“…Hərdən evlənməkdən söz düşəndə deyərdi ki, hələ tələsmirəm…Qoy ev-eşiyimi düzəldim, işim-gücüm, qazancım olsun, sonra evlənərəm…Heç istədiyi qız da yox idi…”-GORANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ FARİZ QURBANOVUN ANASI LƏTAFƏT QURBANOVA – BU GÜN ƏLİ VƏ İSLAM ƏHMƏDOV QARDAŞLARININ, FARİZ QURBANOVUN, ELMAN HƏSƏNOVUN, KƏRİM YUSİFOVUN, TURQUT ZEYNALOVUN, HİDİ VƏLİYEVİN, RZA MƏMMƏDOVUN, EMİN MƏMMƏDOVUN…ANIM GÜNLƏRDİR – FOTOLAR – YENİLƏNİB

İkinci Vətən Müharibəsinin ilk Şəhidlərinin (27 sentyabr 2020-ci il Şəhidlərinin) beşinci ildönümüdür.

İkinci Qarabağ Savaşının ilk Şəhidlərinin Əbədiyyətə uğurlanmasından beş il keçir.

Mingəçevirli (əslən Goranboylu) Şəhid qardaşlar-Əli və İslam Əhmədovların, Goranboyun Qızılhacılı qəsəbəsindən olan Elman Həsənovla Fariz Qurbanovun, Tap-Qaraqoyunlu kəndindən olan Hidi Vəliyevin, Fəxralı (Faxralı) kəndindən olan Kərim Yusifovun, Şamaxının Göylər kəndindən olan Rza Məmmədovun, Beyləqan rayonunun Qəhrəmanlı kəndindən olan Emin Məmmədovun, əslən Ağdamlı, özü isə Bərdə rayonundan olan Turqut Zeynalovun və onlarla digər Şəhidin bu gün Anım günləridir.

Etikxeber.az xəbər veriir ki, Şəhid qardaşlardan Əli İlqar oğlu Əhmədov 1993-cü il, İslam Əhmədov 1994-cü il, Fariz Məhəmməd oğlu Qurbanov 1998-ci il, Elman Mehman oğlu Həsənov 1993-cü il, Hidi Bəxtiyar oğlu Vəliyev 1996-cı il, Rza Əsgər (Xanbaba) oğlu Məmmədov 2001-ci il, Emin Vətən oğlu Məmmədov 1992-ci il, Turqut Fikrət oğlu Zeynalov 1996-cı il,  Kərim Həsrət oğlu Yusifov isə 1995-ci il təvəllüdlüdür.

Emin Məmmədov Xüsusi Təyinatlı, Əli və İslam Əhmədovlar, Elman Həsənov, Hidi Vəliyev, Kərim Yusifov, Turqut Zeynalov və Fariz Qurbanov Azərbaycan Ordusunu hərbçiləri (MAXE), Rza Məmmədov isə cəmi 9 ayın Əsgəri olub.

Əli və İslam Əhmədovlar, Eman Həsənov, Fariz Qurbanov, Hidi Vəliyev, Turqut Zeynalov və Kərim Yusifov Ağdərərə-Tərtər, Talış-Suqovuşan istiqamətlərində, Emin Məmmədovla Rza Məmmədov isə Füzuli istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Şəhid qardaşlar Mingəçevir Şəhidlər Xiyabanında, Rza Məmmədov Şamaxının Göylər kənd qəbiristanlığında, Goranboylu Kərim Yusifov Fəxralı kənd qəbiristanlığında, Fariz Qurbanov, Elman Həsənov və Hidi Vəliyev Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında, Emin Məmmədov Beyləqanın Qəhrəmanlı kənd qəbiristanlığında, Turqut Zeynalov Bərdə Şəhidlər Xiyabanında dəfn olunublar.

Hər biri Şəhidliklərindən sonra bir neçə medalla təltif edilib.

Eyni zamanda, Emin Məmmədovla Əli və İslam Əhmədovlar 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.

Əli Əhmədov nişanlı, İslam Əhmədov ali təhsilli, Elman Həsənov isə ailəli, iki övlad atası idi.

Emin Məmmədov, Rza Məmmədov, Fariz Qurbanov, Kərim Yusifov, Turqut Zeynalov və Hidi Vəliyev subay olublar.

Əli və İslam Əhmədovlar atalarını, Elman Həsənov isə anasını illər öncə itirib.

Emin Məmmədov, Rza Məmmədov, Fariz Qurbanov və Elman Həsənov ailənin tək oğlu olublar.

Əli və İslam Əhmədovlar ailədə cəmi iki övlad, iki qardaş, Hidi Vəliyevlə Turqut Zeynalov ailənin 4 övladından, Kərim Yusifov isə evin 3 oğlan övladından biri olub.

***

Qeyd edim ki, Anım Günləri ilə bağlı dünən-27 sentyabr 2025-ci il tarixində Əli və İslam Əhmədovların Mingəçevirdəki ocağını, anası Sevinc Əhmədovanı və Fariz Qurbanovun isə Goranboy rayonunun Qızılhacılı qəsəbəsindəki ocağını, anası Lətafət Qurbanovanı və tək bacısı Əfsanə Qurbanovanı ziyarət etdim…

Hər iki Şəhidimizin doğmalarına-analarına bir daha Allhadan səbr və dözüm arzuladım…

Bir daha “Şəhidlərimizin, balalarınızın, Şəhid balalarımızın məkanları cənnətlik, ruhları şad olsun!”-dedim…

Bir daha Əli və İslam Əhmədovlar Fariz Qurbanov da daxil olmaqla, cəmi Şəhidlərimizin ruhları qarşısında baş əydiyimi, baş əydiyimizi, bir ömür boyu onlara borclu olduğumu və borclu olduğumuzu bildirdim…

Şəhidlərimizi heç zaman unutmağa, yaddan çıxarmağa Haqqım və Haqqımız olmadığını söylədim…

Şəhidlərimizin doğmaları, anaları ilə söhbətləşdim, dərdləşdim…

Fariz Qurbanovun anası Lətafət xanımın dediklərindən:

“Fariz çox təmizkar, çox səliqəli, çox mehriban, çox istiqanlı, bir az da ərköyün uşaq idi…Mən daha çox onu ərköyün etmişdim…Deyirdim ki, tək oğuldur, qəlbinə, ürəyinə dəyməyim, istədiyini bişirim, istədiyi paltarı alım…Mağazaya, dükana gedəndə də gözüm oğlan paltarlarında qalırdı…İstəyirdim ki, hamısını Farizə alım…

…Hərdən evlənməkdən söz düşəndə deyirdi ki, hələ tələsmirəm…Qoy ev-eşiyimi düzəldim, normal işim-gücüm, qazancım olsun, sonra evlənərəm…Heç istədiyi qız da yox idi…Hərdən özü də, bacısı da qız qaçırtmaqdan söz salar, mənə zarafatyana sataşardılar…Mən də deyərdim ki, axı, arzum var, mən də anayam, başıma yaylığımı örtüb, elçiliyə getməyim?!…Onlar da gülərdilər…Nə deyim…Bütün arzuları, bütün arzularım gözümüzdə qaldı…”

***

Dərgahları mübarək, məqamları Ali və Uca olsun!

Nurlar içində uyusunlar!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Kürdəmirli Antiterror Şəhidi Vüsal Əhmədovun Anım Günündə-MƏZARI ZİYARƏT OLUNDU, ADINA EHSAN SÜFRƏSİ AÇILDI… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Vətən yolunda bir gözünü qurban vermiş-QAZİ ADƏM DAVIDOVUN TOYU OLDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir