Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mingəçevir şəhərindən olan İkinci Vətən Müharibəsi Şəhidi Əzəmi Hüseynovun anası Sayad Hüseynova Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb.
Etikxeber.az-ın xəbərinə görə, müraciətdə qeyd olunur:
“Hörmətli Prezident!
Hörmətli Mehriban xanım!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Sayad Əkbər qızı Hüseynova əslən Qarabağlı, Ağdam və Şuşalıyam. Və yeri gəlmişkən, bu, ötən illərdə Sizə müxtəlif səpkidə-məzmunda ünvanladığım üçüncü və ya dördüncü müraciətimdir. Qeyd edim və xatırladım ki, 1992-ci ildən məcburi köçkünlüklə bağlı Mingəçevir şəhərində yaşayıram.
Mingəçevirə gələrkən 3 qızım övladım var idi, sonra, 1992-ci ilin avqustunda daha bir övladım-oğlum dünyaya gəldi-Əzəmi Hüseynov. Övladım, oğlum dünyaya gələndən bir müddət sonra isə həyat yoldaşım dünyasını dəyişdi və həmin vaxtdan övladlarıma həm analıq, həm də atalıq etdim, onları böyütdüm, boya-başa çatdırdım. Tək oğlum ali təhsilə yiyələndi, ancaq həyatını Orduya, hərbə bağladı.
İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərə atılan övladım savaşın 12-ci günündə, oktyabrın 8-də, Şuşanın azad edilməsinə düz bir ay qalmış qəhrəmancasına Şəhidlik məqamına Ucaldı. Tək oğlum Vətəni, Şuşası, Qarabağı yolunda canını fəda etdi. Mən yaşadım, Allahım kimsəyə, heç bir bəndəsinə yaşatmasın övlad, oğul acısını. Çox ağırdır, çox dözülməzdir, bala, oğul dərdi…
Övladım həm də ailəli idi, 2018-ci ildə ailə həyatı qurmuşdu. Ancaq çox təəssüf ki, övladı olmadı, onun da, mənim də arzularım gözümüzdə qaldı. Gəlinim övladımın Şəhidliyindən bir müddət sonra valideynlərinin yanına qayıtdı, o da mənə bir dərd oldu. Hazırda tək-tənha yaşayıram”.
Müraciətdə sonra deyilir:
“Çox hörmətli İlham Heydər oğlu!
Dəyərlimiz, əzizimiz Mehriban xanım!
Sizlərə bu müraciəti ünvanlamaqda məqdədim hazırda yaşadığım mənzillə bağlıdır. Mən uzun illər Mingəçevir şəhərində Şəhidimlə birlikdə kirayədə yaşadım. Kirayədə yaşadığım üçün Şəhidimin məclislərini qızımnın evində keçirmək məcburiyyətində qaldım. Hətta tək övladımın Şəhidliyindən də sonra bir xeyli kirayədə yaşadım. Ancaq çox sağ olsun, dövlətimiz, aidiyyatı qurum və şəxslərimiz, səsimi eşitdilər, vəziyyətimi nəzərə alıb məni Mingəçevir şəhərində yerləşən məcburi köçkünlərlə bağlı qəsəbədəki binalardan birində iki otaqlı mənzillə təmin etdilər.
İki ilə yaxındır həmin binada, iki otaqlı mənzildə yaşayıram. Həmin mənzili demək olar ki, cüzi qazancımla və daha çox böyük qızımın köməyi ilə ev-muzeyinə çevirmişəm. Bunu da Şəhidimin, tək balamın ruhunun az da olsa, huzur, rahatlıq tapması üçün etmişəm. Həm də bir Yaralı, Dərdli ana kimi təsəlli tapmaq, ovunmaq üçün etmişəm.
Bu yerdə Sizlərə-hər ikinizə minnətdarlığımı bildirmək istəyirəm ki, ötən illərdə hər zaman qaçqın və məcburi köçkünlərin, Qazilərin, Şəhid ailələrinin yanında olmusunuz, onlardan qayığı və diqqətinizi bir an belə əsirgəməməsdiniz. Qaçqın və məcburi köçkünlərimiz üçün müasir tipli qəsəbələr, şəhərciklər saldırmısınız, Şəhid və Qazi ailələrini evlə, mənzilə təmin etmisiniz. Bunlara görə Sizlərə bir daha minnətdarlıq və təşəkkürlərimi bildirirəm.
Mənim balam Şuşalı, Şuşa Şəhidi olsa da, onun Mingəçevirdə torpağa tapşırımışam. İndi onun məzarını qoyub Şuşa şəhərinə köçə, gedə bilmərəm. Mən balama görə Mingəçevirdə qalmaq, yaşamaq qərarı vermişəm. Ona görə istəyirəm ki, yaşadığım mənzil ömürlük mənim adıma verilsin, keçirilsin. Məndən sonra da övladlarımdan, qızlarımdan birinə keçsin. Çünki gəlinim mənimlə yaşamır, bizim qeydiyyatdan da çıxıb. İstəmirəm ki, məndən sonra balamın Haqqı olan ocağı, ev-muzeyi başqalarına, özgələrə qismət olsun. Gorumda, məzarımda ot tutub yanaram.
Odur ki, hər ikinizdən xahiş edirəm-bu məsələdə səlahiyyətləriniz daxilində mənə dəstəyinizi, köməkliyinizi göstərəsiniz, ev-muzeyinə çevirdiyim iki otaqlı mənzilin, balamın Haqqı olan mənzilin ömürlük (hətta məndən sonra) adıma keçirilməsi üçün aidiyyatı qurumlara və şəxslərə tapşırıq və göstərişlərinizi verəsiniz. Bununla həm Şəhidimin ruhu sevindirilmiş, həm də mənə təskinlik verilmiş olar. İnanıram və əminəm ki, belə də olacaq, müraciətim müsbət həllini tapacaq, balamın ocağı sönməyəcək, yaşayacaq!
Öncədən Sizə bir daha və bir daha öz dərin minnətdarlıq və təşəkkürlərimi bildirirəm! Allah Sizləri, gözəl ailənizi, Qalib Azərbaycanımızı qorusun!”
Etikxeber.az




