“Hə… mən Mövluddan da nigaran deyiləm artıq” – SEVİNC FƏDAİ

“Hə… düşünürəm ki, artıq bunu yazmalıyam. İnsandan dəyərli, insandan gözəl heç nə olmadığını anlayırdım. Amma bir daha gördüm, bir daha anladım. Mənimçün susmağınızda, mənimlə susmağınızda, mənimçün ağlamağınızda, mənimlə ağlamağınızda, mənimçün davaya çıxmağınızda, məni qucaqlamağınızda, məktublarınızda, sözlərinizdə, səsinizdə duydum o böyüklüyü, o sevgini. Məni həm də siz güclü etdiniz, gözəl insanlar, yaxşı adamlar! Bilmirəm nə qədəriydiniz, amma mənim nəzərimdə minlərlə, milyonlarla adamıydınız, dünyaydınız. Hərdən gileylənirik ha, təkik, bizi anlayan, duyan yoxdu, halımıza yanan yoxdu. Elə deyil! Tək deyilik, bizi anlayan, duyan da var, halımıza yanan da var”.

Etikxeber.az xəbər verir ki, bunu bir müddət intihar edərək faciəli şəkildə dünyasını dəyişmiş tanınmış jurnalist Mövludun həyat yoldaşı-jurnalist Sevinc Fədai öz “Facebook” statusunda yazıb.

O, yazıb ki, bütün dostlara, doğmalara, yadlara, onu bir sözündən, bir yazımdan tanıyan oxuculara, hamıya minnətdardır:

“…Var olun! Nə yalan deyim, sizə ehtiyacım vardı, həmişə də olacaq, insansız olmaz! Hamınızın ürəyindən öpürəm… Mutlu olmağınızı, sevilməyinizi, sevməyinizi, xoş günlərinizin şahidi olmağı istəyirəm. Yaxşı olmağınızı istəyirəm.

Mən anlayıram. Anlayıram ki, bir ana yaxşı, xoşbəxt olmasa, bir ananın ürəyi gülməsə, sevgi dolu olmasa, övladı da yaxşı olmaz, yarımçıq olar, yaralı olar. Ona görə də məndən nigaran, narahat qalmayın. Ucaldan narahat qalmayın. Hamınıza söz verirəm, onu gözəl böyüdəcəm, Mövludun ruhu, sizin də ürəyiniz rahat olsun!

Hə… mən Mövluddan da nigaran deyiləm artıq. Bayaqdan hər dəqiqəbaşı nə yedi, nə içdi, necədi deyə düşünürdümsə, yenə öskürürmü, gec yatmadı ki deyə narahat olurdumsa… indi elə bilirəm ki, o hamımızdan rahatdı, yaxşıdı, xoşbəxtdi, o gülür… Rahat uyu, dostum…

Və sabahdan yeni bir işə başlayıram. Bu, həm də yeni bir səhifə olsun. Ümid edirəm ki, bundan sonra azalmayacağıq, itirməyəcəyik.

Özünüzü qoruyun, dostlar! Bir də çox xahiş edirəm, heç kim mənim gözəl Ucalıma acıyaraq baxmasın. Onu və heç bir uşağı miskin böyütməyək. Ucala yaxşılıq etmək istəsəniz, sevginizi verin, necə yaxşı insan olmaq olar, onu göstərin, həyatdan ümidini üzməyin yetər… O güclüdü, belə də olacaq. Ucaldan və bütün gözəl insanlardan ötrü min yol! Hər şey yaxşı olacaq!”-deyə, S. Fədai sonra yazıb.

Etikxeber.az

Read Previous

“ABŞ dünya lideri statusundan məhrum olub…” – XARİCİ İŞLƏR NAZİRİ

Read Next

CXP-dən sonra Cemil Çiçekdən də “Darbe hesabatı”na sərt etiraz gəldi:

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir