“Heç bir investor bizə inanmayacaq…” – Elman Rüstəmov

“Bu gün manatın məzənnəsində tam üzən məzənnəyə keçsək, o zaman prosesi proqnozlaşdıra bilmərik ki, nə baş verəcək”.
 Etikxeber.az xəbər verir ki, bunu  Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisdə (MM) komitələrin birgə iclasında 2017-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib. 
“Mərkəzi Bankın apardığı valyuta kursu siyasəti onunla əlaqədardır ki, bu problemlər cari balansa və  cari kursa təsir göstərməsin. Bunun nəticələrini biz bilirik. Ona görə də biz fevral ayından bazara intervensiyanı dayandırmışıq. Üzən məzənnənin əsas prinsipi gözlənilir. Amma bununla belə, kursun idarə olunmasında müəyyən  idarəetmə siyasəti var. Bu da manatın öz dəyərini axtarması ilə bağlıdır. Biz bu gün əmin deyilik ki, idarəetməni tam götürəsk və tam üzən məzənnəyə keçsək, o zaman manatın məzənəsində  nə baş verə bilər?!”– deyə, E. Rüstəmov bildirib.
Manatı qarşıdakı dövrdə nələr gözlədiyi və bununla bağlı hökumətin  atacağı addımlar barədə məlumat verən E. Rüstəmov bildirib ki,  aparılan əsas işlər 2017-ci ildə makroiqtisadi sabitliyin möhkəmlənməsini,  manatın məzənnəsinin arzuolunan səviyyədə sabitləşməsini təmin etmək,  qiymətlərin sabitliyinin qorunaraq,  inflyasiyanın dərinləşməsinin qarşısını almaqdır.
“Bundan sonra makroiqtisadi sabitliyi təmin edərək, iqtisadi inkişafa doğru  keçid üçün imkanlar açmaqdır. Bu gün əsas prioritet makroiqtisadiyyatın sabitləşdirilməsidir. Sabitləşmə ilə inkişafın məqsədləri arasında bir oxşarlıq var. Hər ikisinin son məqsədi insanların, dövlətin, şirkətlərin gəlirlərinin artırılmasıdır. Sabitlik yoxdursa, insanlar da yüksək inflyasiyaya görə öz gəlirlərini itirirlər. Şirkətlər də, dövlət də itirir. Ona görə də biz iqtisadi vəziyyəti sabitləşdirməklə insanların, müəssisələrin gəlirlərinin itirilməsinin qarşısını almağa çalışırıq. Əgər biz sabitliyə nail olmasaq,  heç bir investor da  bizə inanmayacaq”- deyə, Mərkəzi Bankın rəhbəri bildirib.
Etikxeber.az

Read Previous

Heç kim söz verə bilməz ki, atəşkəs rejimi gələcəkdə ədalətli sülhlə nəticələnəcək – RAMİZ MEHDİYEV

Read Next

Köhnədən qalan borcları verməyə məcburuq – MƏRKƏZİ BANKIN RƏHBƏRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir