“Qızıl medal üçün ciddi hazırlaşmışdım, çox əziyyət çəkmişdim… Demək ki, qismətimizdə bu, var imiş…”-HACI ƏLİYEV – YENİLƏNİB – (2)

Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci gümüş medalını qazanıb.

Etikxeber.az-ın məlumatına görə, sərbəst güləşçimiz Hacı Əliyev olimpiya ikinciliyinə layiq görülüb.

65 kq çəki dərəcəsində dünən ardıcıl 3 qələbə ilə finala yüksələn 30 yaşlı pəhləvanımız həlledici görüşdə yaponiyalı Takuto Otoquroya 4:5 hesabı ilə məğlub olub.

Bununla dünya və Avropa çempionumuz gümüş mükafat qazanıb.

Bu, Azərbaycan yığmasının Tokio-2020-də altıncı medalı olub. Hacıya qədər karateçi Rafael Ağayev (75 kq) gümüş, cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq) və yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıb, karateçi İrina Zaretska (+61 kq) isə yarımfinala yüksəlməklə medalı təmin edib.

Digər sərbəst güləşçilərimiz Şərif Şərifov (97 kq) və Mariya Stadnik (50 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq.

***

Mariya Stadnik Tokio Olimpiadasında bürünc medala sahib olub.

50 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız üçüncü yer uğrunda görüşdə Monqolustan təmsilçisi Namuntsetseq Tsoqt Oçirə 10:0 hesabı ilə qalib gəlib və ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb.

“Tokio-2020”də mübarizəyə səkkizdəbir finaldan qoşulan Mariya Stadnik rusiyalı Stalvira Orşuşa 11:7 hesabı ilə qalib gəlib. Qadın pəhləvanımız dörddəbir finalda Tunis təmsilçisi Sarra Hamdini məğlub edib – 10:0. Yarımfinalda Yaponiya güləşçisi Yui Susakiyə uduzan güləşçimiz bürünc medal uğrunda mübarizə aparıb.

“Pekin-2008”də bürünc, “London-2012” və “Rio-2016”da gümüş medal qazanan Mariya Stadnik ikiqat dünya, səkkizqat Avropa çempionudur. O, “Bakı-2015” və “Minsk-2019” Avropa, “Bakı-2017” IV İslam Həmrəyliyi oyunlarının qalibidir.

Hazırda Azərbaycan millisinin aktivində 2 gümüş və 3 bürünc medal var.

Gümüş medalları ölkəmizin aktivinə Hacı Əliyev və karateçi Rafael Ağayev, bürünc medalları isə cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar.

Bundan başqa, karateçimiz İrina Zaretska da yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib.

Həmçinin daha bir pəhləvanımız, Olimpiya çempionu Şərif Şərifov bürünc medal uğrunda görüşdə mübarizə aparacaq.

16:19

***

Azərbaycan karateçisi İrina Zaretska da “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında ölkəmizin aktivinə növbəti – üçüncü gümüş medalı yazdırıb.

61 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız Olimpiya çempionu adı uğrunda görüşdə Misir karateçisi Feryal Abdelazizə uduzaraq (0:2) gümüş medala sahib olub.

Qrup mərhələsində İ.Zaretska ilk döyüşündə Yaponiya idmançısı Ayumi Uekusaya 4:1 hesabı ilə qalib gəlib. O, növbəti görüşündə italiyalı Silvia Semerarodan üstün olub – 3:2. Üçüncü qarşılaşmada qazaxıstanlı Sofiya Berultsevaya 4:5 hesabı ilə uduzan karateçimiz sonuncu döyüşdə türkiyəli Məltəm Hocaoğlunu 4:0 hesabı məğlub edib.

Qrupda keçirdiyi görüşlərin üçündə qələbə qazanan və bir qarşılaşmada uduzan İ.Zaretska 6 xalla qrup birincisi kimi yarımfinala adlayıb. Yarımfinalda çinli Qun Lini 7:2 hesabı ilə məğlub edən karateçimiz həlledici mərhələdə iştirak hüququ qazanıb.

Xatırladaq ki, İ.Zaretska 2018-ci ildə Madriddə keçirilən dünya çempionatının qalibi olub. Karateçimiz bu il Xorvatiyanın Poreç şəhərində təşkil olunan Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, “Bakı-2015” ilk Avropa Oyunlarının və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının da çempionu olub.

Beləliklə, Azərbaycan idmançılarının “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında mübarizəsi başa çatıb. Olimpiadaya 44 idmançı ilə qatılan komandamız 3 gümüş və 4 bürünc medal qazanıb. Gümüş medalları Azərbaycanın aktivinə karateçilər Rafael Ağayev və İrina Zaretska, həmçinin sərbəst güləşçi Hacı Əliyev yazdırıblar.

Bürünc medallara isə cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges, yunan-Roma güləşçisi Rafiq Hüseynov və qadın pəhləvanımız Mariya Stadnik sahib olublar.

Qeyd edək ki, Azərbaycanın Olimpiya komandası “Atlanta-1996”dan sonra ilk dəfə olimpiadaları qızıl medalsız başa vurub.

16:27

***

“Final görüşü üçün hər şeyi dəqiq planlaşdırmışdım. Rəqibimin fiziki cəhətdən zəif olduğunu bilirdim və bunu döşəkdə hiss edirdim. Görüş ərzində 5-6 dəfə ayağıma girmək istədi. Amma yaxşı müdafiə olundum və ayağımı vermədim. Lakin son saniyələrdə ayağıma girdi və bu da qarşılaşmanın taleyini həll etdi”.

Bunu isə “Tokio-2020” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) deyib.

Olimpiya mükafatçısı bildirib ki, rəqibi səbəbsiz yerə görüşü saxlamağa çalışırdı:

“Guya zədələnib. Tez-tez görüşü saxlayır və güləş qaydalarına zidd hərəkətlər edir, başla vurur, cırmaq atırdı. Qızıl medal üçün ciddi hazırlaşmışdım, çox əziyyət çəkmişdim. Demək ki, qismətimizdə bu, var imiş”.

Hakimlərin düzgün qərarlar verdiyini bildirən H.Əliyev deyib:

“Mən istəmərəm ki, ədalətsiz danışım. Rəqib axıra yaxın qaçırdı və bir xal fərqi ilə məğlub oldum. Əlimdən gələni etdim. Neçə illərdir ki, mənə güləşdə verilən tapşırığı layiqincə yerinə yetirdim. Bəlkə də bu, mənim üçün sonuncu Olimpiadadır. Təəssüflənmirəm, çünki medal qazana bilməyən idmançılarımız da oldu”.

Etikxeber.az

Read Previous

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub-MÜDAFİƏ NAZİRLİYİ – YENİLƏNİB

Read Next

Vətən yolunda 19 yaşında canından keçən, evin-ailənin tək oğlan övladı olan-ŞƏHİD FƏRİD ƏLİYEV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir