Hacıqabulun İkinci Vətən Müharibəsi İgidləri, Qəhrəmanları, Şəhidləri-PƏRVİZ, RUSLAN, ELMƏDDİN… VƏ HƏLLİNİ GÖZLƏYƏN PROBLEMLƏR… – FOTOLAR

Bu gün Hacıqabula-tarixi İkinci Vətən Müharibəsində 30-a yaxın Şəhid vermiş Hacıqabul rayonuna, Şəhid məzarlarını ziyarətə, Şəhid ailələrinə, İkinci Qarabağ Savaşı iştirakçılarına baş çəkməyə getmişdim…

Və bir az olar ki, ziyarətimi, səfərimi başa vurub, geriyə, Bakıya dönmüşəm…

Öncə Hacıqabul rayonunun mərkəzinə yaxın yerdə yerləşən qəbiristanlığa, 10-dan artıq İkinci Vətən Müharibəsi Qəhrəmanının, İgid, Qəhrəmanlıq Dastanı yazan Hacıqabullu Şəhidlərimizin məzarlarını ziyarət etdim, müqəddəs ruhları qarşısında ehtiramla baş əydim, ruhlarına dualar oxudum, Allahdan hər birinə rəhmət dilədim…

Hamısı da bir-birindən cüssəli, bir-birindən yaraşıqlı, bir-birindən İgid, Qəhrəman…

Hər birinin də 44 günlük savaşla sonuclanan Qələbə və Zəfərimizdə xüsusi rolu və payı var…

Hər biri baş tacımız, qürur, iftixar mənbəyimizdir…

Nur içində yatsınlar, məkanları behiştlik və cənnətlik olsun!

***

Şəhid atası: “Oğlumun qismətində Şəhidlik, bizim də qismətimizdə Şəhid valideyni olmaq varmış…”

Şəhid məzarlarını ziyarətdən sonra İkinci Vətən Müharibəsində Hacıqabulun ikinci Şəhidi olan Ruslan Allahyar oğlu Baladovgilə üz tutdum…

Anası işdə idi, tək bacısı da evdə yoxuydu, təkcə Şəhidimizin atası-Allahyar qardaşım evdəydi…

Onunla da bir xeyli söhbətləşdim, dərdləşdim, başsağlığı verdim…

Ruslan ailənin tək oğlu olub…

Ümumiyyətlə, Ruslangil ailədə iki uşaq-bir bacı, bir qardaş olublar…

1997-ci ilin sentyabrın 19-da anadan olan Ruslan 9-cu sinifi bitirdikdən sonra təhsilini kollecdə davam etdirib…

2016-cı ildə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecini bitirdikdən sonra hərbi xidmətə yollanıb…

Hərbi xidmətini başa vurandan qısa müddət sonra isə yenidən taleyini Ordu ilə, hərblə bağlayıb, MAXE kimi fəaliyyət göstərməyə başlayıb…

İkinci Vətən Müharibəsinin ilk saniyəsindən də cəbhə bölgəsində, döyüşlərdə olub və elə müharibənin ilk günündə, sentyabrın 27-də də Talış istiqamətində ağır döyüşlərdə qəhrəmancasına həlak, Şəhid olub…

Amma ilk günlər nəşini götürmək mümkün olmayıb, Şəhidimizin nəşi oktyabrın 4-də doğulduğu Hacıqabula gətirilərək, rayon qəbiristanlığında dəfn olunub…

23 yaşında Şəhid olan Ruslan Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

Çox Məğrur və Qürurlu Şəhid atası Allahyar Baladov isə heç nədən şikayətçı deyil, dövlətdən də, onlara göstərilən diqqətdən də razıdır…

Yaşadıqları, hələ tam hazır olmayan evə, mənzilə də bu ilin fevral ayında köçüblər…

Deyir ki, otaqlardan birini Ruslan üçün ayırıblar, onun bütün fotolarını, əşyalarını, sənədlərini, geyimlərin o otaqda yerləşdirəcəklər…

“Bu, həm Ruslanın ruhunu şad edər, həm də bizə bir təsəlli olar”-deyir Şəhid atası…

“Mən çətin də olsa, birtəhər dözürəm, amma yoldaşım, anası heç cür dözə bilmir…Çox ağlayır, çox darıxır… Nə etmək olar…Bu da bir qismət, alın yazısıdır…Oğlumun da qismətində Şəhidlik, bizim də qismətimizdə Şəhid valideyni olmaq varmış…”-deyə, o, sözlərinə əlavə edir…

Bir daha Şəhid atasına başsağlığı verərək, onlardan ayrılıram…

***

İki dost, iki yoldaş, iki Qəhrəman – Rəhim və Fariz…

Yeri gəlmişkən, Ruslangildə olarkən İkinci Vətən Müharibəsində iştirak etmiş iki Qəhrəmanımızla, iki Hacıqabullu İgidimizlə tanış oldum, söhbətləşdim…

Onlar da Şəhid ailəsini ziyarətə gəlmişdilər…

Fürsətdən istifadə edib, onlarla da, keçdikləri şərəfli döyüş yolu ilə də maraqlandım…

Rəhim Həsrət oğlu QoçəliyevFazriz Alı oğlu Pəhanov hər ikisi Hacıqabulun özündəndirlər…

Rəhim 1993-cü il təvəllüdlüdür, Fariz isə 1991-cü il təvəllüdlüdür…

Fariz tikinti materiallarının satışı ilə məşğul olan sahibkar, Rəhim isə fəhlədir…

Evin tək-yeganə övladı, oğlu olan Rəhim 2011-2012-ci illərdə hərbi xidmətdə olub, əsgərliyini başa vurduqdan sonra-2013-2018-ci illərdə Daxili Qoşunlarda MAXE kimi, qulluq edib…Sonra bəzi səbəblərdən oradan ayrılıb və Farizin yanında fəhlə kimi, işləməyə başlayıb…

İkinci Vətən Müharibəsinə də könüllü, öz istəyi ilə yollanıb-sentyabrın 29-da…

Oktyabrın 1-dən dekabrın 16-na kimi, həm müharibədə, həm də ön xətdə-xidmətdə olub…

Döyüş yolu da uzun olub-Füzulidən Cəbrayla, Cəbrayıldan Qubadlıya, Qubadlıdan Şuşayacan…

Vuruşub, döyüşüb və evinə, ailəsinə də sağ-salamat, Qəhrəman kimi dönüb…

İgidliyi, Qəhrəmanlığı dövlətimiz tərəfindən də qiymətləndirilib, iki medalla “Cəbrayılın azad olunmasına görə”“Qubadlının alınmasına görə” medalları ilə təltif olunub…

Ailəli olan Fariz isə sentyabrın 28-dən dekabrın 28-nə kimi, düz üç ay Murovdağ istiqamətində olub, döyüşüb, vuruşub…

Dekabrın 28-də ordudan tərxis olunduqdan sonra evinə, ailəsinə dönüb…

Çox təəssüflər olsun ki, bir çox Vətən sevdalısı kimi, Farizin də Haqqı tapdalanıb, adı subyektiv səbəblərdən medallara təqdim olunmayıb…

Eyni zamanda, nə müharibə dövründə, nə də ondan sonra nə Rəhim və ailəsi, nə Fariz və ailəsi ilə maraqlanan olub…

Heç bir qurum bir dəfə olsun belə, onların qapısını döyüb, problemləri ilə maraqlanmayıb…

Hər ikisi də deyir ki, biz nəyinsə xatirinə Vətəni qorumağa getməmişdik, bunu özümüzə müqəddəs borc, şərəf bilmişdik, amma problemlərimizlə də maraqlansalar, yaxşı olar…

Tam haqlıdırlar…

Və elə hesab edirəm ki, heç olmasa, bundan sonra dövlət qurumları, aidiyyatı orqanlar bu iki Vətən sevdalısının da problemləri ilə maraqlanacaq, onlara Haqq etdikləri həssas münasibəti göstərəcəklər!

***

Hacıqabulun ilk Şəhidi-Pərviz Tofiq oğlu Balabəyov…

Ruslangildən ayrıldıqdan sonra Hacıqabulun ilk Şəhidi olan Balabəyov Pərviz Tofiq oğlugilə getdim…

Şəhidimizin anası Səbirə ana, bacısı Günel xanım, qardaşı Şahin bəy və dayısı Böyükağa kişi ilə görüşdüm…

Qeyd edim ki, Şəhidimizin atası illər öncə dünyasını dəyişib və anası Səbirə xanım saçlarını süpürgə edərək, onları-3 övladını minbir əziyyətlə böyüdüb, boya-başa çatdırıb, Vətən üçün xeyirli övladlar yetişdirib…

Şəhidimiz 1987-ci ilin iyunun 14-də anadan olsa da, 33 yaşına çatsa da, ailə qurmayıb, fikri-zikri ancaq Vətən üçün çalışmaq, Şəhid olmaq olub…

“Mən Şəhid olacağam” kəlməsi dilindən düşməyib…

Vətən sevgisi onu Ordu ilə, hərblə bağlayıb, ömrünün son 5 ilini, Şəhadətinə kimi, MAXE olaraq, Vətənə xidmətdə keçirib…

Müharibənin ilk dəqiqələrindən də Füzuli-Cəbrayıl uğrunda döyüşlərə atılıb, igidliklər, qəhrəmanlıqlar göstərib…Və döyüşlərin ilk günündə də Cəbrayıl istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhid olub…

Ailəsinə həmin gün axşam 10-nun yarısı radələrində Pərvizin Şəhid olduğu bildirilib, 28-nə keçən gecə, təxminən 00:30-da isə nəşi Hacıqabula gətirilib…Oktyabrın 28-də də rayon qəbiristanlığında torpağa tapşırılıb…

Nur üzlü, mələk simalı anası-Səbirə ananın dediklərindən:

“Oğlumdan yerlə-göy qədər razı idim…Kimsəni incitməzdi, çox gülərüz, mehriban idi, əlindən də gəlməyən iş yox idi…Hər şeyi bacarırdı, Quranı gözəl bilirdi, namaz qılırdı…Heç vaxt da özü ilə bağlı heç nə danışmazdı, soruşanda da “narahat olmayın, yaxşıyam, hər şey yaxşıdır”-deyərdi…Axırıncı dəfə müharibədən, Şəhidliyindən iki gün öncə danışmışdıq…Demişdi ki, ana, iki günə qayıdıb gələcəyəm…Gəldi, amma tabutu gəldi…(gözləri dolur)…Sanki Şəhidliyi ürəyinə damıbmış…Hər zaman “Mən şəhid volacağam”deyərdi və Vətən yolunda da Şəhid oldu balam…Balamla, bütün Şəhidlərimizlə fəxr edirəm, qürur duyuram…Hamısı mənim balalarımdır…”

Pərvizin də İgidliyi, Qəhrəmanlığı dəyərləndirilib, Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub…

Ailəsi deyir ki, Pərviz elə igidliklər göstərib ki, sözlə ifadəsi mümkün deyil, O, Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı adını Haqq edir…

İnşallah, Haqq etdiyini də gec-tez alar!

***

Anasını vaxtsız itirən, xalasının himayəsində yaşayan, müharibənin başa çatmasına saatlar qalmış Şəhid olan Elməddin…

Daha sonra Şəhid Elməddin Nurzalıyevgilə üz tutdum…

Elməddingil də ailədə iki uşaq-iki qardaş olublar…

Analarını çox vaxtsız və erkən itiriblər…Həmin vaxtdan da xalaları Rəna xanımın himayəsində-qəyyumluğunda yaşayıblar…

Rəna xanım onları minbir əzab-əziyyətlə böyüdüb, boya başa çatdırıb…

1996-cı ilin noyabrın 22-də anadan olan İgidimiz 2019-cu ilin aprelində əsgərliyə, hərbi xidmətə yollanıb, xidmətini Cəlilabadda, Göytəpədə çəkib…

Hərbi xidməti başa vursa da, İkinci Vətən Müharibəsi, hərbi səfərbərliklə bağlı xidmət müddəti uzadılıb və İkinci Qarabağ Savaşının ilk günündən də döyüşlərə atılıb, döyüşüb, vuruşub, igidliklər göstərib…

Füzulidən Cəbrayıla, Cəbrayıldan Zəngilana, Hadruta, Hadrutdan Şuşayacan döyüş yolu keçib…

Noyanrın 22-də anadan olan Qəhrəmanımız elə noyabr ayında da, müharibənin başa çatmasına saatlar qalmış, noyabrın 9-u axşam Şuşada qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Şuşa Fatehimiz Şuşanın azad edilməsindən bir gün sonra Şuşada da Şəhadətinə qovuşub və nəşi noyabrın 10-da Hacıqabula gətirilərək, rayon qəbiristanlığında dəfn edilib…

İgidimiz 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

Bu gün Şəhidimizin ailəsindən tək qardaşı, 2001-ci il təvəllüdlü Məhəmməd Nurzalıyev qalıb…

Məhəmməd də hazırda Şamaxı Regional Kollecində təhsil alır və axırıncı kursdadır…

Onu da aprelin 26-da hərbi xidmətə aparacaqlar…

Ancaq çox maraqlıdır ki, ailə üzvlərindən kimsəsi qalmayan Məhəmmədi, Şəhid qardaşını hansı əsasla və hansı haqlı hərbi xidmətə çağırır və aparırlar?!

Hər halda buna ədalətli şəkildə aydınlıq gətirilməlidir və ümid etmək istərdik ki, belə də olacaq…

Buna EV demək olarmı?

Eyni zamanda, Şəhidin yaşadığı “ev” çox bərbad və dözülməz vəziyyətdədir…

Ona ev demək belə mümkün deyil…

Çox təəssüflər olsun ki, nə yerli icra orqanları, nə YAŞAT, nə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu evlə, tək-təhna qalan Məhəmmədlə, onun problemləri ilə maraqlanıb…

Çox yaxşı olardı ki, aidiyyatı qurumlar gec də olsa, Şəhid ailəsinin-tək qardaşın yaşadığı evlə, onun problemləri ilə maraqlansınlar və öz köməkliklərini göstərsinlər…

Belə münasibət, sadəcə, yolverilməz və qəbuledilməzdir!

Məsələni də diqqətdə saxlayacağıq

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

16.04.2021, Hacıqabul

Etikxeber.az

Read Previous

“Çox şirin idi, bal kimi…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB

Read Next

Daha 2163 yeni yoluxma-DAHA 32 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir