“Hər hansı kreditor sabah bankdan 100 manat almalıdırsa…” – ASLANLI – YENİLƏNİB

Azərbaycanda bankın öhdəliklərinin könüllü restrukturizasiyası proseduru tətbiq olunacaq.

Etikxeber.az xəbər verir ki, bu, Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin martın 29-da keçirilən iclasında müzakirəyə çıxarılmış Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, bank öhdəliklərinin könüllü restrukturizasiyası ilə əlaqədar ərizə ilə  məhkəməyə müraciət edə biləcək. Ərizəyə məhkəməyə təqdim olunandan sonra 10 təqvim günü ərzində baxılacaq və qərar qəbul ediləcək.

Komitənin iclasında çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı deyib ki, könüllü restrukturizasiya dünyada tətbiq olunan bir prosedurdur:

“Bizim təklif etdiyimiz qanun layihəsi paketində könüllü restrukturizasiya önəmli bir yer tutur. Bu, ödəmə qabiliyyətini itirmiş, problemlərlə üzləşmiş banklar üçün çıxış yollarından biridir. Bankın səhmdarları belə hallarda kreditorlara müraciət edə və onlarla danışıqlar apara bilər. Məsələn, hər hansı kreditor sabah bankdan 100 manat almalıdırsa, deyə bilər ki, o həmin pulu sabah yox, 5 il sonra ala bilər. Yaxud kreditorlar bankın səhmlərinin bir hissəsinə sahib ola bilər. Könüllü restrukturizasiya zamanı bankın sağlamlaşdırılması ilə bağlı restrukturizasiya planı təqdim edilməlidir. Bu təcrübə 2008-2009-cu illərdə, qlobal maliyyə böhranı dövründə tətbiq olunub”.

Layihə MM-in iclasına tövsiyə olunub.

***

İclasda həmçinin,  İnzibati Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə edilib.

Dəyişikliyə əsasən, maliyyə bazarlarına nəzarət orqanı (Maliyyə Bazarlarına Nəzarət Palatası) tərəfindən banka müvəqqəti inzibatçı təyin olunması, bankın lisenziyasının ləğvi çərçivəsində qəbul olunan qərarlar məhkəmə tərəfindən ləğv edilə bilməz.

Layihəyə görə, maliyyə bazarlarına nəzarət orqanının həmin qərarların qanunvericiliyə uyğun olmaması barədə iddia məhkəmədə sübuta yetirildikdə həmin iddia zərərçəkən şəxslərə maliyyə kompensasiyasının ödənilməsi tələbi formasında təmin oluna bilər.

Məcəlləyə bakların maliyyə bazarlarına nəzarət orqanına qarşı iddiaları və maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə dair işlər üzrə icraata dair fəsil əlavə edilib.

Layihəyə əsasən ödəmə qabiliyyətini itirmiş bankların sağlamlaşdırılması, rezolyusiyası, ləğvi və iflası, eləcə də banka qarşı tətbiq edilən təsir, təshih və sanksiyalar ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələr apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.

Adıçəkilən qanun layihəsi də plenar iclasa tövsiyə edilib.

Etikxeber.az

 

Read Previous

Sahibkarlar boş iş yerlərinin sayı ilə bağlı düzgün məlumat vermir – RƏCƏBLİ

Read Next

“Şahdəniz-2″-nin qazı il Türkiyəyə, 2020-ci ildə isə…” – Birrel- FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir