“Hər iki övladını Şəhid vermiş Şəhid valideynləri olaraq istərdik ki, övladlarımızdan birinə Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı adı, birinə isə “Zəfər” və ya “Qarabağ” ordeni verilsin”-ŞƏHİD QARDAŞLAR – TURAL VƏ MUSA HƏSƏNOVLARIN VALİDEYNLƏRİNDƏN ALİ BAŞ KOMANDANA MÜRACİƏT

Mingəçevirdən olan Şəhid qardaşlar – Tural və Musa Həsənovların valideynləri Nəhayət və Tapdıq Həsənovlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezidenti, Birinci xanım Mehriban xanım Əliyevaya, Baş nazir Əli Əsədova, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevə, Müdafiə naziri, general-polkovnik Zakir Həsənova, Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyevə və Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərova müraciət ünvanlayıblar.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Cənab, Ali Baş Komandan!

Yazıb Sizə bildirmək istəyirik ki, biz-Nəhayət və Tapdıq Həsənovlar Mingəçevirdən olan Şəhidlərin-iki Şəhid övladın valideynləriyik və ikinci dəfədir Sizə, Ali Baş Komandanımıza müraciət edirik. Səhv etmiriksə, ilk dəfə bu ilin may ayının sonlarında Sizə müraciət ünvanlamışdıq. Bir daha qeyd etmək istərdik ki, övladlarımız Tural və Musa Həsənovlar İkinci Vətən Müharibəsi zamanı səfərbərliyə cəlb olunaraq, cəbhə bölgəsinə-Qarabağın işğaldan azad olunması uğrunda döyüşlərə göndəriliblər. Hər iki övladımız da ailəli, iki övlad atası idi. Bir müddət öncə isə Şəhidlərimizdən Musanın bir yaşlı övladını-İncini də itirdik və dərdimizin üstünə yeni bir dərd gəldi. Allah heç bir bəndəsinin başına belə bir müsibət gətirməsin. İncimiz Şəhid atasına və Şəhid əmisinə qovuşdu. Hər üçünün də məkanı cənnətlik, nurlu olsun!

Onu da qeyd edək ki, həm Musa, həm Tural İkinci Vətən Müharibəsinin elə ilk günlərində, qanlı döyüşlərdə Vətən, Qarabağ uğrunda Şəhid olublar. Musanın Şəhidliyi 35, Turalın Şəhidliyi isə 69 gündən sonra təsdiq olunub və Musa noyabrın 5-də, Tural isə dekabrın 9-da Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunublar. Övladlarımızın hər ikisi də ölümlərindən sonra Müzəffər Ali Baş Komandanımız kimi, ötən ilin dekabr ayı və bu ilin iyun ayında imzaladığınız müvafiq Sərəncamlarla 3 medalla təltif olunub”.

Müraciətdə sonra deyilir:

“Hörmətli, İlham Heydər oğlu!

İkinci Vətən Müharibəsi zamanı iki övladını itirən 4 ailədən biriyik. Övladlarımızın Qəhrəmanlığı, İgidliyi, Şəhidliyi ilə də Fəxr edirik, Qürur duyuruq. İstər Şəhid, istərsə Şəhid valideyni olmaq heç də hər kəsə nəsib olmur. Həm Şəhidlik, həm də Şəhid valideynliyi ən müqəddəs dəyərdir. Ona görə, Şəhid(lər) valideyni olaraq, arzumuzdur ki, övladlarımızdan biri Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı adı, digəri isə “Qarabağ” və ya “Zəfər” ordeni ilə təltif edilsin. İlk müraciətimizdə də bu xahişimizi bir qədər fərqli formada qeyd etmiş, dilə gətirmişdik.

Düzdür, ilk müraciətimizdən sonra Tural daha iki, Musa isə daha bir medalla təltif olundu, buna görə də əməyi, zəhməti keçən hər kəsə, xüsusilə, Müzəffər Ali Baş Komandan kimi Sizə minnətdarıq. Amma bununla belə, çox istərdik ki, həm bizim övladlarımız, həm də 32 illik Qarabağ münaqişəsi-İkinci Vətən Müharibəsi zamanı iki oğlunu itirmiş valideynlərin Qəhrəman, Cəsur övladları daha yüksək və Haqq etdikləri adlara, Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanı adlarına, “Qarabağ” və Zəfər” ordenlərinə layiq görülsünlər. Bizim özümüzlə bərabər, eyni taleni yaşamış, yaşayan Şəhid(lər) valideynlərinin də arzularını dilə gətirir və çin olmasını Sizdən rica edirik.

Bu baxımdan çox istərdik, çox arzu edərdik ki, bizim istəyimizin, xahişimizin nəzərə alınmasına və onun müsbət həll olunmasına dəstəyinizi, köməkliyinizi əsirgəməyəsiniz. Əgər övladlarımızdan birinə Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı, digərinə isə “Qarabağ” və ya “Zəfər” ordeni verilərsə, bu, həm Şəhidimizin, Şəhidlərimizin ruhunu, ruhlarını sevindirmiş olar, həm də dərdli, kədərli, Qürurlu və Məğrur Şəhid(lər) valideynləri, Şəhidlər ailəsi olaraq, bizlərə mənəvi dəstək, təsəlli, təskinlik olar. İnanırıq və əminik ki, müraciətimiz tərəfinizdən nəzərə alınacaq və yaxın zamanlarda öz müsbət həllini tapacaq”.

“Cənab, Prezident! Eyni zamanda, Şəhidlərimizin adlarının, xatirəsinin əbədiləşdirilməsini və bununla bağlı müvafiq qurumlara, o cümlədən Nazirlər Kabinetinə, Təhsil Nazirliyinə, Mingəçevir Şəhər İcra Hakimiyyətinə tapşırıq və göstərişlərinizi verəsiniz. Çox istərdik ki, Mingəçevirdəki küçələrdən birinə Musa və Tural Həsənovların adı verilsin. Həmçinin, Şəhidlərimizin vaxtilə getdikləri və hazırda da Musanın tək qız övladının getdiyi ( həm də ciddi təmirə ehtiyacı olan) 8 saylı uşaq bağçasına Şəhidlərimizin adı verilsin.

Yeri gəlmişkən, hər dəfə bu məsələni müvafiq qurumlar, İcra Hakimiyyəti qarşısında qaldıranda qanunvericiliyi, Nazirlər Kabinetinin bədnam 1994-cü il tarixi qərarını oraya qoyur və bildirirlər ki, ancaq Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı olan, ya da ən azı iki ordenə layiq görülən Şəhidlərin adları əbədiləşdirilə, küçəyə, prospektə, məktəbə, uşaq bağçasına verilə bilər, digər halda qeyri-mümkündür. Bu isə bir Şəhid və Şəhidlər ailəsi, valideynləri olaraq, bizi çox üzür, incidir, məyus edir. Ona görə xahiş edirik ki, yenidən qanunvericiliyə baxılsın, dəyişiklik edilsin, həmçinin, Nazirlər Kabinetinin məlum bədnam 1994-cü il tarixli qərarı qüvvədən düşürülsün. Bu, tək bizim deyil, həm də minlərlə Şəhid ailəsinin arzusu və xahişidir.

Ona görə inanır və əminik ki, bu məsələlərin həllinə də dəstəyinizi verəcək, köməkliyinizi əsirgəməyəcəksiniz. Bu məsələlər də, bu xahişlərimiz də tərəfinizdən nəzərə alınacaq və öz müsbət həllini tapacaq. Öncədən də özümüz, ailə üzvlərimiz adından Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Allah Sizi, gözəl ailənizi, Dövlətimizi, Xalqımızı, Qalib və Müzəffər Ordumuzu, İgid Əsgərimizi qorusun!“-deyə, müraciətin sonunda bildirilir.

Etikxeber.az

Read Previous

Əlavə buraxılış imtahanı keçirilir-BU GÜN

Read Next

Laçında Azərbaycan-Türkiyə birgə təlimi davam edir: Xüsusi təyinatlılar qarşıya qoyulan tapşırıqları yüksək-PEŞƏKARLIQLA YERİNƏ YETİRİB – FOTO-VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir