Həmvətənimiz “Fiqaronun toyu”nda

Yanvarın 29-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının konsert zalında V.A.Motsartın “Fiqaronun toyu” operası nümayiş etdiriləcək.

Etikxeber.az teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Bartolo obrazını həmvətənimiz Timur Abdikeyev canlandıracaq.

T.Abdikeyev Bakıda doğulub. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 2004-cü ildə Mariya Teatrında Cakomo Puççininin “Canni Skikki” operasının premyerasında doktor Spinelloçço obrazı ilə debüt edib.

Rusiya Federasiyası Tatarıstan Respublikasının Əməkdar Artisti, beynəlxalq müsabiqələr laureatı T.Abdikeyev Mariya Teatrında opera truppasının solistidir. O, M.Qlinkanın “Ruslan və Lyudmila”, Cakomo Puççininin “Bohema”, “Madam Batterflay”, “Toska”, Coakkino Rossininin “Reymsə səyahət”, Cüzeppe Verdinin “Traviata”, “Riqoletto”, “Bal-maskarad”, “Taleyin gücü”, “Don Karlos”, “Atilla”, Qaetano Donisettinin “Lüçiya di Lammermur”, Nikolay Rimski-Korsakovun “Sadko”, “Qar qız”, Sergey Prokofyevin “Semyon Kotko”, Aleksandr Smelkovun “Karamazov qardaşları” və digər operalarda yaddaqalan obrazlar yaradıb.

T.Abdikeyev Mariya Teatrının opera truppası ilə birlikdə Paris, London, Madrid, Vaşinqton, Nyu-York, Stokholm, Kiyev və Moskva şəhərlərində qastrollarda olub. O, Ferruçço Furlanetto, Nikolay Putilin, Olqa Borodina, Anna Netrebko, Vasili Qerello, Viktor Çernomortsev kimi məşhur artistlərlə bir yerdə çıxış edib.

Etikxeber.az

Read Previous

Qətl törətməkdə təqsirləndirilən polisin Budapeştdə gizləndiyi üzə çıxdı…

Read Next

Gömrük Komitəsi tərəfindən büdcəyə daxil olan vəsait 17 faiz artıb?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir