“Həm kədərliyəm, həm də qürurluyam… Kədərliyəm ona görə ki, balamın doğum gününü məzarı başında qeyd edirəm…Qürurluyam ona görə ki, mənə əziz, doğma olan, hər zaman görmək istədiyim insanlar yenə mənim yanımdadılar, yenə məni tək qoymadılar…”-CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜ OLAN HƏM BAKILI, HƏM DƏ ŞABRANLI ŞƏHİD VÜSAL HƏSƏNOVUN ANASI MƏRİFƏT HƏSƏNOVA – FOTOLAR – YENİLƏNİB – (1)

Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsinin (həm də Şabranın Zeyvə kəndinin) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vüsal Ariz oğlu Həsənovun doğum günüdür.

Vüsal Həsənovun bu gün-3 iyul 2025-ci il tarixində 28 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Cənnətdəki beşinci doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Şabranın Zeyvə kənd qəbiristanlığındakı məzarı Şəhidin anası Mərifət xanım və Bakıdan gələn qonaqlar-Səbailli Şəhid anaları, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, ictimai fəal Sədaqət Həsənova, o cümlədən Şabranlı Şəhid ailələri ilə birlikdə ziyarət olunub.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Ziyarətdən sonra Şəhidin 28 yaşının tamam olması ilə bağlı Zeyvə kəndində-ailəsinə məxsus evdə adına ehsan süfrəsi açılıb, bir daha Şəhidin və cəmi Şəhidlərin ruhuna dualar oxunub.

Şəhidin ailəsinə, anası Mərifət xanıma Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki beşinci doğum günü təbrik olunub.

Eyni zamanda, Şabranlı Şəhid ailələri tərəfindən üzərində Vüsal Həsənovun əksi olan xalça hədiyyə olunub.

Şəhidin anası Mərifət xanımın dediklərindən:

“Bu gün, bu an həm kədərliyəm, həm də sevincliyəm, qürurluyam… Kədərliyəm ona görə ki, balamın doğum gününü Onsuz keçirirəm…Balamın doğum gününü Onun məzarı başında qeyd edirəm və bu, bir ana üçün çox çətindir, dözülməzdir…Qürurluyam ona görə ki, mənə əziz, mənə doğma olan, hər zaman görmək istədiyim insanlar bu gün yenə mənim yanımdadılar, yenə məni tək qoymadılar, yenə mənimlə birlikdə oldular…Hər birinə minnətdarlığımı bildirirəm…Var olsunlar, sağ olsunlar! Eyni zamanda, hədiyyəyə görə Şabranlı analarımza və hər zaman bizlərin yanında olan Bəsti xanıma minnətdarlığımı ifadə edirəm…”

Daha sonra Şəhidin adına hazırlanmış tort kəsilib, xatirə fotoları çəkdirilib.

Etikxeber.az xəbər verir ki, Vüsal Həsənov 1997-ci ilin iyul ayının 3-də Bakının Səbail rayonunun Badamdar qəsəbəsində dünyaya gəlib.

 Ailənin dörd oğlan övladından, dörd qardaşdan biri olub.

İllər öncə iki azyaşlı qardaşını  atasını itirib.

İki qardaş qalıblar.

Badamdar qəsəbəsindəki 239 nömrəli tam orta məktəbdə təhsil alıb.

2015-ci ildə Azərbaycan Dəmir Yolu Peşə Liseyinə daxil olub və 2016-cı ilə qədər burada təhsil alıb.

Liseydə təhsil aldıqdan sonra həqiqi hərbi xidmətə yollanan Vüsal 2018-ci ilin oktyabr ayında əsgərliyini başa vurub, ailəsinə dönüb.

2020-ci ilin sentyabrın 21-də səfərbərliyə cəlb olunan Vüsal İkinci Vətən Müharibəsi başlayan ilk dəqiqələrdən döyüşlərə atılıb.

Füzuli istiqamətində ağır döyüşlərdə iştirak edib və oktyabr ayının 11-də qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Amma uzun müddət, iki aya yaxın ərzində nəşini əldə etmək mümkün olmayıb.

Yalnız dekabr ayında nəşi əldə edilib və dekabrın 3-də Əbədiyyətə uğurlanıb.

Nəşi Şabran rayonunun Zeyvə kəndinin qəbiristanlığında, atasının yanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra medallarla təltif edilib.

Anası isə övladının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.

Vüsal eyni zamanda, subay olub.

Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü mübarək olsun!

Nur içində uyusun!

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Uğurla reallaşdırdığımız “Böyük Qayıdış” Proqramını həyata keçirməli olduğumuz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Bu yollarda yenə sıxlıq və tıxac var-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir