“Hər kəs bir-birinə qarşı nifrət mərəzindən özünü qorumalıdır” – DEPUTAT ÇAĞIRIŞ ETDİ

Azərbaycanın iki böyük mütəfəkkiri- Əhməd bəy Ağaoğlu ilə Əlimərdan bəy Topçubaşov əvvəllər çox yaxın dost olmuşlar, eyni qəzetdə çalışmışlar, hədəfləri də bir o qədər fərqlənməmiş.

Sonradan xarakterləri fərqli olduğuna görə bir-birinə nifrət edəcək səviyyədə barışmaz münasibətdə olmuşlar.

Əhməd bəy xaraktercə çılğın və sözü birbaşa deyən, Əlimərdan bəy isə təmkinli və ölçülü-biçili danışan şəxsiyyətlər idi.

İş o yerə gəlmişdi ki, Bakıda 1903-cü ildə vəba epidemiyası ortaya çıxanda Əhməd Bəyin ailəsini şəhərdən çıxarmasını Topçubaşov mətbuatda qorxarlıq kimi dəyərləndirirdi.

Əhməd bəy də onu başqa işlərdə qorxaqlıqda ittiham edirdi. Cəmiyyət qarşısında da bu kəskin münasibəti açıq-aşkar büruzə verirdilər.

İş o yerə çatmışdı ki, 1906-cı ildə Ümumrusiya Müsəlmanlarının II Qurultayına Əhməd bəy Əlmərdan bəyə acıqlanaraq qatılmamışdı. Lakin böyük şəxsiyyətlərin davaları böyük olanda şəxsi münasibətlərin üzərindən də adlaya bilib milli davanı yürüdə bilirlər.

1906-cı ilin fevralında türk-erməni savaşını dayandırmanı Tiflisdə Qafqaz canişinin yanında müzakirə etmək üçün gedən türk nümayəndə heyətinin tərkibində birlikdə olmuş, öz arqumentləri ilə erməni təmsilçilərinin iddialarını alt-üst etmişdilər.

Buradakı görüşdə Əhməd Bəy sözün bütün mənasında bir qəhrəmanlıq etmiş, azərbaycanlılar əleyhinə qəbul edilməsi düşünülən təhlükəli qərarları öz zəki çıxışı ilə əngəlləmişdir.

Sonradan Paris Sülh Konfransına gedən nümayəndə heyətinin tərkibində də Əhməd bəylə Əlimərdan bəy birlikdə olmuşlar, sadəcə ingilislərin təkidi ilə Əhməd Bəy Maltaya sürgünə göndərildiyinə görə bu birlikdəlik baş tutmamışdır.

Bu hekayənin anlamı budur ki, şəxsi mənada siyasətdə bir-birinə düşmən olan insanlar unutmamalıdırlar ki, millətin taleyi ilə bağlı məsələlər zərurət yarandıqda onları mütləq birləşdirəcəkdir.

Ona görə də hər kəs bir-birinə qarşı maksimalist qırğınlıq, nifrət mərəzindən özünü qorumalıdır.

Fazil MUSTAFA,

Millət vəkili 

Etikxeber.az

Read Previous

Müdafiə naziri cəbhəboyu zonada səfərdə – FOTO

Read Next

Qurban bayramında çadırtipli heyvan kəsimi məntəqələri istifadəyə veriləcək – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir