“Hələ də şəxsi evi olmayan Şəhid ailəsi kimi Şuşada deyil, Bakıda evlə, mənzillə təmin olunmağımızı istəyirəm”-ƏSLƏN ŞUŞALI ŞƏHİD DÜNYAMİN TAĞIZADƏNİN ANASI ZİYAFƏT QULİYEVADAN SAHİL BABAYEVƏ MÜRACİƏT

Şuşanın İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Dünyamin Ramin oğlu Tağızadənin anası Ziyafət Şirin qızı Quliyeva Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və nazirliyin Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudova müraciət ünvanlayb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Hörmətli, nazir!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Ziyafət Şirin qızı Quliyeva İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Dünyamin Ramin oğlu Tağızadənin anasıyam. İki oğul övladımdan biri-Dünyamin Tağızadə İkinci Vətən Müharibəsi zamanı-cəmi 19 yaşında Vətən yolunda Şəhid olub. Hazırda tək övladımla-oğlumla yaşayıram. Qeyd edim ki, mən özüm 1981-ci il təvəllüdlüyüm, Şuşada anadan olmuşam, sonra da məlum hadisələr zamanı ailəlikcə köçkün düşmüşük. 1990-ci illərin sonlarında Beyləqan rayonundan olan Ramin Tağızadə ilə ailə həyatı qurmuşam, sonra-2002-ci ildən isə həyat yoldaşımdan ayrılmışam və hər iki övladım da mənimlə qalıb, mənim yanımda, mənim himayəmdə yaşayıblar.

Onlara həm ana, həm də ata olmuşam. Bugünədək də Beyləqanda şəxsi evimiz, mənzilimiz yoxdur. İkinci-tək övladım da iki il öncə Bakıda yerləşən texnikumlardan (kolleclərdən) birinə qəbul olub. Bu il üçüncü kursda oxumalıdır. Təbii ki, dərslər başlayarsa, kirayə evdə, mənzildə qalmalıdır və mən də onunla birlikdə Bakıya gəlməliyəm. Çünki ondan savayı kimsəm, məni başqa yerə bağlayacaq heç nə yoxdur”.

Müraciətdə sonra deyilir:

“Cənab, Sahil Babayev!

Sizə müraciət etməklə bildirmək istəyirəm ki, biz-yəni, oğlumla mən Şuşa qeydiyyatındayıq. Ona görə də Şəhid ailəsi kimi bizə Şuşa şəhərində ev, mənzil verilməlidir. Müvafiq qurumlara müraciət edəndə də, ev, mənzil məsələni qaldıranda da belə deyirlər. Ancaq mən Şuşa şəhərində deyil, tək övladım Bakıda təhsil aldığı üçün Bakı şəhərində Şəhid ailəsi kimi evlə, mənzillə təmin olunmaq istəyirəm. Bu, heç də paytaxtda, Bakıda, daha komfortlu yerdə yaşamaq istəyi ilə bağlı deyil, bu, sadəcə, tək və tələbə övladımla bağlı istəyimdir. Həm də gələcəkdə Şuşadan Beyləqana gəlib övladımın məzarını ziyarət etmək mənim üçün çətin olacaq. Ona görə Sizdən çox xahiş edirəm ki, bizim Şuşada deyil, Bakıda evlə, mənzillə təmin olunmağımız məsələsinə səlahiyyətləriniz çərçivəsində köməklik göstərəsiniz, bir Şəhid anası, Şəhid ailəsi kimi bu arzumuzu, istəyimizi reallaşdırasınız”.

“İnanmaq və əmin olmaq istəyirəm ki, belə də olacaq, xahişim, müraciətim diqqətlə nəzərdən keçiriləcək, vəziyyətimizə həssaslıqla yanaşılacaq və məsələ müsbət həll olunacaq. Bununla həm Şəhidimizin ruhu sevindirilmiş olacaq, həm də Şəhid ailəsi kimi bizə kömək göstərilmiş, dayaq durulmuş olacaq. Eyni zamanda, istərdim ki, imkan daxilində məni şəxsən qəbul edə və dinləyəsiniz. Yəqin ki, Şəhid ailəsinin, Şəhid anasının bu arzusunu da geri çevirməzsiniz. Öncədən də minnətdarlığımı bildirirəm”-deyə, müraciətdə daha sonra bildirilir.

Etikxeber.az

Read Previous

Daha 2406 yeni yoluxma-DAHA 37 ÖLÜM…

Read Next

Ali məktəblərə elektron qeydiyyat başlayır- BU GÜNDƏN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir