“Hər iki rayonda içməli su təchizatı, suvarma sistemləri ilə bağlı çox ciddi problemlər mövcuddur”-JALƏ ƏLİYEVA ZƏRDAB VƏ UCARIN PROBLEMLƏRİNİ YENİDƏN HÖKUMƏT QARŞISINDA QALDIRDI, “ƏKİNÇİ” İLƏ BAĞLI DÖVLƏT QURUMLARINA SƏSLƏNDİ

JALƏ ƏLİYEVA:”Buradan bütün əlaqədar qurumlara səslənirəm: Əkinçi qəzetini düşdüyü çətinlikdən qurtarmaq lazımdır!”

Bu gün Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Bəli, biz misilsiz bir qələbə çaldıq. Möhtəşəm quruculuq işləri həyata keçiririk. Biz 30 illik işğal dönəmində, 44 günlük şanlı müharibəmiz günlərində, müharibədən ötən 1 il ərzində də bir an olsun layihələri dayandırmadıq. Tam əksinə, hərbi, iqtisadi, sosial sahədə, digər sahələrdə böyük uğurlara imza atdıq, ölkəmizi Cənubi Qafqazın ulduzuna çevirdik.

Etikxeber.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, bütün bunlar üçün birinci növbədə ölkə rəhbərinə, onun dəmir iradəsinə, dəmir yumruğuna borcluyuq. 2022-ci ilin dövlət büdcəsi layihəsi də uğurlarımızın davamı kimi qiymətləndirilməlidir.

“Zərdab rayonunun Məlikumudlu, Şahhüseynli, Dəliquşçu, Xanməmmədli, Məmmədqasımlı kənd yollarını mərkəzi yolla birləşdirən hissəsinin əsaslı təmirinə ehtiyac var. Ucarın Bərgüşad kəndinin də layihədən kənarda qalan 6,5 km-lik hissəsinin əsaslı təmirinə ehtiyac var”

O, sonra deyib:

“Mən hökümətimizə, Samir müəllim şəxsən sizə və layihədə əməyi keçən bütün hökümət üzvlərinə təşəkkür edir və uğurlarınızın davamını arzulayıram. Bütün ölkənin inkişaf tempi seçildiyim Zərdab və Ucar rayonlarından da yan keçməyib. Yeri gəlmişkən Azəriqazın Baş direktoru Ruslan Əliyevə Zərdab rayonunun Gəndəbil və Ağabağı kəndlərinin qazlaşdırılması ilə bağlı müraciətimizə müsbət cavab verdiyinə və artıq qaz çəkilişi işləri başladığına görə minnətdarlığımı bildirirəm. Eyni zamanda 4,6 km-lik Körpükənd yolunun əsaslı təmiri ilə bağlı müraciətimiz də hökümət tərəfindən müsbət həll olunduğuna və artıq bu yol çəkilib istifadəyə verildiyinə görə, eyni zamanda rayonun Gəndəbil, Ağabağı, Əlvənd yolunun və Ucar rayonunun Bərgüşad kəndinə gedən 65 km-lik yolun əsaslı təmiri ilə bağlı müraciətlərimiz də öz müsbət həllini tapdığına görə minnətdarlığımı bildirirəm.

Lakin bununla belə, həlli vacib olan bir-neçə məsələ də var ki, onlarla bağlı təklif və suallarımı səsləndirmək istəyirəm. Birinci növbədə hər iki rayonda içməli su təchizatı, suvarma sistemləri ilə bağlı çox ciddi problemlər mövcuddur. Su təminatını yaxşılaşdırmaq üçün bizim hər müraciətimizdən sonra müəyyən cari işlər görülür. Latok kanalları, kollektorlar təmizlənir. Lakin bunlar hamısı müvəqqəti xarakter daşıyır. Bu məsələ köklü şəkildə həll edilməli, bölgələrin sosial-iqtisadi inkişafı layihələrində öz əksini tapmalıdır. Rayonun Şahhüseynli, Çallı, Məlikumudlu, Təzəkənd, Gəndəbil kəndlərinin əkinə yararlı sahələrinin suvarılması üçün təcili əməli tədbirlər görülməlidir. Bir məsələni də diqqətinizə çatdırım. Zərdab rayonunun Dəkkəoba kəndinin əkinə yararlı sahələrinin suvarılması üçün layihə sənədləri bundan 2 il əvvəl hazırlanaraq İqtisadiyyat Nazirliyinə göndərilmiş, lakin bu günə kimi heç bir nəticə əldə edilməmişdir. Eyni zamanda Ucar rayonunun Bərgüşad, Lək və Xələc kəndlərinin içməli və suvarma suyuna olan ciddi tələbatların ödənməsi üçün təcili layihə hazırlanması vacibdir. 2-ci əhəmiyyətli məsələ Zərdab rayonunun kanalizasiya sistemi ilə bağlıdır. Bu, çox ağrılı məsələdir. Hər il büdcə müzakirələri zamanı və hökümətin hesabatında biz bu məsələni gündəmə gətiririk.

Çox uzun illər əvvəl, 2011-ci ildə həmin ilə qədər etdiyimiz çoxsaylı müraciətlərimizdən sonra Zərdab rayonunda kanalizasiya çəkilişi işləri başlandı. Lakin necə deyərlər, sevincimizi gözümüzdə qoydular. Belə ki, işlər başlandıqdan qısa müddət sonra, tikinti işləri üçün gələn briqada geri döndü və işlər yarımçıq qaldl. Artıq 2022-ci il gəlir. Və bu illər ərzində həmin işlərin nə üçün yarımçıq qaldığına və davam etdirilməsi üçün nə zaman plana salınacağına dair suallarımız və müraciətlərimiz təəssüf olsun ki, cavabsız qalır. Bu məsələyə hökümətin əlaqədar qurumları tərəfindən aydınlıq gətirilməsini və öz müsbət həllini tapması üçün köməklik göstərməyinizi xahiş edirəm. 3-cü məsələ hər iki rayonun yolları ilə bağlıdır. Görülən işləri artıq qeyd etdik. Bununla bərabər Zərdab rayonunun Məlikumudlu, Şahhüseynli, Dəliquşçu, Xanməmmədli, Məmmədqasımlı kənd yollarını mərkəzi yolla birləşdirən hissəsinin əsaslı təmirinə ehtiyac var. Ucarın Bərgüşad kəndinin də bir az əvvəl qeyd etdiyimiz layihədən kənarda qalan 6,5 km-lik hissəsinin əsaslı təmirinə ehtiyac var. 4-cü məsələ. Bayaq qazlaşdırma ilə bağlı təşəkkürümüzü bildirdik.

Lakin Zərdab rayonunun Sileyli və Alıcanlı kəndləri və Ucar rayonunun Lək kəndi də qazlaşdırma üçün öz növbəsini gözləyir. 5-ci məsələ isə mətbu orqanları ilə bağlıdır. Konkret olaraq mətbuatın bünövrəsini təşkil edən Əkinçi qəzetinin bu günkü acınacaqlı vəziyyətini diqqətlərə çatdırmaq istəyirəm. Bu qəzet böyük H.b.Zərdabinin yurdunda-Zərdabda fəaliyyət göstərir. Müstəqilliyə qədər həftədə 3 dəfə 5500 nüsxə ilə buraxılıb. Lakin müstəqillikdən sonra keçən dövr ərzində qəzetə 1 qəpik də olsun vəsait ayrılmayıb və heç bir avadanlıq verilməyib. İndi böyük çətinliklərlə ayda 1 dəfə və cəmi 4 səhifə yayınlana bilir. Sadəcə 4 əməkdaşı var. Onların da əmək haqqı aylardır ödənilmir. Bu gedişlə Əkinçi qəzeti fəaliyyətini artıq dayandırmaq məcburiyətindədir. Buradan bütün əlaqədar qurumlara səslənirəm: Əkinçi qəzetini düşdüyü bu çətinlikdən qurtarmaq lazımdır!”

Etikxeber.az

Read Previous

Büdcə zərfinin ikinci oxunuşda müzakirələri-MÜZAKİRƏLƏR SABAH BAŞA ÇATACAQ…

Read Next

Kərim Vəliyev general-polkovnik, Ənvər Əfəndiyev general-leytenant oldu-SƏRƏNCAMLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir