“Hər gün 4-5 şəhid ailəsi zəng edir, qəbula gəlir ki…” – QƏNİRƏ PAŞAYEVA

Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə çıxış edərək bir qrup şəhid ailələrinin birdəfəlik ödəmə almalarında problemlə üzləşdiklərini bildirib.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili deyib ki, hər gün 4-5 şəhid ailəsi zəng edir, qəbula gəlir və bu məsələnin parlamentdə qaldırılmasını xahiş edirlər:

“Şəhid ailələri cənab Prezidentin imzaladığı fərmanı, bu önəmli qərarı  razılıqla qarşılayır və bildirirlər ki, bu, şəhid ailələrinə göstərilən diqqət və qayğının nümunəsidir. Sadəcə, onlar bəzi şəhid ailəsi statusu alanların ailələrinin bu fərmandan yararlanana bilməməsi məsələsinin təkrar  parlamentdə qaldırılmasını xahiş edirlər. Müvafiq qurumlarla – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Azərsığorta” Dövlət Agentliyinin nümayəndələri ilə də danışdıqda onlar da narahatlıqlarını bildirir və ortaya çıxan bəzi problemlərin həllində maraqlı olduqlarını qeyd edirlər. Qarşıdan büdcə müzakirələri gəlir və hökumət nümayəndələrinin diqqətinə bu məsələnin bir daha çatdırılması daha yaxşı olardı. Şəhid ailələri hamımız üçün çox müqəddəsdir, onlar başımızın tacıdır, həm cənab Prezident İ.Əliyev, həm də ölkəmizin 1-ci vitse-prezidenti  Mehriban xanım Əliyeva şəhid ailələri ilə görüşəndə cəmiyyətə bu mesajı verdi ki, şəhid ailələri hər zaman xüsusi diqqətdə olmalıdırlar.

GANİRA-MM

Bir qisim şəhid ailələri cənab Prezidentin bu humanist fərmanından, diqqətindən yararlana bilir, bir qisim isə yararlana bilmir. Nəzərə alsaq ki, bu şəhid ailələrinin böyük hissəsinin bu birdəfəlik ödəməyə ehtiyacı var, yaxşı olardı ki qarşıdan gələn büdcə müzakirələrindən əvvəl hökumət qurumları ilə bu məsələ bir daha müzakirə edilsin. Bunun bir yolu tapılmalıdır. Çünki şəhid ailələri arasında ayrı-seçkilik yaradılmamalıdır.  Eyni zamanda, çox təəssüflər olsun ki, insanları nədənsə parlamentə tərəf döndərirlər. Biz də bir millət vəkili olaraq həmin şəhid ailələrinə müsbət cavab verməkdə çətinlik çəkir, pis vəziyyətdə qalırıq. Şəhid ailələrinin bu narahatlığını parlamentdə qaldıraraq onların narahatlığının xalqın parlamentində də nəzərə alındığını göstərmək istəyirik. Cənab sədr, sizin və parlamentimizin də hər zaman şəhid ailələrinə xüsusi həssaslıqla yanaşdığını bilirik, ona görə də yaxşı olardı ki bu məsələnin müsbət həlli məqsədilə qarşıdan gələn büdcə müzakirələrindən əvvəl  aidiyyəti hökumət qurumları ilə görüş keçirilsin və inanırıq ki, bu məsələ tezliklə öz müsbət həllini tapacaq, narazılıqlara son qoyulacaq”.

Etikxeber.az

Read Previous

“Dini xurafat ifadəsini qanuna əlavə etsək…” – MİLLƏT VƏKİLİNDƏN TƏKLİF

Read Next

Baş həkim deyir ki, pulsuz əməliyyat olmaz, xəstə qoy ölsün… – ŞOK!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir