Heç kəs haqqını başqasının hüququnu pozmaq yoluyla bərpa edə bilməz – AKADEMİK

Sosial şəbəkələr müasir dövrün ən mühüm yenilik və nailiyyətlərindən biridir, insan həyatı və münasibətlərinə ciddi təsir göstərən, hətta onların xarakterində dəyişikliklərə səbəb olan bir amildir.

O mənada ki, sosial şəbəkələr insanlar arasında məkan və məsafə məfhumunu aradan qaldırır, bir-birindən minlərlə kilometr aralıda olan fərdlərə asanlıqla təmasa girmək, həm ictimai məzmunlu fəaliyyətdə olmaq və müzakirələr aparmaq, həm də şəxsi əlaqələr qurmaq üçün geniş meydan açır. Bu baxımdan sosial şəbəkələri XXI əsrin unikal imkanı kimi dəyərləndirmək olar. O da şübhəsizdir ki, sosial şəbəkələr məhz pozitiv niyyətlə – insanların ünsiyyətini asanlaşdırmaq, informasiya mübadiləsini sürətləndirmək hədəfi ilə yaradılmışdır. Lakin hər bir müsbət imkandan özünün mənfi məqsədləri, çirkin niyyətləri üçün istifadə edənlər də tapılır.

Azərbaycan hakimiyyəti və şəxsən ölkə Prezidenti sosial medianın qeyd olunan müsbət cəhətlərini nəzərə alaraq, bu sahədə tam azadlıq və sərbəstliyi təmin etmişdir. Hələ bir neçə il əvvəl Prezident İlham Əliyev beynəlxalq informasiya agentlikləri V  konqresinin iştirakçıları ilə görüşdə söz və mətbuat azadlığı ilə bağlı ölkəmizə yönəlik iddiaları qətiyyətlə rədd edərək demişdi:

“Ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar?! Əgər sosial şəbəkədə –  “Feysbuk”da və “Tvitter”də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar?!”

Şübhə yoxdur ki, bu sözlərin deyilməsindən keçən iki ildən də artıq müddət ərzində Azərbaycanda həm internet, həm də sosial şəbəkə istifadəçilərinin sayı bir qədər də artmışdır. Halbuki bu azadlıq heç də dünyanın bütün ölkələrində təmin edilmir. Bir sıra ölkələrdə bu və ya digər səbəblərdən sosial şəbəkələrə çıxışa tam və ya qismən məhdudiyyətlər tətbiq olunur. Azərbaycanda da zaman-zaman bununla bağlı haqlı narahatlığa söykənən müəyyən çağırışlar səslənsə də, Prezident İlham Əliyev azad internetin və sosial şəbəkələrin sərbəst fəaliyyətinin prinsipial tərəfdarı kimi çıxış edir.

Təəssüflər olsun ki, ölkə başçısının dövlətimiz və cəmiyyətimiz üçün böyük və strateji əhəmiyyət daşıyan  bu mövqeyi heç də bütün vətəndaşlar tərəfindən düzgün qiymətləndirilmir, yaradılmış imkandan sui-istifadə edən fərdlər və qruplar müşahidə olunur. Bir sıra hallarda isə bütün mənəvi-əxlaqi çərçivələrin aşılması ilə təhqirin, söyüşün baş alıb getdiyini görürük ki, buna heç bir vəchlə biganə qalmaq olmaz.

face

Hazırda sosial şəbəkələr informasiya müharibəsinin, ideoloji mübarizənin meydanına çevrilmişdir. Müharibə şəraitində olan bir ölkə kimi Azərbaycanın sosial şəbəkə istifadəçiləri də bu istiqamətdə səmərəli fəaliyyət göstərməyə çalışmalıdırlar. Lakin bəzi üzdəniraq sosial şəbəkə fəalları bunun əvəzinə, daxildəki ən kiçik problemləri belə şişirdərək ölkəmizi gözdən salmaqla, bu azmış kimi, dövlət və hökumət rəhbərliyini, ölkə parlamentini hədəfə almaqla, necə deyərlər, düşməni sevindirmək, onun əlinə bəhanə vermək xətti tutmuşlar.

Əlbəttə, hər bir sosial şəbəkə istifadəçisinin istənilən dövlət qurumunun işində rastlaşdığı çatışmazlıqları tənqid etmək, qarşılaşdığı neqativ halları ictimaiyyətə çatdırmaq hüququ vardır və buna ölkəmizdə heç bir məhdudiyyət qoyulmur. Əksinə, çoxsaylı faktlar vardır ki, məhz sosial şəbəkələrdə bu və digər dövlət orqanının, vəzifəli şəxsin işindəki nöqsanlarla bağlı tənqidlərə adekvat reaksiya verilmiş və problemlər operativ surətdə aradan qaldırılmışdır. Lakin bəziləri bu imkandan da yararlanmaq istəməyib açıq təhqirlər yağdırmaq, qarşıdurma yaratmaq, ictimai aqressiyaya rəvac vermək yolu ilə getməyi üstün tuturlar. Onlar bununla istər-istəməz Azərbaycanın düşmənlərinin maraqlarına xidmət etmiş olurlar, çünki sirr deyil ki, ölkəmizdəki sabitlik və davamlı inkişaf bir çox xarici qüvvələri, ilk növbədə bədnam qonşumuzu narahat edir. Ona görə sosial şəbəkələrdən söyüş və təhqir maşını kimi istifadə edərək ölkəmizin adına xələl gətirənlər düşmənin onların hərəkətlərindən məmnunluğunu görməli, dayanıb düşünməli və öz davranışlarına yenidən baxmalıdırlar.

Aydındır ki, istənilən ölkədə bu və ya digər dövlət orqanının, yaxud məmurun  fəaliyyətindən narazı qalan, hansısa şəxsi problemlərə görə qəzəbli olan insanlar ola bilər, lakin bu, heç bir halda bütövlükdə dövlətin və xalqın maraqlarını hədəfə almaq üçün əsas ola bilməz. O cümlədən, müəyyən səbəblərdən ölkəni tərk edib xaricdə məskunlaşan bəzi insanların da şəxsi incikliklərini milli problem kimi qələmə verməsi, fərdi iddialarını milli maraqlardan üstün tutması qətiyyən yolverilməzdir. Bütün narazılıqlar və tənqidlər qanuni vasitələrlə və əxlaq çərçivəsində ifadə olunmalıdır.

GEVHAR-2

Üstəlik, heç kəs öz pozulmuş haqqını başqasının hüququnu pozmaq yolu ilə bərpa edə bilməz. Sosial şəbəkələrdə nəsə yazan, yaxud müəyyən materialları paylaşan hər bir şəxs bunu unutmamalıdır. Şəxsi hikkə və maraqlar əslində sosial medianın predmeti olmamalıdır, çünki adından da göründüyü kimi, bu, sosial məzmun kəsb edən, ictimai əhəmiyyət daşıyan məsələlərin müzakirəsi üçün bir platformadır.

Hər şeyi kənara qoysaq, təhqir və söyüş ritorikası, başqasının şəxsi həyatını, ailəsini müzakirəyə çıxarmaq xalqımızın əsrlər boyu formalaşmış əxlaq və dəyərlərinə birbaşa həqarətdir. Ən dəhşətlisi budur ki, bu mənəviyyatsızlığa “Azərbaycan yanğısı” ilə bəraət qazandırılmasına cəhd olunur. Belələrinə bir söz demək olar: əgər sən Azərbaycanın minilliklərdən gələn, onun kimliyini və simasını müəyyənləşdirən milli dəyərlərini ayaq altına atır, onlara arxa çevirirsənsə, sənin Azərbaycan yanğın saxtakarlıqdan başqa bir şey deyildir.

Nəhayət, o da nəzərə alınmalıdır ki, sosial şəbəkə istifadəçilərinin böyük bir hissəsini gənclər və yeniyetmələr təşkil edir. Və burada təhqir və söyüşlə yoğurulan, elementar ədəb-ərkan qaydalarına uyğun gəlməyən yazı və çıxışlar gənclərin mənəviyyatına və tərbiyəsinə son dərəcə mənfi təsir göstərir. Əgər bu rüsvayçı kampaniyanı aparanlar iddia etdikləri kimi, Azərbaycanı düşünürlərsə, onda Azərbaycanın gələcəyi olan gənclərin, yeniyetmələrin mənəvi tərbiyəsinə vurduqları zərbənin fərqində olmalıdırlar.

Sonda sosial şəbəkələrin əhəmiyyətini və ictimai faydasını bir daha vurğulayaraq, onlardan çirkin məqsədlər üçün istifadəni, təhqir və özbaşınalıqları qətiyyətlə pisləyirəm. Bu sahədə geniş təbliğat və izahat işinin aparılmasını, vətəndaşlarımızın, ilk növbədə ziyalıların öz mövqeyini bildirməsini önəmli sayıram.

Söyüş və təhqir kampaniyasına rəvac verənlərə qarşı güclü ictimai qınaq, hər şeydən əvvəl, sosial şəbəkə istifadəçilərinin özləri tərəfindən sərt və mütəşəkkil reaksiya verilməlidir. Bir sözlə, xalqımıza yaraşmayan bu çıxışlara cəmiyyət özü cavab verməlidir.      

Akademik Gövhər Baxşəliyeva,

Millət vəkili, AMEA akad. Z.M.Bünyadov

adına Şərqşünaslıq İnstitutunun direktoru

Etikxeber.az

 

 

Read Previous

“Sonra çox gec olacaq…” – ELDƏNİZ SƏLİMOV

Read Next

Parlament Xəzərin statusu ilə bağlı sazişi təsdiqləyəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir