“Hanı bu millətin xeyriyyəçiləri, iş adamları? Hanı bu millətin pulluları?”-MAYİS SƏFƏRLİ BAYRAQ “PROBLEMİ”NDƏN YAZDI VƏ…

Bayraq hər bir xalqın, dövlətin şərəf və istiqrar simvoludur.

Fəqət xoşbəxt o xalqlardır ki, başının üzərində sevə-sevə dalğalandırdığı bayraq, üzərində gəzdiyi torpaq uğrunda mücadilə etmiş, qan tökmüşdür…   

Bu gün ər igidlərimiz Vətənimizi qorumaq, torpağımızı erməni işğalından azad etmək üçün ölüm-dirim savaşına atılıblar. Rəşadətlə, ləyaqətlə vuruşur, düşmənə sarsıdıcı zərbələr endirirlər.      

Çox qısa zaman ərzində Müzəffər Ordumuz düşmənin güclü müdafiə xəttini darmadağın etmiş, xeyli dərinliklərə irəliləmişdir. Üçrəngli bayrağımız geri qaytardığımız qəsəbələrimizi, kəndlərimizi bəzəyir.     

Dövlətimizlə, Ordumuzla həmrəyliyini nümayiş etdirən insanlarımız evlərinin damından, eyvanlarından, pəncərələrindən qeyrət simvolumuz olan bayrağımızı asır.

Avtomobillərinin üzərində onu dalğalandırırlar. Nə gözəldir bu mənzərəni seyr etmək! Şərəf tariximizin ən gözəl günləridir. Belə sevinc dolu anlar yaşamaq əsl bəxtiyarlıqdır!     

Lakin,əfsuslar olsun ki, xalqımızın, cəmiyyətimizin bu coşqusundan, sevincindən istifadə edərək insanların cibini soymağı özünə rəva bilənlər də var.

Bu gün bir ovuc işbaz bütün işlərini, güclərini atıb bayraq alverinə girişiblər. Dünən-srağagün münasib qiymətə satılan bayraqlarımızın qiyməti indi Ordumuzun zəfər yürüşündən sonra əlçatmaz olub(?).

Pandemiya səbəbindən iş yerlərini itirən, günü-güzəranı zəifləyən, qazancı azalan, ailələrini çətinliklə dolandıran vətəndaşlarımız nə etsinlər?

Axı,onlar da bu əziz günlərin sevincini yaşamaq, başlarının üzərində şərəfli bayrağımızı dalğalandırmaq istəyirlər.    

Hanı bu millətin xeyriyyəçiləri, iş adamları? Hanı bu millətin pulluları?   

Ola bilər ki, kimlərsə cəbhədən gələn qələbə xəbərləri fonunda bunu kiçik məsələ hesab edir. Zənnimcə, yanılır.

Əgər tarixdə güclü dövlət, güclü millət olmaq istəyiriksə,kiçik nüanslara da diqqət yetirməliyik.

Böyük bəlalar kiçik problemlərdən yaranır-Qarabağ məsələsi kimi…

Mayis SƏFƏRLİ,

Sabiq deputat

Etikxeber.az

Read Previous

Qırğızıstan Prezidenti-İSTEFA VERDİ…

Read Next

Gövhər Baxşəliyevanın Ermənistanın işğal siyasəti barədə məqalələri-ƏRƏB ÖLKƏLƏRİNDƏ YAYIMLANIB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir