Hacıqabulun-150-dən artıq ailənin hələ də həllini tapmayan-TELEFON VƏ İNTERNET PROBLEMİ… – ŞİKAYƏT-NÖVBƏTİ YAZI – FOTOLAR

Düz bir ay 15 gün keçir üstündən…

Deyəcəksiniz, sual edəcəksiniz ki, nəyin, hansı məsələnin…

Bəli, düz bir ay 15 gün öncə Bakının necə deyərlər, “qulağının dibində” yerləşən Hacıqabulun, daha doğrusu, rayonun mərkəzinə yaxın ərazidə yaşayan sakinlərin üzləşdikləri telefon, internet problemi ilə bağlı yazmağımızdan…

Çox təəssüflər olsun ki, ötən və heç də az olmayan zaman kəsiyində bu problemin həlli, çözümü istiqamətində bir addım olsun belə, atılmayıb…

Daşdan səs çıxıb ki, Hacıqabulun aidiyyatı qurumundan, Telekommunikasiya Qovşağından, onun rəhbərindən, rəhbərliyindən, eləcə də, müvafiq nazirlikdən-Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən yox…

Deyəsən, yazın gəlməsini hələ də hiss etməyinlər, hələ də qış “yuxusu”ndadırlar…

Amma oyanmaq, ayılmaq, ətrafa baxmaq zamanıdır, cənablar!

İnsanlar, 150-dən çox ailənin, az qala minə yaxın vətəndaşın yaşadığı Hacıqabulun yeni məhəllə adlanan, xüsusilə, Asif Abdullayev küçəsinin sakinləri artıq boğaza, xirtdəyə yığılıblar…

İnsanların artıq səbri çatmır, onlar bir an telefon, internet problemlərinin təxirə salınmadan həllini istəyir və tələb edirlər…Onlar məmur özbaşınalığına, saymazyanalığına son qoyulmasında israrlı və təkidlidirlər…

Dünən Hacıqabula səfərim zamanı vaxt ayırıb adıçəkilən məhəllənin, küçənin sakinləri ilə görüşdüm, söhbətləşdim…

Sakinlər bir çox problemlərini, həllini gözləyən sosial məsələləri bir-bir, sıra-sıra səsləndirdilər…

Xüsusilə də, həyatımızın ayrılmaz, tərkib hissəsi olan telefon və internet problemindən dad etdilər…

Hamısı birnəfəsə, bir ağızdan bildirdilər ki, artıq bu problemə, bürokratiyaya, süründürməçiliyə, saymazyanalığa son qoyulmalı, problemləri həllini tapmalıdır…

Məhəllə sakinlərindən olan Əkbər Səfərov bildirdi ki, telefon, internet məsələsi ilə bağlı şikayət etmədikləri ünvan, döymədikləri qapı qalmayıb, dəfələrlə imza toplanılıb, aidiyyatı qurumlara, o cümlədən, problemi birbaşa həll etməli olan Hacıqabul Telekommunikasiya Qovşağına və birbaşa onun rəhbərinə ünvanlanıb…

“Qardaş, vallah-billah, artıq bezmişik, tükənmişik…Nə qədər süründürməçilik, nə qədər saymazyanalıq olar?! Özünüz də bilirsiniz ki, bir ildən çoxdur ölkədə pandemiyadır, təhsil sistemində də daha çox distant təhsilə, onlayn təhsilə keçilib…İnanın Allaha, nə qədər əziyyət, çətinlik çəkmişik, çəkirik…Uşaqların təhsildən yayınmaması üçün təbii ki, telefon, internet lazımdır…Amma telefonun, internetin olmaması üzündən şəxsi mobil telefonlardan istifadə etməyə məcbur olmuşuq, məcbur olub uşaqlarımız… Əksəriyyətimiz də imkansız, maddi durumu çətin olan insanlarıq…Axı, nə qədər kontur yükləmək olar? Buna pul çatdırmaqmı olar? Belə vəziyyətdə yüksək səviyyəli təhsildən danışmaqmı olar? Axı, niyə belə edirlər, niyə illərdir problemimizi həll etmirlər, bu əraziyə telefon, internet çəkmirlər? Nədir axı, problem? Çətinmi məsələdir? Hacıqabul Telekommunikasiya Qovşağı daşı niyə ətəyindən tökmür, niyə insanları narazı salır?”-deyə, o, sonra bildirdi…

Məhəllənin digər sakini, 26 yaşlı Akif Həmidov da telefon, internet probleminin bir an həll olunmasının tərəfdarıdır…

“Burada axı, nə problemli məsələ var ki, anlamırıq…Niyə get-gələ salınırıq, axı?! Hansı əsrdir ki, hələ də telefon, internet dərdi çəkirik?! Başqalarında, başqa sahələrdə bəlkə problem ola bilər, söhbət ödənişlərdən gedir, amma burada o da mümkün deyil…Ödənişini etməyəcəksən, dərhal telefon xəttin, internertin kəsiləcək…Əslində, bu, Telekommunikasiya Qovşağının özünün birbaşa marağında olmalıdır ki, daha çox telefonla, internetlə təmin etsin, yaxşı pul qazansın…Amma görünür ki, hansısa səbəblərdən bunu etmək istəmirlər…Vallah, belə olmaz…İnsanlar yazıqdır…Uşaqlar, məktəblilər çox əziyyət çəkirlər…Xüsusilə də, onların valideynləri…Nə qədər kontur almaq, kontur yükləmək olar?! Xahiş və tələb edirik ki, artıq həm Telekommunikasiya Qovşağının rəhbəri, rəhbərliyi, həm də onun tabe olduğu nazirlik səsimizi eşitsin, problemimizi həll etsin”-deyə, o, daha sonra bildirdi…

Digər məhəllə sakinləri, valideynlər də eyni sözləri dilə gətirərək, bu problemin həll olunmasını xahiş və tələb etdilər…

Sakinlər eyni zamanda, digər problemlərinin (yol, işıq, marşrut…) həlli istiqamətində addımların atılmasını istəyirlər ki, bu haqda da növbəti yazımızda bəhs edəcəyik…

Ancaq biz də hesab edirik ki, xüsusilə, pandemiya dönəmi nəzərə alınaraq, adıçəkilən məhəllənin sakinlərinin telefon və internet problemi çözülsün, problemin illərlə qalaqlanıb bu həddə çatmasında günahkar olan şəxslər, öz layiqli cəzalarını alsınlar…

Söz yenə qarşı tərəfin-Hacıqabul Telekommunikasiya Qovşağının və müvafiq Nazirliyin, onların rəhbərliyinindir…

Cənablar, daşı artıq ətəyinizdən tökün!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

16.04.2021, Hacıqabul

12:03, 17 aprel

Etikxeber.az

Read Previous

Nazim İbrahimovun qardaşı-HƏBS OLUNDU…

Read Next

“Heç bir qüvvə dövlətimizə, milli həmrəyliyimizə zərər verə bilməz!”-ELDƏNİZ SƏLİMOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir