Həm Bakılı, həm də Şabranlı İkinci Vətən Müharibəsi Şəhidi-VÜSAL HƏSƏNOVUN ƏBƏDİYYƏTƏ UĞURLANMASININ ÜÇÜNCÜ İLİ İLƏ BAĞLI ANIM MƏRASİMİ KEÇİRİLDİ…

Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin (həm də Şabranın Zeyvə kəndinin) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vüsal Ariz oğlu Həsənovun Anım Günü, Əbədiyyətə uğurlanmasının üçüncü ilə bağlı bu gün-1 dekabr 2023-cü il tarixində Anım mərasimi düzənlənib.

Mərasimdə Şəhidin keçdiyi qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs olunub.

Eyni zamanda, Vüsal Həsənovun ruhuna dualar olunub, “Quran” oxunub, ailəsinə-anası Mərifət xanıma və tək qardaşı Nuran Həsənova Allahdan səbr və dözüm arzulanıb.

Sonra Şəhidin adına ehsan süfrəsi açılıb.

Anım mərasimində Şəhidin ailə üzvləri, Səbailli Şəhid ailələri, Səbail rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, din xadimləri və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, 1997-ci ilin iyul ayının 3-də Bakının Səbail rayonunun Badamdar qəsəbəsində dünyaya gələn Vüsal Həsənov ailənin dörd oğlan övladından biri olub.

Badamdar qəsəbəsindəki 239 nömrəli tam orta məktəbdə təhsil alıb.

2015-ci ildə Azərbaycan Dəmir Yolu Peşə Liseyinə daxil olub və 2016-cı ilə qədər burada təhsil alıb.

Liseydə təhsil aldıqdan sonra həqiqi hərbi xidmətə yollanan Vüsal 2018-ci ilin oktyabr ayında əsgərliyini başa vurub, ailəsinə dönüb.

2020-ci ilin sentyabrın 21-də səfərbərliyə cəlb olunan Vüsal İkinci Vətən Müharibəsi başlayan ilk dəqiqələrdən döyüşlərə atılıb.

Füzuli istiqamətində ağır döyüşlərdə iştirak edib və oktyabr ayının 11-də qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Amma uzun müddət, iki aya yaxın ərzində nəşini əldə etmək mümkün olmayıb.

Yalnız dekabr ayında nəşi əldə edilib və dekabrın 3-də Əbədiyyətə uğurlanıb.

Nəşi Şabran rayonunun Zeyvə kəndinin qəbiristanlığında, atasının yanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra medallarla təltif edilib.

Ailəsi, anası isə övladının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.

Qeyd edək ki, Vüsal illər öncə iki azyaşlı qardaşını və atasını itirib.

Vüsal eyni zamanda, subay olub.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Nəşi 2 aydan sonra Əbədiyyətə uğurlanan, evin-ailənin tək və evli oğlu, bir övladı Vətənə əmanət qalan-MƏHƏMMƏD MƏMMƏDLİNİN BU GÜN ANIM GÜNÜDÜR… – FOTOLAR

Read Next

“Ermənistan tərəfindən sülh prosesinə qarşı maneələr törədilir…”-CEYHUN BAYRAMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir