Hərbi tibb sahəsində – YENİLİK

2018-ci ildə ölkəmizdə “Hərbi-tibbi terminlərin izahlı lüğəti” adlı nəşr işıq üzü görüb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı ilə nəşr olunmuş lüğətdə 25000 tibbi, hərbi-tibbi və hərbi terminlərin izahı verilib.

 Kitabın müəllifi tibb elmləri doktoru, professor, əməkdar həkim Kənan Yusif-zadə, redaktoru  Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, əməkdar elm xadimi, professor Əhliman Əmiraslanovdur. Əsər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub.

Kənan Yusif-zadə 2007-ci ildən etibarən araşdırmalar aparıb və Azərbaycanda ilk dəfə olaraq əhatəli şəkildə hərbi-tibbi terminləri bir kitaba toplayıb. Lüğətin tərtibində ingilis, rus, fransız, alman, italyan, ispan, fars, ərəb, xorvat, macar dillərində yazılmış tibbi ədəbiyyatlardan istifadə olunub.

Bütün terminlər istifadə qaydasına görə mənalar və latın, yunan dillərində transkripsiyaları mövcudluğuna görə verilmişdir. Burada hərbidə alınan zədə və xəstəliklər, döyüş zədələri, istifadə olunan silahlar və xidmət şəraiti nəticəsində baş vermiş xəsarətlərlə bağlı tibbi anlayışlar da yer alıb.

Lüğətdə hərbi həkimin praktik işində rast gəlinə biləcək simptom və sindromlara geniş yer verilmişdir. Bütün həkimlərin istifadəsi üçün yeni terminlər də toplanıb. Bu terminlərin əmələ gəlməsi uzun illər ərzində sərhədçi həkimlərin müşahidəsi, təcrübəsi nəticəsində ortaya çıxmışdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

SHA_2527

SHA_2542

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova kitab haqqında yazdığı Ön sözdə bildirir ki, tibbin bir elm kimi müxtəlif istiqamətlərdə inkişafı, başqa elm sahələri ilə inteqrasiyası mövcud terminoloji sistemdə əsaslı dəyişiklərə səbəb olub. Tibb elminin müasir inkişaf səviyyəsi, yeni-yeni istiqamətlərin təşəkkülü, elmlərin inteqrasiyası və diferensiyasının nəticəsi olaraq elmlərin həmhüdud sahələrinin inkişafı amili də bunu zəruriləşdirir. Məqalədə vurğulanır ki, ölkəmizdə tibb sahəsində beynəlxalq əlaqələrin genişlənməsi ilə əlaqədar Azərbaycan dilinə çox sayda yeni tibb terminləri və birləşmələri daxil olmuşdur. Tibb elminin sürətli inkişafı, yeni sahələrin yaranması bu sahədə yaranan yeni terminlərin toplanmasını, onların sistemləşdirilməsini və izahlı tibb terminləri lüğətinin tərtibini zəruri edir.

Kitabın əhəmiyyəti barədə öz fikirlərini Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor Böyükkişi Ağayev əsər barədə verdiyi rəydə ətraflı şəkildə açıqlayıb. O, bildirib ki, “Hərbi-tibbi terminlərin izahlı lüğəti” klinik tibbin bütün sahələri üzrə mövcud olan, o cümlədən hərbi təbabət, cərrahiyyə, terapiya, psixiatriya, oftalmologiya, onkologiya, dermatologiya, farmakologiya, pediatriya, travmatologiya və s. terminləri əhatə edir. Uzun çalışmalardan sonra ərsəyə gələn bu lüğətin özündən əvvəlkilərdən əsaslı fərqi ondan ibarətdir ki, terminlərin mənası və mahiyyəti açıqlanmaqla yanaşı, hansı dilə məxsus olmaları və digər dillərdəki ekvivalentləri də qeyd edilmiş və ətraflı izah edilmişdir. Lüğət həkimlər, tibb sahəsində çalışan işçilər, tibb tələbələri, onu tədris edən müəllimlər, ümumiyyətlə, geniş oxucu kütləsi üçün faydalı olacaq”.

Kənan Yusif-zadə özü isə bu əsərin əmələ gəlməsi səbəbləri, apardığı tədqiqatlar, gəldiyi nəticələr barədə belə deyir:

“Azərbaycanın qarşılaşdığı Dağlıq Qarabağ münaqişəsi zamanı baş verən ciddi insan tələfatı, eyni zamanda hərbçilərin aldıqları travmalar kimi acı təcrübə hərbi tibb sahəsinin səviyyəsinin təkmilləşdirilməsi zərurətini yaratdı və bununla da hərbi-tibbi terminlərin gündəlik həyatda geniş istifadəsinə gətirib çıxartdı. Lüğətin tərtib olunmasının aktuallığı və yeniliyi ondan ibarətdir ki, burada yalnız elmi-tibbi terminologiyanın deyil, həmçinin də praktik həkimin təcrübəsində istifadə olunan terminlərin açıqlaması verilmişdir. Lüğətdə müasir hərbi-tibbi terminologiyaya da xüsusi diqqət ayrılmışdır”.

Etikxeber.az

 

 

Read Previous

“Qoy, bunu beynəlxalq anti-Azərbaycan siyasi dairələr də bilsin…” – DEPUTAT – RƏY(LƏR)

Read Next

“Dünyanın hər bir yerində bunu bilirlər ki…” – ƏLİ ƏHMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir