“Hansı torpaq güzəştindən söhbət gedə bilər?” – TAHİR RZAYEV

Tahir RZAYEV: “Paşinyan Ermənistanın düşdüyü vəziyyətdən  çıxması üçün yollar aramaq əvəzinə, yalançı bəyanatları ilə gündəmdə qalmaq, xal qazanmaq və vəziyyətdən çıxmaq fikrindədir”

Ermənistanın baş naziri Nikol Paşinyan bugünlərdə yenə də özünün sərsəm bəyanatları, düşünülməmiş fikirləri ilə gündəmə gəlib. O, Milandakı Beynəlxalq Araşdırmalar İnstitutunda deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan konstruktiv mövqedə deyil, eləcə də, Türkiyənin danışıqlara hazır olmaması iki qonşu dövlət arasında münasibətlərə ciddi xələl gətirir. Əlbəttə ki, bu fikirlər reallıqdan uzaqdır. Beynəlxalq təşkilatları, ictimaiyyəti çaşdırmaqdan başqa bir şey deyil. Baş nazir hər dəfə belə düşünülməmiş fikirləri ilə özünü gülünc vəziyyətə salır.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Tahir Rzayev bildirib.

Millət vəkilinin sözlərinə görə, Paşinyan bilməmiş deyil ki, Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bir milyondan artıq qaçqın və köçkün öz dədə-baba torpaqlarından didərgin salınıb. Azərbaycan da öz torpaqlarının geri qaytarılması tələbi ilə çıxış edir və burada heç bir güzəştdən söhbət gedə bilməz.

“Digər tərəfdən,  təkcə Qarabağ torpaqları deyil, ona qonşu, bitişik olan 7 rayon işğal altındadır. Axı, Paşinyan həm də yaxşı bilir ki, Azərbaycanın ərazi bütövlüyünün qorunması haqqında BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, bir çox beynəlxalq təşkilatların qərarları mövcuddur və ATƏT-in Minsk qrupu münaqişənin danışıqlar, sülh yolu ilə həll olunması uğrunda uzun illərdir ki, fəaliyyət göstərir. Əgər bu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını bir hüquq norması kimi qarşıya qoyurlarsa, onda hansı torpaq güzəştindən söhbət gedə bilər?!

Türkiyə Respublikasına gəldikdə Ermənistan uzun müddətdir ki, qonşu ölkə ilə düşmənçilik mövqeyindədir. Torpaq iddialarından, qondarma “erməni soyqırımı”nın tanınmasından, müxtəlif təxribatlardan, qarşıdurmalardan istifadə edərək dünya ictimaiyyətini çaşdırmağa çalışır. Belə bir halda təcavüzkarla dost olmaq, danışıqlar masası arxasında oturmaq mümkün deyil. Bu gün Paşinyan Ermənistanın düşdüyü vəziyyətdən  çıxması üçün yollar aramaq əvəzinə, yalançı bəyanatları ilə gündəmdə qalmaq, xal qazanmaq və vəziyyətdən çıxmaq fikrindədir. Ancaq yalanlarla, böhtanlarla, qarayaxmalarla heç vaxt vəziyyətdən çıxmaq mümkün deyil və xalqı da aldatmaq olmaz.

Belə olan halda Ermənistanın vəziyyəti daha da ağırlaşır və vəziyyətdən çıxış yolunu tapmaq üçün ancaq və ancaq qonşu ölkələrlə münasibətləri düzəltmək, işğal altında olan torpaqları geri qaytarmaq və beynəlxalq hüquq normalarına əməl etmək lazımdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Azərbaycan UNESKO-nun iki köməkçi orqanına üzv seçildi

Read Next

Mehriban Əliyeva ilə Valentina Matviyenko birgə şam etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir