Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İndi yaşadığım “Şərifzadə” küçəsindən mərkəzi yola çıxan dar bir keçid var.
Uşağı məktəbə həmişə o yoldan aparıram ki, zaman itirməyim. Bu gün də eyni istiqamətlə gedirdik. Bir baxdım, vaxtaşırı gözümə dəyən + xidməti nömrə nişanlı avtomobil yenə qarşıma çıxdı.
Və..arxasınca şütüyürəm.
Anidən dayandı – yolları səhər erkəndən təmizləyən yaşlı, süpürgəçi qadının düz yanında. Dar yol olduğu üçün mən də maşını saxlamağa məcbur oldum, hətta tələsirdim deyə bir az əsəbləşdim. Amma demə bir az sonra çox gözəl, ibratamiz hadisəyə şahidlik edəcəkmişəm….
Maşından son dərəcə aristokrat görünüşlü, kübar xanım düşdü. Təxminən 50 yaş civarında olardı. (qeyd edim ki, xanım düşəndən sonra sürücü maşını bir az kənara çəkdi və mənim keçməm üçün imkan yarandı. Fəqət, maraq güc gəldyi üçün prosesi izləməyə qərar verdim) Həmin süpürcəki ilə inanılmaz səmimiyyətlə görüşüb-öpüşdü.
Dərhal aydın oldu ki, bir-birini çoxdan tanıyırlar. Başladılar söhbətə. Ağız mimikasından kef-hal soruşduğu, qarşı tərəfin isə hər şeyin qaydasında olduğunu söyləməsi sezilirdi. Sonra həmin xanım süpürgəçi ananın boynunu qucaqlayıb dayandı və söhbətə beləcə davam elədi. Daha sonra cibindən nəsə bağlama çıxarıb verdi. Bəlkə də pul idi. Dəqiqi deyə blmərəm. Amma götürmürdü adam, zorla verdi. Ardınca yenə qadını bağrına basdı….onun hər iki üzündən öpdü, maşına əyləşdi və gözdən itdi…..
Mən susqun idim və heç gözləmədyim halda yanımda oturan qızım dilləndi: “Papa, mən kövrəldim. Çox.”
***

Hə, əzizlərim, məmurlar üzərinə bəzən sizli-bizli çox çökürük, onları danlayırıq, ittiham edirik. Oysa, inanın mənə, Azərbaycanın məmur elitasında ŞƏXSİYYƏTLƏR var və həmin şəxsiyyətlər ailələrinə, xanımlarına, övladlarına son dərəcə möhtəşəm bir tərbiyəni aşılamağı bacarıblar. Haqqında danışdığım qadın nəçidir, kimdir, kimin xanımıdır bilmirəm. Bəlkə də kimsə harda görsə ironiya ilə yanaşar, ilk görüntü fərqli olar. Ki, sadə həyat tərzindən uzaqdır, meşandır və s. Amma bəsirət gözü açıq olan, əsl öpüləsi əlləri, üzləri öpməyi bacaran belə qadınlar, simalar, kəslər ən bahalı maşında yox, lap təyyarədə də gəzsə halalları olsun.
***
Mən insanlara ən çox övladlarına verdikləri, verə bildikləri tərbiyənin həcmindən dolayı hörmət edirəm. Bu etalondur, şəxsim üçün. Hər zaman belə düşünmüşəm. Bax, məsələn, Nizami rayonunun icra başçısı var, Arif müəllim. Övladı Fuad bizimlə çalışır. Milli Məclsdə. Bu orucluq günündə and verirəm bütün sevdiklərimin canına ki, Arif müəllimlə bütün həyatım boyu bir dəfə üzbəüz gəlib salamlaşmamışam. Yəni, ümumən tanışlığım yoxdur. Amma adam elə tərbiyəli övlad böyüdüb, cəmiyyətə elə ləyaqətli oğul təqdim edib, içimdə ona minnətdar olmaya bilmirəm…
***
Bir dəfə isə Türkiyədə çox tanınmış bir məmurla təsadüf nəticəsində ailəcək bərabər istirahət etməli olduq. Yəni, ora çatarkən gördüm bu da külfətlə eyni məkandadır. Və…bir gün şam yeməyinə oturmuşduq. 8-ci sinifdə oxuyan oğlu ofisiantla nəsə tərs danışdı. Kişinin başından elə bil tüstü çıxdı. Məhz tüstü çıxdı, havalandı! Oğlundan tələb elədi ki, ofisiantdan üzr istəsin – öz də dönə dönə. Nümayişkəranə şəkildə! Sonra isə övladını otel otağına qovdu ki, bu gün sən bizimlə bərabər yemək haqqını itirdin. Hətta mənim belə yazığım gəldi və rica etdim uşaq qayıtsın, bir səhvdir, üzr istədi, daha eləməz. Amma atası dediyində israrlı idi:
“Mənim övladımın tərbiyəsizliyi mənim üçün ən böyük itkidir. Uşaq anlamalıdır ki, nəinki ofisiant, istənilən sənətin sahibi bu günki halı ilə ondan min dəfə, min boy daha üstündür, çünki zəhməti ilə, əlinin əziyyəti ilə pul qazanır, mənim oğlum isə hələ ata çörəyi yeyir. Ona görə yerini və həddini bilsin”. Ardınca da mənə baxıb: “ Qardaş, inan səmimi sözümdür, Allah bu həyatda nəyimi alacaqsa alsın, bir qəpiksiz, vəzifəsiz qalım, amma bircə övladlarımı tərbiyəsiz eləməsin, nadan və xeyirsiz olmasınlar, onlara baxıb məni söyməsinlər….”
P.S. Hərdən belə LƏYAQƏTLİLƏRDƏN də yazaq…
Elşən MUSAYEV,
Millət vəkili
Etikxeber.az





