faciəsinin bütün neftçilərin, xüsusilə dəniz neftçilərinin ümumi kədəri olduğunu söyləyib: “Amma biz nikbinik. Nikbinik ona görə ki, bizim yoldaşlarımız, silahdaşlarımız Vətənin rifahı üçün çalışıb, şərəflə yaşadılar, adlarını Azərbaycanın qəhrəmanlıq tarixinə yazdılar”.

SOCAR-ın prezidenti çıxışını bu sözlərlə bitirib: “Neftçilərimizin xatirəsi hamımız üçün əzizdir, doğmadır. Bu gün açdığımız bu abidə də onların ruhu qarşısında bizim vəfa borcumuzdur. Bu abidə bizim and yerimiz, ziyarət yerimiz olacaqdır”.

Sonra Çilov adasındakı 301 saylı məktəbin şagirdləri tərəfindən dəniz neftçilərinin əməyini tərənnüm edən bədii kompozisiya təqdim olunub.

Pirallahı rayon İcra hakimiyyətiin başçısı Vasif İmanov 4 dekabr faciəsi zamanı həyatlarını itirmiş neftçilərə rəhmət diləyib, onların doğmalarına və bütün neftçilərə xoş günlər arzulayıb. Pirallahı rayonunun neftçilər rayonu olduğunu bildirən başçı bu rayona göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Azərbaycan dövlətinin “Günəşli”dəki qəzada həlak olanların ailələrinə daim dəstək olduğunu söyləyən 4 dekabr hadisəsinin iştirakçısı Allahverdi Məmmədov deyib: “Biz xəstəxanada olanda da, sonralar da arxamızda dövlətimizin və şirkətimizin dəstəyini hiss etdik. Dünyasını dəyişmiş yoldaşlarımın ailə üzvləri bu qayğını hər gün hiss edirlər”.

Hadisənin digər iştirakçısı Mahal Yusifov bir il əvvəl “Günəşli”də baş vermiş qəzanı və itirdiyi iş yoldaşlarını hər gün xatırladığını bildirib: “Onlar Vətənin qüdrətinin möhkəmlənməsi uğrunda canlarını qurban verdilər. Vətən sağ olsun, dövlətimiz sağ olsun”.

Həlak olmuş neftçilərin ailə üzvləri adından İman Qasımovun qardaşı Rafiq Qasımov çıxış edərək, 4 dekabr qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin əhəmiyyətindən danışıb, bu möhtəşəm abidənin ucaldılmasına görə təşəkkürünü bildirib.
Sonda SOCAR-ın prezidenti və mərasim iştirakçıları 1997-ci ildə helikopter qəzası nəticəsində həlak olmuş neftçilərin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

neftci-4-dekabr

Etikxeber.az

Read Previous

Nazirlik: Vətəndaşlara 26 elektron xidmət göstərilir

Read Next

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir