“Gündəlik həyatında çətinlik çəkən insanlar da var…” – TAHİR MİRKİŞİLİ

Tahir Mirkişili: “Digər cəhdlər uğursuz cəhdlərdir”

Etikxeber.az-ın müxbirinin suallarına millət vəkili, Azərbaycanın ATƏT və Avronest parlament assambleyalarındakı nümayəhdə heyətinin üzvü Tahir Mirkişili cavab verir:

-Tahir müəllim, son günlər Azərbaycanın enerji sistemində qəza yaşandı və bunun nəticələri də hər kəsə bəllidir, hələ də bu yöndə gərginliklər, problemlər var. Necə hesab edirsiniz, ölkənin energetika sistemini özələşdirməyə çıxarmaq olarmı, konkret olaraq, ARDNŞ-i, “Azəriqaz” ı, “Azərenerj” ni? Bunlar özəlləşdirilə bilərmi? Hətta, bu yöndə həmkarlarınız tərəfindən də dəfələrlə təkliflər səslənməkdədir…

-Son 15 ildə Azərbaycanda elektrik enerjisi istehsalı və enerji potensialının artırılmasında xeyli iş görülüb.Azərbaycan elektrik enerjisi idxal edən ölkədən elektrik enerjisi ixrac edən ölkəyə çevrilib. Hazırda elektrik enerjisi insanların həyatında və ölkə iqtisadiyyatının fəaliyyətində mühüm rol oynayır. Buna görə də enerji təhlükəsizliyi məsələsi dünyada da milli təhlükəsizliyin bir hissəsi kimi qəbul edilir.Getdikcə artan dövlət-özəl sektor əməkdaşlığını da bu çərçivədə inkişaf etdirmək mümkündür. “Azərbaycan Respiblikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dail Strateji Yol Xəritəsi”nə uyğun olaraq elektrik stansiyalarının özəllişdirilməsi nəzərdən keçirilir. Azərbaycanda özəl elektrik stansiyaları mövcüddur. Qəbul olunmuş “Elektrik və istilik stansiyaları haqqında qanun”  da buna imkanlar yaradır. Düşünürəm ki, xərcləri yuxarı olan, modernləşdirilməsinə əlavə vəsait və texnologiya tələb olunan elektrik stansiyalarının özəllşdirilməsi vacibdir.Amma bu zaman enerji və milli təhlükəsizlik çərçivələri hökmən yaradılmalıdır. Düşünürəm ki, bu istiqamətdə hökümətdə işlər aparılır.

mirkisili tahir

-Son hadisələr zamanı belə suallar da ortaya çıxdı ki, əgər biz enerji istehsal və ixrac ediriksə, onda niyə Gürcüstana və Rusiyaya müraciət edildi?

-Bu müraciət qəza ilə bağlı idi. Qəza zamanı kəsilən elektrik enerjisini müvəqqəti olaraq təmin etmək üçün.Azərbaycan Gürcüstan və Rusiyanın cənub bölgəsinə hər zaman elektrik enerjisi ixrac edir. Bu cür təcrübə bütün dövlətlərdə var. Qonşu ölkələrdə də qəzalar baş verən zaman Azərbaycan onlara yardım edir. Azərbaycanın özünün kifayət qədər enerji resursu var, yüksək potensial yaradılıb.Baş verən qəza nəticəsində digər ölkədən alınan dəstək enerji resurslarının çatışmamazlığı ilə bağlı deyildi. Enerji paylanmasına qüsurların və müasir “güzgü” texnoloji yanaşmalarının tətbiq olunmaması qəzanın geniş fəsadlarının yaranmasına səbəb oldu.

– Ümumiyyətlə, ölkənin enerji qarışıq, iqtisadi durumunu necə qiymətləndirirsiniz? Bəzi dairələr qeyd edirlər ki, iqtisadi inkişafdan danışılsa da, bu bəzən real həyatda, insanların güzəranında öz əksin tapmır… Siz bu haqda nə deyərdiniz?

-İnkişafdan danışarkən hökmən müəyyən bir peiroda baxmaq daha düzgündür. Məsələn, son 15 ildə ölkədə minimum əmək haqqı 12.9 dəfə artıb.Və ya əhalinin nominal gəlirləri 8.9 dəfə artıb. Hazırda Azərbaycana hər 100 ailənin 52-sinin avtomobili var. Düşünürəm ki, iqtisadi potensiala uyğun olaraq insanlar proporsional olaraq gəlir əldə etmək imkanına sahibdirlər. Ölkə iqtisadiyyatı hər il artım nümayiş etdirir.

Düzdür, biz iqtisadçılar istərdik ki, iqtisadiyyat daha sürətlə inkişaf etsin və düşünürəm ki, bunun üçün imkanlar da mövcuddur. Yeni beynəlxalq layihələrə start verilir. Bütün  bunlar isə müsbət iqtisadi inkişaf meylləri yaradır.Amma təbii ki, gündəlik həyatında çətinlik çəkən insanlar da var. Statistikaya görə Azərbaycanda yoxsulluğun səviyyəsi təqribən 5%-dir.Bu, o, demək ki, bəlli bir sayda insanlar öz həyat güzəranının yaxşılaşdırılması ilə bağlı çətinliklərlə üzləşirlər. Adətən də neqativ informasiya daha tez yayılır.Yəni, bir binada əgər 99 adam yaxşı yaşayırsa, 1 adam yox, onda o 1 adamın problemləri haqda informasiya həmin binada daha çox yayılır. Bu, bütün dünyada belədir. Amma bunun da arada qaldırılması üçün dövlət müxtəlif proqramlar həyata keçirir.Məsələn, ailə təsərrüfatlarının dəstəklənməsi, ABAD mərkəzlərinin açılması, Kiçik və Orta Sahibkarlıq Agentliyinin yaradılması və s.

azay-atatpa-tahir

-Bildiyiniz kimi, 2015-2016-cı illərdə manatın məzənnəsinin kəskin şəkildə aşağı düşməsindən, dalbadal iki ağır devalvasiyanın yaşanmasından sonra ölkə prezidenti İlham Əliyev bütün çıxışlarında neft amilinin unudulması, qeyri-neft sektorunun inkişafına diqqətin artırılması məsələsini dilə gətirib və bu istiqmətdə konkret addımlar atılmaqdadır. Amma bununla yanaşı, hər dəfə neftin qiymətinin artması məsələsi gündəmə gələndə bəzi strukturlar tərəfindən sanki sevinc hissləri yaşanır, yəni, belə demək mümkünsə, ümidlər yenə neft amilinə bağlanır, qeyri-neft sektoru ilə bağlı məsələsə ikinci plana keçir. Bu, nə dərəcədə düzgündür? Neftdən asılılığı minimuma endirmək üçün qeyri-neft sektorunda hansı addımların atılmasını vacib sayırsınız?

-Ümumilikdə hazırda ölkə iqtisadiyyatının təqribən 65%-i qeyri-neft sektorunun üzərində qurulub.Bu pozitiv proses durmadan gedir və əminəm ki, bu ilin sonuna bu rəqəm daha da çox olacaq. Ümumilikdə, ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması strateji hədəfdir.Amma, bu, o qədər də asan məsələ deyil. Digər tərəfdən neft və qaz hasilatı həm də geosiyasi bir əhəmiyyət daşıyır, ölkəmizin müstəqilliyinin və təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. Amma təbii ki, neftin qiymətinin qeyri- sabitliyi ölkə iqtisadiyyatının ondan asılılığını maksimum azaltmağı zəruri edir.Bir neçə gün öncə Mili Məclis Azərbaycan prezidentinin təşəbbüsü ilə “Büdcə Qaydaları”na dəyişikliklə bağlı yeni bir layihə qəbul etdi. Sənədin əsas məqsədi artan və ya azalan neft gəlirlərinin büdcəyə təsirini minimuma endirməkdən ibarətdir.Yəni, neftin qiyməti yüksələn zaman artan gəlirləri yüksək templə xərcləməyə bir məhdudiyyət qoyulacaq.Neft və qaz resursları Azərbaycanın milli sərvətidir, əsas məqsəd bu sərvətdən əldə olunan gəlirləri ölkədə dayanıqlı iqtisadiyyatın qurulmasına sərf etməkdir. Məhz bu siyasət Azərbaycan prezidentini siyasətidir. Digər cəhdlər düşünürəm ki, uğursuz cəhdlərdir.

– Yeri gəlmişkən, illərdir Rəqabət Məcəlləsinin qəbulu düyünə düşüb, həmçinin, maliyyə nəzarəti ilə bağlı qanunun, Büdcə Məcəlləsinin qəbulu ilə bağlı təkliflər ortadadır. Həmçinin, təhsil, tələbə kreditləri məsələsi gündəmdədir. Siz necə fikirləşirsiniz, bu sənədlərin qəbulu mümkün olacaqmı, olarsa, həmin sahələrdə nələrə nail olunacaq?

tahir-1

-İqtisadiyyatın inkişafı üçün Mili Məclis tərəfindən kifayət qədər sayda yeni qanunlar qəbul olunur və ya mövcud qanunlara dəyişikliklər edilir.İqtisadi reallıqların tələb etdiyi qanunların zamanında qəbul olunması daha doğrudur.Düşünürəm ki, Milli Məclisin payız sessiyasında daha maraqlı iqtisadi qanunların qəbul edilməsinin şahidi olacağıq.

– Bir miillət vəkili olaraq, özünüz şəxsən hansı qanunların qəbulunu istəyirsiniz, şəxsən özünüzün özünüzün təşəbbüsçüsü olduğunuz və hazırladığınız qanun layihəsi varmı?

-Biz keçən il ATƏT Parlament Assambleyasında müəllfi olduğum ATƏT Regionu üçün Multikulturalizm dəyərlərinin yayılması ilə bağlı qətnamə layihəsinin qəbul olunmasına nail olmuşuq. Odur ki, Milli Məclisdə innovativ iqtisadiyyat, kiber təhlükəsizlik kimi qanun layihələrinin hazırlanmasına iştirak etmək planlarım var. Bu yöndə qanunların hazırlanması və qəbulu çox əhəmiyyətlidir.

tahir-qarabaq

-Siz həm də Azərbaycanı ATƏT  və Avronest Parlament Assambleyalarında təmsil edirsiniz. Necə hesab edirsiniz, bu qurumlar ölkəmizin bir saylı probleminin, Qarabağ münaqişəsinin həllində öz müsbət töhfələrini verə biləcəklərmi? Xüsusilə də, ATƏT, onun Minsk qrupu və həmsədrlər təsisatı bu məsələdə öz üzərlərinə götürdükləri missiyasını yerinə yetirəcəklərmi? Münaqişə hərb variantına doğru gedə bilərmi, gedərsə, Azərbaycan indiki beynəlxalq şərtlər və reallıqlar daxilində öz gücünə və təkbaşına müharibəni qalibiyyətlə başa vura bilərmi?

-Azərbaycan uzun illərdən bəri işğalçı Ermənistan tərəfindən məruz qaldığı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çoxtərəfli iş aparır.Bir tərəfdən beynəlxalq ictimaiyyətdə Azəbaycanın milli maraqlarına xidmət edən atmosferin formalaşmasına çalışılır. Yəni, beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyinin daim qeyd olunması, Ermənistanın işğalçı mövqeyini pislənilməsi, qəbul olunan sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü vurğulanması kimi önəmli işlər hüquq və beynəlxalq müstəvidə ölkəmizin mövqelərini möhkəmləndirir. Digər tərəfdən regional və beynəlxalq iqtisadi layihələr həyata keçirməklə, həm Azərbaycan güclənir, həm də işğalçı Ermənistan daha da təcrid olunur. Bütün bunlarla parallel olaraq isə ordumuz müasir silahlarla təhciz olunur və ordunun gücü daim artırılır. Bu istiqamətlər isə məcmu halda bir-birilərini tamamlayırlar, biri digəri olmadan işləyə bilməz. Bütün bu kütləvi hazırlıqların isə tək məqsədi ərazilərimizin işğaldan azad olmasıdır. Ermənistan bu cür hərtərəfli hücümun qarşısında acizdir, bunu anlayırlar, onda də ancaq xarici dövlətlərə və beynəlxalq təşkilatlara yalvarmaq və şikayet etməklə məşğuldurlar. Amma artıq dünya ictimaiyyəti də Ermənistanın işğalçılıq, təcavüzkarlıq siyasətini qəbul etmir…

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Bu əxlaqsız kimdirsə, həm də peşəkar əxlaqsızdır…” – QƏNİRƏ PAŞAYEVA

Read Next

“Dil sənin şəxsi malın deyil ki, istədiyin kimi rəftar edəsən” – KAMİLƏ ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir