“Həqiqət anı kimi dəyərləndirilən, kimin haqqın, kimin şərin yanında olduğunu göstərən Vətən müharibəsi və postmünaqişə dövrünün də əsas çağırışı budur ki, ədalətin, beynəlxalq hüququn mövcudluğu unudulmamalıdır”-MİLLƏT VƏKİLİ

Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfəri kifayət qədər məhsuldar keçib. Dövlətimizin başçısı NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Prezident İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasının iclasında da iştirak edib. Əlbəttə ki, bu görüşlərdə Azərbaycan və Ermənistanın rəhbərləri arasında keçirilən görüş əsas diqqət mərkəzində idi.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əminə Ağazadə deyib.

Deputat bildirib ki, səfər əsnasında keçirilən görüşlərdə və mətbuat konfranslarında bir çox prinsipial məsələlərə toxunulub:

“Prezident İlham Əliyev Zəngəzur dəhlizinin hüquqi rejimini Laçın dəhlizi ilə eyni olmasını şərt olaraq irəli sürdü. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Əgər bu gün Laçın dəhlizində gömrük yoxdursa, o zaman Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əks təqdirdə, Laçın dəhlizində Azərbaycan tərəfi gömrük-nəzarət sisteminin tətbiqinə başlaya bilər”.

“Artıq hamı başa düşür ki, Ermənistan reallıqları anlayır və razılaşmalara əməl etmək məcburiyyətindədir. Belə ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özü də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair Bəyanatında Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün iki ölkə arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış etdi, birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürüldü, regionda dəmir yolu xəttinin önəmi vurğulandı”– deyən Ə.Ağazadə diqqətə çatdırıb ki, bəzi hallarda narahatçılıq doğuran cəhətlər vardır, lakin bunun haqqında da Prezident İlham Əliyev açıq şəkildə Avropa ictimaiyyətinə siqnallar verdi:

“Bu, ilk növbədə, Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətlərinin görünməsi, dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhdlərin olmasıdır. Azərbaycan sülhün tərəfdarıdır. Ona görə də Azərbaycan rəsmi İrəvanın manevrlərini, yeni qruplaşmalarını və təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün cəhdlərini izləyir”.

Dünyanın ölkəmizin ərazi bütövlüyünü tanıdığını və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul etdiyini bildirən deputat deyib:

“Hazırda Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir. İndi də Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur. Ümumilikdə ümidverici cəhətlər də vardır. Belə ki, Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup çərçivəsində görüşlər davam edir. Qrupun əsas məqsədi və vəzifəsi kommunikasiyaların açılmasıdır. Danışıqların bir neçə mərhələsi nisbətən uğurlu olub. İndi Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq var. Avtomobil yolunun açılmasının qaçılmaz olduğuna dair aydın təsəvvürlər mövcuddur. Azərbaycandan keçib Ermənistana gedən və sonra Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına gedən Zəngəzur dəhlizinin hüquqi rejimi müzakirə olunur. Hava məkanı artıq aktivləşib. Azərbaycan Hava Yollarının Bakıdan Naxçıvana uçan təyyarələri Ermənistan hava məkanından keçməyə başlayıb. Böyük regional güclər artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar”.

Regional məsələlərin həllində Rusiya və Avropa İttifaqının əsas beynəlxalq oyunçular olduğunu vurğulayan deputat Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması üçün Rusiya və Avropa İttifaqının həqiqi istək nümayiş etdirdiklərini deyib:

“Burada hər hansı rəqabətdən söz ola bilməz. Hamı qəbul edir ki, uzunmüddətli sülhdə maraqlı olan beynəlxalq ictimaiyyətin, təsisatların, ölkələrin bu səyləri çox müsbət nəticə verə bilər. Uzun illər davam edən işğaldan və düşmənçilikdən sonra beynəlxalq oyunçular prosesə birmənalı şəkildə dəstək nümayiş etdirməlidirlər.

Dövlətimizin başçısı İlham Əliyevin Brüsselə işgüzar səfəri bir çox məqamlarla tarixə yazıldı. Günümüzün əsas məsələsi – Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi üçün təkcə atəşkəs deyil, real sülh sazişinin imzalanması vacibdir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşü və əldə olunan nəticə dünya siyasi gündəliyində qalmaqdadır.

Prezident İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə birgə keçirdiyi mətbuat konfransında bildirib: “Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”. Təsadüfi deyil ki, Şarl Mişel, həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edib. Bəyanatda təbii ki, bütün bunlar Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Bu baxımdan, dövlətimizin başçısının Brüssel səfəri Azərbaycanın maraqlarının qorunması və təşəbbüslərinin reallaşması baxımından çox faydalı və əhəmiyyətlidir”.

Deputat qeyd edib ki, son bir ildə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərə, sammitlərə, Zirvə toplantılarına diqqət yetirsək məhz bu reallığı görərik, – məkanlar fərqli olsa da diqqətin yönəldildiyi ünvan dəyişməzdir, – Azərbaycan. Qalib Azərbaycanın yürütdüyü uğurlu siyasətin nəticəsində hər sahədə təcrübəsi ilə nümunə olması, eyni zamanda, mövqeyinin ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanması, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr qurması ilə bağlıdır. Azərbaycanın xarici siyasəti çoxşaxəli və açıqdır:

“Bu baxımdan qeyd edə bilərik ki, həqiqət anı kimi dəyərləndirilən, kimin haqqın, kimin şərin yanında olduğunu göstərən 44 günlük Vətən müharibəsi və postmünaqişə dövrünün də əsas çağırışı budur ki, ədalətin, beynəlxalq hüququn mövcudluğu unudulmamalıdır. Onlar zamana və məkana görə deyil, vahid mexanizm əsasında tətbiq edilməlidir. Tarixi Zəfəri ilə yeni reallıqlar yaradan Azərbaycanın artıq diktə edən tərəf kimi çıxış etməsi regionda və dünya siyasətində yeniliklərə yol açıb” (AZƏRTAC).

Etikxeber.az

Read Previous

Yoluxmada azalma-582 – DAHA 15 ÖLÜM…

Read Next

Nəşi 40 gündən sonra dəfn edilən, iki medallı, subay-ŞƏHİD ADİL AKİF OĞLU RZAYEV… VƏ ŞƏHİD AİLƏSİNİN YAŞADIĞI “EV”… VƏ İŞDƏN ÇIXARILAN ŞƏHİD ANASI…TƏCİLİ ADDIMLAR ATILACAQMI, BİABIRÇI DURUM ARADAN QALDIRILACAQMI? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir