“Hansı medallarla təltif edildiyini soruşuram: Cavab verir ki, “Medal üçün getməmişdim. Torpaqlarımızı geri qaytarmaq üçün getmişdim”…”-MİLLƏT VƏKİLİ DAHA 3 QAZİ İLƏ GÖRÜŞDÜ – FOTOLAR

Novruz bayramı günlərində Zərdaba səfərim çərçivəsində dünən daha üç qazimizlə görüşdük. Rayonun Sarıqaya kəndindən Soltanov Nizaməddin Yaşar oğlu, Qoruqbağı kəndindən Allahverdiyev Vüsal Mehman oğlu və Körpükənd kəndindən Məmmədov İlqar Vüqar oğlunu evlərində ziyarət etdik.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva deyib.

“İlqar qardaşımız hazırda Bakıdakı Hərbi Hospitalda müalicə olunduğuna görə evdə yox idi. Ailə üzvləri ilə görüşüb, hal-əhval tutduq. Bir daha gözaydınlığı verdik. Bayramlarını təbrik etdik. Problemləri ilə maraqlandıq. Nizaməddin və Vüsalla görüşümüzü isə yəqin ki, heç bir zaman unutmayacayıq. Nizaməddin müharibəyə könüllü gedənlərdəndir”-deyən millət vəkili bildirib ki, Qazinin üstəlik bir böyrəyi də yoxdur.

“Ona, bu vəziyyətdə getməyin sual altındadır, deyənlərə cavabı bu olub ki, “döyüşə ürək lazımdır, böyrək yox”. Hansı medallarla təltif edildiyini soruşuram. Cavab verir ki, “Medal üçün getməmişdim. Torpaqlarımızı geri qaytarmaq üçün getmişdim”.

Yaşını soruşuram. Yaşı müstəqilliyimizin, ədalət mübarizəmizin yaşı qədərdir! Qarabağı döyüş günlərinə qədər heç vaxt görməyib. Bu ürək, bu cürət qarşısında baş əyməyəsən, nə edəsən?! Vüsal isə nəql etdikləri ilə bizim gözlərimiz önündə sanki döyüş meydanını canlandırırdı.

O danışdıqca mənə elə gəlirdi ki, bu uzun boylu, 28 yaşlı igid oğul 44 günlük müharibənin hər anını bizə çatdırmaq istəyir. Əməliyyatlar haqqında birnəfəsə o qədər şövqlə, həvəslə, sevinclə danışırdı ki, sanki o günlərin özləmini çəkirdi, bəzən də fasilə verib şəhid olmuş döyüş dostlarını xatırlayır, kövrəlirdi, həyəcanlanırdı…

Müharibəni qazanmaqda inam, ruh yüksəkliyi çox vacib amildir. Bütün igid oğullarımızda bu xüsusiyyəti gördük və görürük. İndi ən ümdə vəzifəmiz və borcumuz onların qayğısını öz qayğımız kimi görmək və dəyərləndirməkdir.Dəvətimizi qəbul edərək üç gün ərzində bütün görüşlərimizdə könüllü olaraq iştirak edən və görüşlərimizi işıqlandıran Coşqun Abdullayevə təşəkkürlərimizi bildirirəm”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Kreml Jirinovski və Mironov kimilərin vasitəsilə mesajlarını yollayır: Rusiyanın təsir imkanlarının azaldılmasına və Türkiyə ilə ittifaqın gücləndirilməsinə çalışmalıyıq!”-POLİTOLOQ YAZDI

Read Next

Türkiyə millisindən Norveç üzərində möhtəşəm-QƏLƏBƏ – 3:0

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir