“Gün gələcək qanlı qatillər-sarkiyanlar, koçaryanlar, ohanyanlar, digər “yanlar” və onların havadarları ədalət mühakiməsi qarşısında sorğulanmalı və cinayətlərinə görə, cavab verməli olacaqlar”-ZİYAD SƏMƏDZADƏ YAZIR – (ÜÇÜNCÜ-SONUNCU YAZIR)

20-ci ərsin Holokostu, Xatını-Xocalı!

(ÜÇÜNCÜ-SONUNCU YAZI)

“Xocalı günü”ndə 4 saatlıq mətbuat konfransı və düşmənə verilən növbvəti mesaj: Biz Xocalıya qayıdacağıq!

Onu da qeyd edək ki, bu il Xocalı soyqırımının ildönümü bir qədər fərqli formada və əhval-ruhiyyədə qeyd olundu.

Bəli, üzlərdə, qəlblərdə kədər də, hüzn də, insanların gözlərində Xocalı qatillərinə, Xocalı soyqırımı baiskarlarına nifrət də vardı, amma həm də Qələbə, Zəfər sevincindən doğan bir rahatlıq, bir təsəlli  vardı. 

İnsanlarımız, Xocalı sakinləri digər yurd yerlərimiz kimi, Xocalının da bizdə olacağına, ona qovuşmanın an məsələsi olduğuna bu il, builki ildönümündə əvvəlki illərdən, əvvəlki ildönümünlərdən daha əmin idi və  bu gün də əmindirlər.

Əmindirlər ki, Xocalı da tezliklə bizdə olacaq, bizim olacaq, öz sakinlərinə, Xocalılara qovuşacaq, 29 illik həsrətə son qoyulacaq.

Çünki qeyd etdiyimiz ki, işğal altında olan Qarabağımızın çox böyük hissəsi, elə Xocalının 9 kəndi də daxil olmaqla, bizdədir, öz qanuni sahiblərindədir. Bizik artıq dağlı-aranlı Qarabağın sahibi, yiyəsi. Bizik Qarabağlı vahid Azərbaycan!

Necə ki, Şuşaya, Laçına, Kəlbəcərə, Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Talışa, Suqovuşana, Hadruta qovuşduq, bir gün və çox tezliklə, yenə bir Şəhid verilmədən, bir güllə atılmadan Xocalımıza da qovuşacağıq.

Bu əminlik, bu inam hissi həm də ölkə Prezidentinin, Qalib,  Müzəffər Ali Baş Komandanın iradəsindən, qətiyyətindən, əzimdən doğur.

Heç təsadüfi deyil ki, Xocalı soyqırımının 29-cu ildnümündə ölkə Prezidenti 4 saatlıq mətbuat konfransı keçirərək, bir daha dünyanın nəzərlərini Azərbaycana, Xocalı dəhşətlərinə, Xocalı həqiqətlərinə yönəltdi.

Mətbua konfransında 35-dən çox yerli və xarici media təmsilçinin 50-dən çox sualını cavablandırmaqla-özü də 4 dildə -, həm də növbəti bir ilkə imza atdı, dünya siyasətçiləri vəliderləri üçün növbəti nümunə, örnək oldu.

Mətbuat konfransında Xocalı soyqırımını Ermənistan faşizminin təzahürü kimi qiymətləndirən ölkə Prezidenti bunları bildirdi:

 “…Ermənistan faşizmi artıq o vaxt baş qaldırırdı və 1992-ci ildən son hadisələrə qədər erməni faşizmi Azərbaycan xalqına böyük zərbə vurmuşdur.

Belə ki, Hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması – bütün bunlar erməni faşizminin təzahürləridir.

Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır, 10-dan çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımış, təsdiq etmişdir və bu proses davam etdirilir. Azərbaycan dövləti, eyni zamanda, ölkəmizin ictimai təşkilatları bu sahədə böyük fəallıq göstərirlər və bu gün dünyada Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumat vardır. Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib, video, foto materiallar kifayət qədər geniş auditoriyaya təqdim edilibdir. İndi bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalmışdır”.

Dövlət başçısı bir daha bəyan etdi ki, Xocalı soyqırımının törədilməsi ilə Ermənistan, əslində, Azərbaycan xalqının iradəsini qırmaq istəyirdi.

“Təsadüfi deyil ki, Ermənistan rəhbərləri – hərbi cinayətkarlar xarici jurnalistlərə müsahibə verərkən, bu barədə sualı cavablandırarkən qürur hissi ilə qeyd edirdilər ki, bəli, Ermənistan bu hərbi cinayəti dinc əhaliyə qarşı törədib. Ona görə ki, Azərbaycan xalqı görsün, Ermənistan rəhbərliyi dinc əhaliyə də əl qaldıra bilər. Biz isə Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq. Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın, halbuki belə meyillər görünməkdədir”-deyərək, Azərbaycan Prezidenti eyni zamanda qətiyyətli şəkilə vurğuladı ki, bu gün Azərbaycan öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir, bölgədə sabitliyin tam bərqərar olması üçün əməli addımlar atır.

Bununla yanaşı, ölkə Prezidentinin qeyd etdiyi kimi, bir çox beynəlxalq təşkilatlar bu qanlı hadisəyə-Xocalı soyqırımına Azərbaycanın təşəbbüsü ilə öz münasibətini bildirmişlər və bu istiqamətdə işlər davam etdiriləcək.

“Əlbəttə, soyqırımı törədiləndə Azərbaycan demək olar ki, informasiya blokadasında idi. O vaxt müasir imkanlar da yox idi. Ona görə, bu məsələ bir çoxları üçün o qədər də aydın deyildi. Xüsusilə nəzərə alsaq ki, o illərdə Azərbaycanın beynəlxalq aləmdə o qədər də böyük imkanları yox idi və bunun müqabilində erməni lobbisi fəal çalışırdı, müharibə ilə, baş vermiş hadisələrlə bağlı yalan, təhrif edilmiş məlumatları ötürürdü. Beynəlxalq ictimaiyyətdə müəyyən yanlış fikirlər formalaşmışdı. Bu fikirləri aradan qaldırmaq, təkzib etmək üçün biz, əlbəttə ki, böyük səylər göstərməli idik və qeyd etdiyim kimi, dövlət olaraq, ictimai təşkilatlar olaraq son illər ərzində ardıcıl surətdə bu fəaliyyəti göstərmişik. İctimai təşkilatlar arasında, əlbəttə ki, xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istəyirəm. “Xocalıya ədalət!” şüarı altında bir çox ölkələrdə müxtəlif tədbirlər keçirilib və bu gün Xocalı faciəsi haqqında dünya ölkələrində kifayət qədər dolğun məlumat var”-deyə, sözlərinə davam edən Ali Baş Komandan birmənalı şəkildə bildirdi ki, bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın, nə Azərbaycanda, nə də dünyada bu heç vaxt təkrarlanmasın və Azərbaycan heç vaxt 1990-cı illərin əvvəlində olan o aciz duruma düşməsin, Azərbaycan özünü, öz vətəndaşlarını hər zaman qoruya bilsin.

Hesab edirəm ki, bu gün dünyada Xocalı soyqırımı ilə bağlı artıq geniş məlumat var. Halbuki Ermənistan tərəfi müxtəlif yollarla yalan informasiyaları ortalığa atmaqla bu qanlı cinayəti də Azərbaycan dövlətinin üzərinə qoymaq istəyirdi. Guya ki, Azərbaycan özü Xocalı soyqırımını törətmişdir. Biz bu addımların təkrarını İkinci Qarabağ müharibəsində də gördük. Gəncəni, Tərtəri, Ağdamı, digər şəhərləri bombalayanda Ermənistan rəhbərliyi deyirdi ki, bunu Azərbaycan özü törədib. Halbuki atılan ballistik raketlər peyk tərəfindən izlənilir və böyük dövlətlər, ilk növbədə, Minsk qrupuna həmsədrlik edən dövlətlər bütün bu mənzərəni izləyirdilər. Ballistik raketlər Gəncə, Tərtər, Bərdə və digər şəhərlərə Ermənistan ərazisindən buraxılmışdır. Yəni, növbəti erməni yalanı cəhdi göstərildi, amma keçmədi. Çünki artıq vəziyyət tam başqadır və bizim məlumatı ötürmək üçün imkanlarımız var”-deyən Azərbaycan Prezidenti  həmçinin tam əminliyini ifadə etdi ki, illər keçdikcə Xocalı soyqırımı haqqında həqiqətləri bütün dünya biləcək və bizim vəzifəmiz bundan ibarətdir.

Bundan sonra da çalışacağıq ki, dünya ölkələri bu soyqırımı rəsmən soyqırımı kimi tanısınlar. Bu istiqamətdə işlər ardıcıl surətdə bundan sonra da aparılacaq.

Bəli, Ali Baş Komandanın  dediyi kimi, tam əminik ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da, Xocalıya da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar.

Noyabrın 10-da imzalanmış Bəyanatda bu, göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək.

 Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, süni əngəllər yaratmaq istəsə ancaq özünə zərbə vurmuş olar.

Ancaq müharibənin yaraları qaysaq bağlasa da, tam sağalmayıb. Xocalı yaraları heç vaxt sağalmayacaq. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq, həm qurbanların yaxınları, həm bütün Azərbaycan xalqı. Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır.

Biz bunu başa düşürük və burada heç kimi tələsdirmək istəmirik, heç kimi məcbur etmək istəmirik.

Ölkə Prezidentinin eyni zamanda, bildirdiyi kimi, bizim üçün birinci mərhələdə azad edilmiş torpaqlara vətəndaşlarımızın qayıtmasıdır. Bununla paralel olaraq, uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi məsələləri dayanır.

İndi müharibədən heç dörd ay keçməmiş artıq rəsmi şəxslər – Ermənistan və Azərbaycan rəsmi şəxsləri arasında təmaslar qurulur, görüşlər keçirilir, bəzən açıq formatda, bəzən qeyri-rəsmi formatda. Amma bu proses gedir və bu proses müsbət istiqamətdə gedir.

Ona görə biz istədiyimizə tam nail olmaq üçün müdrik olmalıyıq və bütün addımları vaxtında atmalıyıq. Necə ki, İkinci Qarabağ müharibəsində vaxtında atılmış addımlar səmərəsini vermişdir.

Bəli, bütün bunlar bir daha Xocalıya qayıdacağımıza, Xocalıya qovuşacağımıza əminliyimiz artırır, möhkəmləndirir.

Bəli, elə bu əminliklə, bu qətiyyətliliklə digər yurd yerlərinə qovuşduğumuz kimi, Xocalıya, Xocalımıza da qovuşacağıq.

Bəli, gün gələcək, Xocalı soyqırımının baiskarları, qanlı qatilləri-sarkiyanlar, koçaryanlar, ohanyanlar kimi, digər “yanlar” və onların hacadarları da Haqq divanında əyləşməli, ədalət mühakiməsi qarşısında sorğulanmalı və cinayətlərinə görə, cavab verməli olacaqlar.

Bəli, Hitler faşizmi, faşistləri üzərində qurulan Hürnberq məhkəməsi, 90-ci illərin əvvəllərində Bosniya-Herseqovina müsəlmanlarına qarşı törədilən Serebrenitsa qətliamına görə, serb faşizmi və faşistləri üzərində qurulan Haaqa tribunalı bir gün Xocalı başda olmaqla, digər faciələrimizdə əli olan qanlı cinayətkarlar, sarkisyanlar, koçaryanlar, ohanyanlar, balayanlar, digər “yanlar” üzərində də qurulacaq. Gec və ya tez, bu, mütləq və mütləq baş verəcək. Hər kəs öz cəzasını alacaq.

İLHAM ƏLİYEV: “Bizim şəhərlərimizi bu günə salan Sarkisyan-Koçaryan cütlüyüdür. Quldurları, Xocalı cəlladlarını, özündən yalançı qəhrəman düzəldənləri biz məhv etmişik…”

Ali Baş Komandanımızın tarixi Şuşa səfərində də dediyi kimi:

“…Bizim şəhərlərimizi bu günə salan Sarkisyan-Koçaryan cütlüyüdür. Quldurları, Xocalı cəlladlarını, özündən yalançı qəhrəman düzəldənləri biz məhv etmişik. Onların ordusunu biz məhv etmişik. Şuşanı onların ordusunun əlindən biz geri almışıq, qəhrəmanlıq göstərərək, sıldırım qayalardan qalxaraq. Yüngül silahlarla, bıçaqlarla toplara, tanklara qarşı vuruşaraq məhv etdik onların ordusunu. Harada idilər onlar? Qaçıb gizlənmişdilər İrəvanda. Biri burnunu soxmuşdu buraya. Amma beş gündən sonra dovşan kimi buradan qaçdı. O birisi, ümumiyyətlə, heç səsini çıxarmırdı. Üçüncüsü də var, müharibə cinayətkarı – Ohanyan, özü də burada doğulub, bizim torpağımızda. Müharibə dövründə guya Şuşanı müdafiə etməyə gəlmişdi. İti qovan kimi qovduq onu. İndi yenə sülənir Ermənistanda. Ağzını açıb çirkin sözlər deyir. Bizə sataşanın aqibəti nə oldu, onu hər kəs gördü. Heç kim unutmasın bu dəmir yumruğu. Düşmənin belini qırdıq. Lazım olarsa, bir daha qırarıq. Koçaryan-Sarkisyan, Azərbaycan xalqının düşmənləri, siz buranı bu günə saldınız. Mən müzəffər Ordunun Baş Komandanı kimi gəlmişəm və burada durmuşam, öz torpağımda durmuşam. Sizin iziniz də, tozunuz da rədd olub buradan və bir daha olmayacaq, heç vaxt olmayacaq…”.

Bəli, əlavə sözə, əlavə izahata da ehtiyac qalmır. Biz indiyə qədər çox mümkünsüz görünənləri mümkün etdik, odur ki,  bunu da etməyi bacaracağıq, buna da nail olacağıq!

Bəli, bu gün xaricdəki diasporamızın, diaspot təəşkilatlarımızın üzərinə də böyük missiya və məsuliyyət düşür. Onlar artıq məğlub deyil, Qalib dövlətinin təmsilçiləri, diasporası və diaspot təşkilatlarıdır.

Onlar əvvəlikndən daha da fəal, daha da aktiv olmalıdır. Onların da fəaliyyətindən, aktivliyindən çox şey asılıdır və asılı olacaq. Hərbi müstəvidə, səngərdə döyüş, müharibə başa çatıb, özü də Qələbəmizlə. İndi isə digər müstəvilərdə,  xüsusilə, siyasi-diplomatik meydanda döyüş, müharibə davam edir.

 Bu müharibəni, bu savaşı da uğurla, Zəfərlə başa vuracağıq və bu məsələdə də, bu Zəfərdə də mütləq şəkildə diasporamızın rolu, xidmətləri, töhfələri olmalıdır. Bu, onların vəzifəsi və borcudur.

Ölkə Prezidentinin  hakim Yeni Azərbaycan Partiyasının 7-ci qurultayında dediyi kimi, Azərbaycan XXI əsrin müharibəsini aparıb.

Və biz elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra XXII əsrin müharibəsinə də hazır olaq.

Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu, belədir.

Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər.

Biz yeni dövrə qədəm qoymuşuq. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir.

Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun.

Bəli, biz Qalibik, biz Zəfər qazanmışıq.

Biz başıuca, biz alnıaçığıq.

Qələbə də, Zəfər də bizimdir, bizimlədir və bizimlə olacaq!

Bayrağımız daim yüksəkliklərdədir və hər zaman da qürurla yüksəkliklərdə, ənginliklərdə dalğalanacaq!

Ziyad SƏMƏDZADƏ,

Akademik, millət vəkili

Etikxeber.az

Read Previous

“Erməni barbarları heç bir qaydaya məhəl qoymurlar…”-MİLLƏT VƏKİLİ

Read Next

Hərbi qulluqçumuz göldə boğularaq-DÜNYASINI DƏYİŞDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir