Həmin gün(lər) göz yaşlarımız üzümüzdən yox, içimizdən axırdı…Sadəcə, “fəxr edin, sevinin “əsərləri”nizlə, “uğur hekayələri”nizlə” deyirəm!!!-KAMİL HƏMZƏOĞLUNUN YAZISI

Ha dedim yazmayım, yəni, Kərbəlayi İsmayıl demişkən, ha dedim ki, dinməyim, qarışmayım, amma olmur, olmadı…

Adamı yerində dinc oturmağa qoymurlar ki…

Hamı bu gün, xüsusilə, 2019-cu ilin oktyabr-noyabr aylarından bu yana, Ramiz Mehdiyev Prezident Administrasiyasının (PA) rəhbərliyindən, Əli Həsənov isə İctimai-siyasi məsələlər şöbəsinin müdirliyindən (həm də Prezidentin köməkçisi vəzifəsindən) gedəndən sonra “qəhrəmana” çevrilib, hamı “mağduriyyət əbədiyyatı” oxumağa, “əzabkeş”…kimi özünü təqdim etməyə…başlayıb…Xüsusilə, media, QHT, siyasət… cameəsindəkilər…

Hamı (haqlı olanlar istisnalıq təşkil edir) bir tərəfdən “asıb-kəsir”, kölgələrini “qılınclayır”…Hamı “şiri-nərə” dönüb…

Hansı ki, “səmum yelləri”nəcən indiki “qəhrəmanlar”ın, “mağdurlar”ın çoxu onlara salam vermək, əllərini sıxmaq, şəkil çəkdirib, “poz”- başqalarına loru dillə desək, “qıjıt” vermək üçün… günlərlə, saatlarla növbəyə düzülür, farağat vəziyyəti alır, yenə də indiki rollarına- “boynubükük bənövşələr”tək “əzabkeş, yazıq, utancaq, məzlum, fağır” cildinə, obrazına girirdilər…

Deyim ki, bunların-rollarının…sayəsində də çox şeyə nail olmuşdular, həm də hər iki şəxs çoxlarını “kişi” belə etmişdi…Bu “kişiçiklər”in əlindən heç yerdə (toyda-şərdə belə) nəfəs almaq, hətta fb-yə girmək mümkün deyildi…

Adi bir söz yazan, eyham vuran kimi, dərhal “xoda” düşürdülər, ehkam kəsirdilər, “kişilik dərsi” keçirdilər, söyüş, təhqir beşi bir qəpikdən…Hələ skrinşotlamalar, çuğullamalar, evyıxmalar, torbatikmələri demirəm…

Bəli, “səmum yelləri”ndən, həmin şəxslər vəzifələrindən gedəndən, ölkə Prezidenti tərəfindən vəzifələrindən kənarlaşdırılandan sonra bəziləri istisna olmaqla, çoxları eyni “şövqlə” bunları eyni sözlərlə, epitetlərlə… söyməyə, təhqir etməyə, aşağılama başladı, özlərini “mağdur” kimi cəmiyyətin gözünə… dürtməyə çalışdı (guya ki, heç kimin heç kimdən və heç nədən xəbəri yoxmuş…) və son günlər onların rəzillikləri başqa bir “aləm”dir, fb-də, sosial şəbəkələrdə, medaiada… üfunətlərindən durmaq olmur…

Amma hansı ki, danışmağa üzü, haqqı, sözü olanlar yenə abırlarına bükülüb bunlara baxır, mat-məəttəl bu şounu, tamaşanı seyr edir, daha doğrusu, etmək zoru üz-üzədirlər…

Çoxlarının yadında olar-2011-ci ildə “Gün.Az” adlı İnformasiya Agentliyi yaradılmış, fəaliyyətə başlamış, qısa müddətdə də ölkənin ən nüfuzlu, ən peşəkar media orqanlarından biri kimi özünü təsdiqləmişdi…Gözəl, dəyərli, əxlaqlı, peşəkar kollektivi vardı…

Bir gün, daha doğrusu, 2014-cü ilin martın 17-də Agentliyə kuratorluq edən Elnur Aslanov vəzifəsindən gedəndən sonra bu media quruluşunun başının üstünü sözün əsl mənasında qara buludlar aldı…

Elə həmin gündən etibarən haqqımızda məlum dirijor çubuğu ilə “inşallah, bunlar da gedərlər, bunlar da həbs olunarlar…”-deyə, yazılmağa, pozulmağa başlandı-özü də daha çox”həmkarlar”, bu gün Mehdiyevdən, Həsənovdan “ah-vay” edənlər, “mağdur” obrazına girənlər tərəfindən…

Və tezliklə də “arzularına” çatdılar-2014-cü ilin aprelin sonlarında, bir dəqiqənin içindəcə PA-dan, məlum şəxsdən gələn təlimatla kollektiv dağdıldı, darmadağın edildi, xeyli işçi ixtisara salındı, əksəriyyəti də kirayədə yaşayanlar, kredit içində üzənlər…

Sonra bir neçə dəfə kollektiv “budama”ya məruz qaldı, maaşlar xeyli azaldıldı…Və əsl məşhər günü gəldi…2016-cı ilin isti iyun günündə-cəmi 8 nəfərdən ibarət kollektiv-kirayədə və kredit altında boğulanlar, ağır xəstələri olanlar (xüsusilə də iki dəhşətli devalvasiyadan sonra), maaşları kəsilənlər…bir saniyənin içərisində heç bir izahat verilmədən çölə atıldılar, taleyin, həyatın amansızlığı ilə baş-başa qaldılar, buraxıldılar…Çoxları uzun müddət işsiz-gücsüz qaldı…Çoxları iş vermirdi, vermək istəmirdi…Həmin gün(lər) göz yaşlarımız üzmüzdən yox, içimizdən axırdı…

Amma indi Mehdiyevi, Həsənovu “gilyotin”dən keçirənlər bu səhnəyə seyrçi qaldılar, tamaşa etdilər, hətta, qımışdılar, güldülər, kefləri şeşi-beş vurdu…Sanki üzərimizdə…PİRR qələbəsi qazanılmışdı…

Bəli, indi də o günləri xatırlayanda içimizdən dərin ahlar keçir, qara qanlar axır…və indi 180 dərəcədə dəyişənləri, əslində dəyişməyənləri, öz xislətlərinə…uyğun davrananları görəndə…Hansı ki, indi “Gün.Az”-çıların daha çox danışmağa, ittiham etməyə…haqları var… Amma və lakin…

Bu günə kimi nə Həsənovun əleyhinə yazmışam, nə də Ramiz Mehdiyevi şit, bayağı…şəkildə tənqid etmişəm…Çünki abrımı-həyamı gözləmişəm daim, bundan sonra da gözləyəcəyəm… Çünki xarakterim, dəyərlərim dəyişən deyil…

Amma məhz bu “əsərləri”nə, bu “uğur hekayələri”nə…görə…həmin şəxslərə, onlar kimilərə dişimin dibindən çıxanı demək istəyirəm, amma yenə özümü saxlayıram, demirəm…

Sadəcə, “fəxr edin, sevinin “əsərləri”nizlə, “uğur hekayələri”nizlə” deyirəm!!!

https://modern.az/az/news/105510

https://www.moderator.az/news/44990.html

19:46

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Sabiq “Gün.Az”-çı, Etikxeber.az saytının baş redaktoru, “525-ci qəzet”in parlament müxbiri

Read Previous

Naxçıvanın daimi nümayəndəsi səfirlə-NƏDƏN DANIŞDI? – FOTOLAR

Read Next

Deputat növbəti qəbul keçirdi-SEÇİCİLƏR NƏYƏ MİNNƏTDARLIQ VƏ NƏYİ XAHİŞ ETDİLƏR? – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir