“Həm oğlumu, həm də oğlum qədər çox istədiyim bacımın oğlunu itirdim…Hər ikisi də Vətən,Torpaq uğrunda Şəhid oldular…”-ŞƏHİD NOFƏL NURİYEVİN ANASI – FOTOLAR

Nofəl Xaliq oğlu Nuriyev…

Qəhrəman Goranboyumun, Qəhrəman Qızılhacılımın daha bir İgidi, daha bir İkinci Vətən Müharibəsi Qəhrəmanı, daha bir Şəhidi…

09.01.1988-ci il doğumlu…

Ailənin tək oğlu…

Bir bacı, bir qardaş…

Hərbi (hərbçi) həkim…

Nofəl orta məktəbi qurtardıqdan sonra Mingəçevir şəhərindəki Tibb Kollecinə daxil olub…

Kolleci bitirdikdən sonra bir müddət başqa sahədə çalışsa da, son 9 ilini (Şəhadətinə qədər) ordu ilə, hərblə bağlayıb…

Əvvəl Naftalan, sonra Sarıcalı, daha sonra Sarovdakı hospital və səhra hospitallarında işləyib…

2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub…

İkinci Vətən Müharibəribəsinin də ilk gündən, ilk saniyədən iştirakçısı olub…

Həyatını təhlükəyə, risqə atmaqdan çəkinməyib, ölümün gözünün ortasına dik baxıb…

Həkim (feldşer) kimi çox həyatları qurtarıb, çoxlarına yenidən həyat bəxş edib, çoxlarını ölümün pəncəsindən xilas edib…

Amma özü…

Sentyabrın 29-da, axşam saatlarında Ağdərə-Suqovuşan istiqamətində, “Qaranlıq meşə” deyilən yerdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Nofəl həm də ailəli idi…

2011-ci ildə ailə qurmuşdu…

3 gözəl, şirin-şəkər övlad, 2 qız, bir oğlan atasıydı…

Böyük qızı Güllü ikinci, ikinci qızı Ayşə birinci sinifdə oxuyur…

Balaca Ali isə 9 aylıqdır…Adını da özü qoyubmuş…

Ali atası Şəhid olmazdan 3 ay öncə, 2020-ci ilin iyununda dünyaya gəlib…

Şəhidimizin anası Fatma xanımın dediklərindən:

“Oğlum oğlunu, övladını bəlkə də 4-5 dəfə görmüşdü, ya görməmişdi…Ali dünyaya gələn vaxt koronavirusa görə, Nofəli iş yerindən buraxmırdılar, deyirdilər ki, iş yerində qal…Sonra da müharibə… Balam balasının üzünü heç əməlli-başlı, doyunca da görə bilmədi (gözləri dolur)…Qızları da hələ uşaqdır…Yas günlərində də onları başqa yerə göndərirdim ki, stress, həyəcan keçirməsinlər…Hələ də atalarının məzarı üstünə aparmamışam…Güllü xüsusilə, çox həssas uşaqdır…Atasının paltarlarını qucaqlayıb yatır…Həyətdə “ata” sözü yazır, “ürək” şəkli çəkir…Bunları gördükcə ürəyim parçalanır…Amma neyləmək olar, bu üç körpəyə görə yaşamalıyam, yaşamaq lazımdır…Nə qədər çətin olsa da…”.

Ailəsi Nofəli axırıncı dəfə elə Şəhid olduğu gün, ayın 29-da görüb…

Fatma xanım belə xatırlayır:

“Həmin gün səhər tezdən onu yola saldım, arxasınca su atdım…Haradan biləydim ki, bu, onunla sonuncu görüşümüzdür, balam bir daha geri dönməyəcək…Elə 29-u axşam da Şəhid oldu… Amma nəşi oktyabrın 10-da bizə təhvil verildi və elə həmin gün torpağa tapşırıldı…Nofəl çox İgid, çox Qorxmaz oğuluydu…Həm də çox əladəltli, çox mərhəmətli, çox rəhmdil idi…Son tikəsini belə hamıyla bölüşərdi…Kimsəni incitməzdi, xətrinə dəyməzdi…Övladım olduğu üçün demirəm, kimdən soruşsanız belə deyər…Hərbçi, döyüş yoldaşları, tanıyan-bilən hər kəs bu gün də ondan ağız dolusu danışır, onu tərifləyir…Ruhu şad olsun balamın…Allah bütün Şəhid analarının, Şəhid ailələrinin, Şəhid valideynlərinin, Şəhid xanımlarının, Şəhid övladlarıının səbrini versin!”

Fatma xanım İkinci Vətən Müharibəsində daha bir əzizini, daha bir doğmasını, bacısının oğlunu- 24 yaşlı İlkin Səfail oğlu Vəliyevi itirib…

Fatma xanımın dediklərindən:

“Mən bu müharibədə əslində bir oğlumu deyil, iki oğlumu itirdim, oğlum, övladım qədər çox istədiyim İlkini, rəhmətlik bacımın oğlunu itirdim…Bacım cavan yaşlarında dünyasını dəyişmişdi, iki övladı, iki oğlu əmanət qalmışdı…Demək olar ki, uşaqlıqları bizim evdə keçmişdi…Hər iksini, xüsusilə, İlkini çox istəyirdim, öz oğlum, övladım bilirdim…İlkini də Nofəldən 16 gündən sonra itirdik, “Tülkü dərəsi” yerdə Şəhid oldu…Oktyabrın 26-da torpağa tapşırdıq…Zərbə dalınca zərbə, dərd dalınca dərd…Nur içində yatsın!”

Şəhidimizin-Nofəlin Qəhrəmanlığı, İgidliyi Azərbaycan dövləti, Ali Baş Komandan tərəfindən də dəyərləndirilib, “Vətən uğrunda” medalı ilə təltif olunub…

Haqqıdır, Haqq etdiyini də Şəhadəti ilə qazanıb…

Nur içində yatsın!

Allah rəhmət etsin!

Böyük Yaradan ailəsinə səbr versin!

Ruhu ailəsinə, balalarına kömək olsun!

Ömür boyu minnətdarıq ruhuna, ruhu qarşısında borcluyuq!

Borcumuz bir ömür boyu ödənməz!

Məqamı bir daha ucalardan uca olsun, Şəhidimizin, Nofəlimizin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

22.03.2021, Qızılhacılı

Etikxeber.az

Read Previous

Daha 670 yeni yoluxma-DAHA 15 ÖLÜM…

Read Next

Nazpəri Dostəliyevanın oğlu-VƏFAT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir