Həqiqi istedadlar var, ancaq Aybəniz kimisi yoxdur… – ƏMƏKDAR ARTİST

AYBƏNİZ HAŞIMOVA: Günahdır vallah, bu cür səsin olsun, ancaq oxumaq istəməyəsən…
 
Etikxeber.az Artkaspi.az-a istinadən tanınmış sənətçi, Əməkdar artist Aybəniz Haşımova ilə müsahibəni təqdim edir:
 – Sizə elə gəlmirmi ki, bu gün tələbələrinizə olan bu sevginizi, qayğınızı sizə vaxtı ikən müəlliminiz Şövkət Ələkbərova aşılayıb? 
– Bu, birmənalı belədir. Mənim tərbiyəçilərim gözəl insanlar olub. Həsən Həsənovla məni “Göyərçin” ansamblının rəhbəri Zaman Hüseynov tanış etmişdi. O, bütün uşaqlara öz övladı kimi qayğı göstərirdi. Uşaqlıq illərimin uğurlarımı, sənət taleyimi bütün gənc müğənnilərə arzulayıram. İnsanın əqidəsinə, şərəfinə, vicdanına ləkə gətirmədən onu ucaltsınlar. Adam var ki, deyir, gəl, səni məşhur edim. Amma qarşılığında çox böyük istəklər var, o istəklər ki, o adamın gələcəyinin məhvidir. Xoşbəxtəm ki, həyatımda yaxşı insanlar olub.
 – Bilirik ki, “Sənət Akademiyası” musiqi məktəbinin yaradıcısısınız. Belə bir məktəb yaratmaq ideyası necə yarandı? 
 – 2002-ci ildə “Bülbüllər” qrupunu yaratdım. Bu qrup dünyanın 55 ölkəsində Azərbaycanı təmsil etdi. Tələbələrim həm Respublika, həm də Ümümdünya festivallarının laureatlarıdırlar. Bu, hər uşağa o yaşda nəsib olan uğur deyil. ”Bülbüllər”in ən böyük, sonuncu uğuru tələbəm Fərid Məmmədovun “Eurovizion” mahnı müsabiqəsindəki çıxışı oldu. Fərid yerli səsverməyə görə birinci yerdə idi, birinciliyə layiq idi. Ondan öncəki il “Eurovizion” müsabiqəsində birinciliyi Azərbaycan qazandığına görə növbəti ildə Azərbaycana birinci yer verilmədi. Amma Fərid hətta yer tutmasaydı belə, onun müsabiqədə böyük ustalıqla iştirakı artıq onun qələbəsi idi. Fərid beş yaşından səhnədədir. O, beş yaşında Heydər Əliyev sarayında “Leylam” mahnısını oxudu, özü də yüksək səviyyədə. Mən çox şadam ki, bu işdə mənim də zəhmətim var. Sevinirəm ki, ustadımın vaxtilə qurduğu pedaqoji fəaliyyəti davam etdirməkdəyəm. Şövkət xanım biz tələbələrini övladı kimi sevirdi, tələbələrimə məhəbbəti ondan öyrənmişəm.
Mən şöhrətdən başı dönən insan deyiləm, elə insanları da sevmirəm. Onlar başa düşmürlər ki, bunun sonu yoxdur. Ağac bar gətirdikcə başını aşağı əyir. Mən səhnədə nə qədər ədalı görünmüşəmsə, həyatda bunun tam əksi olmuşam. Səhnə bunu istəyir: duruş, baxış, qamət. Amma həyatda başı göylə gedə bilməzsən, o yalnız səhnədə qalmalıdır. Mən bunu yaxşı dərk elədim. Oxuduğum mahnı kəmiyyətəmi xidmət edir, keyfiyyətəmi? Mən bilirdim ki, oxuduğum mahnılar keyfiyyətə xidmət edir. Ona görə də səhnədə ədalı durmalı idim.. Amma səhnədən enəndən sonra o gözəlliklərin vasitəsilə qazandığım nailiyyətin alqışlarını mənə edən insanlara özündənrazı nəzərlərlə baxa bilməzdim. Əgər o insanlar yerdə dayanıblarsa, mən də səhnədən enəndə yerdə durmağı bacarmalıydım. Mən tələbələrimə də bunu aşılamağa çalışıram. Səhnədən enəndə unutmayın ki, ayağınızı yer üzünün torpağına basırsınız. O torpaqda bütün insanlar gəzir, o insanlar ki sizi səhnədə alqışlayırlar. Sizi alqışlayan insanlara yuxarıdan baxmayın.
aybeniz-xanim
Aybeniz
arif-aybe-11
 – “Sənət Akademiyası” Aybəniz Haşımova yolunun davamçıları varmı? 
 – Həqiqi istedadlar var, ancaq Aybəniz kimisi yoxdur. Əgər ciddi məşğul olsalar, zəhmət çəksələr, mənim kimi gecələrini gündüzə qatıb çalışsalar, səhnənin enişli-yoxuşlu yollarının girişini-çıxışını biləcəklər. Hazırda beş tələbəm var ki, mən düşündüyüm kimi gələcəkdə bu işin üstündə möhkəm dayansalar və davamiyyətləri yüksək səviyyədə olsa, bir gün mən həyatda olmayanda səhnədə “Sənət Akademiyası”ndan beş uşaq parlayacaq. ”Bülbüllər” qrupunun üzvlərini müstəqil həyata buraxsam da, yenə də bir əlim onların üstündədir. Hansı birinə lazım olacağamsa, bilsinlər ki, arxalarında durmağa hazıram.
 – İlk dəfə səhnəyə on yaşında çıxmısınız. O günü necə xatırlayırsınız? 
 – Heç vaxt müğənni olmaq arzusunda olmamışdım. Bu, istedadımın fərqinə varıb, məni bu sənətdə görənlərin arzusu olub və mən nəticədə müğənni olmuşam. Nə yaxşı ki, müğənni olmuşam. Başqa sahədə özümü heç təsəvvür edə bilmirəm. Mən prokuror olmaq istəyirdim. Bu istəyim “Mehman” filmindən qaynaqlanırdı. Gəncədə “Musa dayının qarajı” deyilən bir yer vardı, atam da orada işləyirdi. Bir gün dedilər ki, orada konsert olacaq. Atam ilə bərabər ora getmişdim. İdarənin klubunda piano var idi. Həmin pianonu görəndə başladım ifa etməyə. Evdə heç kim bilmirdi ki, mən pianoda ifa etməyi bacarıram. Mən pianoda ifa edəndə qarajın direktoru Musa Musayev içəri daxil oldu, ifamı eşitdi və mənə dedi, sən nə gözəl oxuyursan, ay qızım. Bu gün burada konsert olacaq. Xahiş edəcəyəm ki, sənə də bir mahnı oxutdursunlar. Mən bu xəbərə çox sevindim. Amma necə oxuyacağam, necə olacaq, bunu heç düşünmədim. Axşam oxumaq üçün səhnəyə çıxmağa hazırlaşanda ansamblın rəhbəri Zaman müəllim dedi ki, məşqsiz mən onu səhnəyə buraxa bilmərəm, biz onunla məşq etməliyik. Mən kişinin bu sözündən çox incidim.
Çünki, oxumağıma icazə vermədi. Mən də o konsertdə çıxış etməli olmadım. Ertəsi gün Zaman müəllim evimizə zəng elədi ki, ürəyimdə qaldı, səsini dinləmək istəyirəm. Anama dedim, dedi ki, yox, getmə, sənin nə işin var orda. Dedim, ay ana, qoy gedim, o da görsün ki, kimi səhnəyə buraxmayıb. Getdim, orada mənə dedilər ki, nə oxuyacaqsan? Dedim, Emin Sabitoğlunun “İnsaf da yaxşı şeydir” mahnısını. Təəccüblə üzümə baxdılar. Axı adətən uşaqlar uşaq mahnısı oxuyurlar. Mahnını oxudum, sayranc bölməsinə çatanda fortepianoda ifa edən ansamblın piano ifaçısı Naibə xanım birdən dönüb mənə baxdı. Orkestrdə onun ifasını daha çox bəyənirdim. Çıxışımdan sonra çox təkid etdilər ki, ansamblda qal, bizimlə çalış, dedim, yox, mən gəldim ki, görəsiniz necə oxuyuram, ansamblda oxumaq üçün gəlməmişəm. Uzun müddət Zaman müəllim ailəmdən xahiş etdi ki, mən ansambl ilə çalışım. Anam dedi, ay qızım, get oxu, başın qarışar. Beləliklə, ansamblla fəaliyyətə başladım. Çox keçmədən Zaman müəllim bizi Moskvaya festivala apardı. Mənim ilk böyük səhnəm Moskvada Ostankino televiziyası olub. Orada mən “Notlar” verilişində mahnı oxudum və həmin veriliş Sovetlər birliyinin 15 respublikasına canlı yayınla nümayiş olundu. O gün ürəyim həyəcandan elə döyünürdü ki, az qala yerindən çıxsın. Çünki düşünürdüm ki, ifamı 15 respublikada seyr edəcəklər. Polad Bülbüloğlunun “Şən Azərbaycan” mahnısını oxumalıydım. Zaman müəllim dedi ki, əgər yaxşı alqışlasalar, ”Gəncəm” mahnısını da oxuyarsan. Mən olam, o alqışı almayam. O zamanlar “ağlayan gəlinciklər” çox bahalı olduğuna görə hər valideyn övladına ala bilmirdi. Zaldan bir tamaşaçı mənə “ağlayan gəlincik” bağışladı. Gəlincik də özüm boyda idi. Elə sevinirdim ki, təsəvvür edə bilməzsiniz, elə bildim dünyanı mənə bağışladılar. Sonra qayıtdıq Gəncəyə. Həmin il ulu öndər Heydər Əliyev Gəncəyə gəlmişdi. Həsən Həsənov isə mənim səsimi daha öncədən eşidib bəyəndiyinə görə istəyirdi ki, mən Heydər Əliyevin iştirak edəcəyi tədbirdə mahnı oxuyum. Elə də oldu.
 – Bu yaxınlarda filarmoniyada 50 illik yubileyinizlə əlaqədar solo konsert verdiniz. Konsert necə keçdi?
 – Səhnədə olduğum 40 il ərzində çox konsertlər vermişəm. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada konsert verməyim. Həyatımda ilk dəfə idi ki, dilim-ağzım quruyurdu, elə quruyurdu ki, su da içirdim, faydası olmurdu. Yəqin 50 yaşın fərqinə varmışdım. Səhnədə bir hadisə oldu. Öz yazdığım şeiri söyləyəcəkdim, səhnədə çaşsaydım, bununla da mənim üçün hər şey bitəcəkdi. Şeiri söylədiyim yerdə birdən ayaqqabımın dabanı səhnədə texnikaya aid olan açıq bir yer var idi, ora girdi və oradan çıxmadı. Bilmədim, ayaqqabımın dabanını çıxardım oradan, yoxsa şeirin davamını söyləyim, şeir də çıxdı yadımdan. Şeir də ən azı on bənddir. Bir bəndini dedim, ikinci bəndini unutdum, dedim, mən bitdim. Ancaq Allah mənə necə kömək oldusa, elə o anda şeirə yeni sətirlər düşündüm və onları söylədim. Ayaqqabımın dabanı da həmin yerdən çıxmırdı, bir tərəfdən də onu düşünürdüm. Səhnə çox gözəldir, gözəlliyi qədər də insanın həyatını o yerdə dayandıra biləcək qədər məsuliyyətli və ağır bir yerdir. Ona görə də mən hər zaman deyirəm ki, hazır olmadan səhnəyə çıxmaq olmaz. İllər boyu qazandığın hörməti bir dəqiqənin içində məhv edə bilərsən.
 – Amma yaşınızdan çox gənc görünürsünüz…
aybeniz-tahir
 – Uzun illər öncə Faiq Ağayevlə Dövlət televiziyasında bir konsertdə iştirak edirdik. Birdən Faiq mənə dedi, Aybəniz xanım, necə etmisiniz, belə gənc qalmısınız? Bilmədim necə cavab verim. Aygün Bayramova da yanımızda idi, dedi Aybənizin çox yaşı yoxdur ki… Sənət yaşım çoxdur, amma ömür yaşım 50-dir. Alnımda bir ömür yolu qədər qırış var, bu da hər halda ömür yolumun qırışıdır, mənə göstərir ki, səninləyəm ha (gülür)…
 – Geridə qalan 50 illik ömrünüzdən razısınızmı? 
 – 50 yaşım necə gəldi, bilmədim. Bir də gördüm ki, 50 yaşındayam. Həmin gün içimə bir qorxu girdi, heç vaxt belə qorxu keçirməmişdim. Hətta ilk sevgimi itirəndə belə qorxmamışdım. Nədən qorxdum? Ölmək istəmirəm. Çünki övladımı yerbəyer etməmişəm. Xəyallarımda ona arzu etdiyim ömür qisməti var, onu görmək istəyirəm. Tələbələrimin səhnədə böyük incəsənət xadimi olmaqlarını görmək arzusu var içimdə. Zalda ayaqüstə dayanıb tələbəmin Azərbaycanın ən böyük sənətkarı kimi adının çəkilməsini gözləyirəm. O səhnəni görüb alqışlamaq istəyirəm. Bu arzularımın çin olması ən böyük diləyimdir. Etiraf edim ki, bu mənada 50 yaşım məni qorxutdu. Sanki, mənə birdən bir səs dedi ki, gəlmişəm. Bunları görməməkdən qorxuram. Ona görə də Allahdan ömür istəyirəm, bilmirəm o möhləti mənə verəcək, ya yox. Allahdan istəyim budur ki, nə qədər ömür verəcəksə, məni bu dünyada utandırmadan yaşatsın və bu dünyadan gedəndə məni günahlarımla aparmasın. İmkan versin ki, bir baxışla da qazandığım günah varsa, onu elə bu dünyada yuyum. Ömür çox vəfasızdır. Bir dəqiqə sonra nə olacağını bilmirik. Sən demə, ömür yaman vəfasız imiş, istər gənc üçün, istərsə də mənim kimi 50 yaşına çatmış birisi üçün.
 – “Biz ailədə səkkiz uşağıq. Hamımızın da səsi var. Ancaq Şahnaz xanımdan və məndən başqa heç kəs oxumaq istəmir”, deyirsiniz…
 – Hamısı professional sənətkar kimi oxuya bilərlər. Bacılarımdan biri bu yaxınlarda televiziya verilişlərinin birində mənimlə bərabər iştirak edirdi. Dedilər ki, bacınız sizin haqqınızda bir söz desin. Dedim, mən ondan xahiş edəcəm, o, mahnı oxusun. Əgər o, mahnı oxusa elə biləcəyəm ki, mənim haqqımda nəsə deyir. Bacım səsi, ifası ilə hamını təəccübləndirdi, studiyadakı bütün qonaqlar heyran qalmışdı. Bacımın altmışa yaxın yaşı var, heç bir yerdə də oxumayıb. Elə oxudu ki, sanki illərdir səhnədədir. Günahdır vallah, bu cür səsin olsun, ancaq oxumaq istəməyəsən.
 
 – Hər bir valideyn övladı dünyaya gələndə onunla bağlı arzuları, ümidləri olur. Aynişan ümidlərinizi doğrultdumu?
 – Bəli, Aynişan ümidlərimi doğrultdu. Ali təhsil aldı, yalançı diplom almadı, doğrudan da, elmə yiyələndi. Bu gün Aynişan yaratdığım “Sənət Akademiyası”nda direktor vəzifəsində çalışır, eyni zamanda orada müəllim kimi də fəaliyyət göstərir. Aynişan danışanda mən onu dinləyirəm, hərdən düşünürəm ki, bəlkə getdiyim yerlərdə mən ancaq oxuyum, mənim yerimə Aynişan danışsın. O qədər ona güvənirəm ki… Fəxr edirəm ki, belə bir övladım var. Nə yaxşı ki, mənim və atasının işığını məhz Aynişan kimi övlad yandırdı. Bu günlərdə Aynişan mənə dedi ki, ana, mən uşaq olanda sən həmişə deyirdin ki, Şövkət Ələkbərovanın səsi xəstələrə məlhəmdir. Bir gün mədəmdən çox pis ağrı tutdu, sancıdan ağrıya dözə bilmirdim. Sənin sözün yadıma düşdü. Şövkət Ələkbərovanın mahnısını dinlədim. Psixoloji olaraq ona o qədər inanmışdım ki, mahnını dinləyəndə ağrım, doğrudan da, keçdi.
 – Aynişan sizə sirdaş ola bilirmi, yəni kədərinizi onunla bölüşə bilirsinizmi?
 – Aynişan sanki bir rəssam idi, həyatıma gəldi və elə bir rəsm əsəri çəkdi ki, həyatım tamamilə dəyişdi. Onun sayəsində bu gün həyatım o qədər gözəldir ki… O, mənim həm anam, həm atam, həm dostum, həm də yol göstərənimdir. Sağlam şəkildə, ruhuma zədə toxundurmadan elə gözəl yol göstərir ki…  Aynişan mənim dünyamdır.
Etikxeber.az

Read Previous

100 ən bahalı futbolçu – SİYAHI

Read Next

“Şərqin gözəli”nin anadan olmasının 99-cu ildönümüdür…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir