“Həyat yoldaşım və mən özümüzü evdə hiss edirik” – PREZİDENT

“Azərbaycan prezidentinə, xanımına qonaqpərvərliyə görə təşəkkür edirəm. Mənim həyat yoldaşım və mən özümüzü evdə hiss edirik”.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda söyləyib.

Xorvatiya prezidenti Azərbaycanla Xorvatiya arasında biznes əlaqələrinin yaradılması imkanlarına görə prezident İlham Əliyevə təşəkkür edib: “Burada söhbət təkcə enerji və nəqliyyat sahəsindən getmir. İqtisadiyyatın digər sahələrində də böyük imkanlar var və Xorvatiya şirkətləri bundan bəhrələnməlidir. Mən bir neçə dəfə qeyd etmişəm, dünən ADA Universitetində çıxışımda da qeyd etdim ki, təəssüflər olsun ki, işgüzar dairələrimiz gözəl siyasi əlaqələrimiz səviyyəsində fəaliyyət göstərə bilmir. Bunu eyni qaydada Azərbaycana da şamil etmək olar. Azərbaycanla Xorvatiya arasında çox gözəl siyasi əməkdaşlıq var, heç bir açıq məsələmiz yoxdur. Sizi əmin edirəm ki, Avropa İttifaqı və NATO-da da Xorvatiya Azərbaycanın dostu və tərəfdaşı olaraq qalacaq. Ümid edirəm ki, tezliklə Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sazişin müzakirəsi başa çatacaq və bizim Zaqrebdə imzaladığımız Strateji tərəfdaşlıq sənədi də buna bir təkan verəcək”.

Kolinda Qrabar-Kitaroviç bildirib ki, onun tərəfindən “3 dəniz” təşəbbüsü irəli sürülüb: “Adriatik, Baltik və Qara dənizlərin birləşdirilməsi layihəsindən söhbət gedir. Təəssüf ki, bizim iqtisadi əməkdaşlığımızın neft qiymətindən və ya Azərbaycanın sifariş etdiyi bərə gəmilərinin sayından asılı olduğunu görürük. İqtisadi əməkdaşlığımız üçün daha güclü zəmin yaratmalıyıq. Mən şadam ki, bu gün bu forumda böyük sayda iş adamları iştirak edir. Azərbaycana rəsmi səfərimdə məni 50-dən artıq şirkət nümayəndəsi müşayiət edir. Xorvatiyada son 6 ildə müşayiət edilən tənəzzüldən sonra iqtisadiyyatımız inkişaf mərhələsinə qədəm qoyub, ümumdaxili məhsulun həcmi artır. Bu şirkətlər Xorvatiya iqtisadiyyatına həm Avropa, həm də qlobal bazarlarda öz töhfələrini veriblər. Bu gün bu şirkətlər Xorvatiyanın aparıcı şirkətləridir. Mənim məqsədim kiçik və orta şirkətlərin iqtisadiyyatın artım generatoru, aparıcı qüvvəsi olmasına nail olmaqdır. Bu şirkətlər də Azərbaycanla əlaqələrimizə mahiyyət verə bilsinlər”.

Etikxeber.az

Read Previous

Əliyev: “Gəlirlərimiz azalıb…”

Read Next

Növbəti ikitərəfli valyuta hərracı keçirildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir