Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mövqeyimin haqlılığına o qədər əminəm ki, illərdir bir çox hallarda təkbaşına bu ziyalı və ziyasız qaragüruhun qarşısında qətiyyətlə öz tezislərimi müdafiə edirəm və hələ də əks tərəfin sanballı bir düşüncə yazısına rast gəlmirəm.
Halbuki çoxusunun işi-gücü elə bundan ibarətdir, illərdir özlərinə aid mövzuları da əməlli-başlı öyrənə bilməyiblər. Bir neçə gün sonra “Mədəniyyət” kanalında möhtərəm həmkarım Əli Hüseynli ilə “Tarix yaddaşı” mövzusunda geniş debatımızda da bu mövzulara əhatəli toxunmuşam və ümid edirəm ki, bu veriliş də bir çox məqamlara aydınlıq gətirəcək.
Bununla belə, vaxt məhdudiyyətinə baxmayaraq əleyhimə başladılan kampaniyanın bütün tutarsız arqumentlərinə cavab vermək iqtidarında olduğumu bildirirəm və cavablarını verirəm də. Görürəm ki, birisi sözlərimizdən acığa düşüb gedib Şah İsmayılın şeirlərini qeyri-peşəkarcasına təhlil edir, dünən şahın naiblərindən yaltaqlanaraq öz QHT-si üçün qrant alan birisi bizdən müasir şahların əleyhinə danışmağı tələb edir və s.
Bunları da anlayışla qarşılayıram, ancaq anlayışla qarşılamadığım birisi var ki, o da bəsit düşüncələri ilə cəmiyyətimizi dolamağa davam edən və bu mövzuda ümumiyyətlə piyada olan Sərdar Cəlaloğlu adında bir zatdır. Fikir söyləmiş, özü bilər, ancaq deyir ki, böyük tarixçi Toynbinin qarşısında Fazil Qəzənfəroğlu kimdir ki?
Allah-allah, bu müqayisə üsulunu haradan mənimsəyiblər bu qaragüruhçular? Məsələn, mənim istinad etdiyim Rəsulzadə, Mirzə Cəlil, Əhməd Ağaoğlu irsidir, ancaq heç vaxt demərəm ki, Sərdar Cəlaloğlu onların yanında kimdir ki?
Çünki ən azı bilirəm ki, Sərdar Cəlaloğlu Azərbaycan tarixində özü-özünü Nobel mükafatına namizəd etmiş ilk həmvətənimizdir. Nobel Komitəsi ünvanını tapa bilmədiyinə görə mükafatı verə bilməyib. Üstəlik də mənim kimi ərəb dilindən anlayışı olmadan Qurana 30 cildlik təfsir yazdığını iddia edən tək həmvətənimizdir.
Hələ indiyədək tanış olduğum ən böyük İslam alimlərinin təfsiri ayrılıqda bu saya yaxınlaşmayıb. Ən çoxu fəxrəddin Razinin 23-cildlik təfsirini bilirəm.
Baxmayaraq ki, din məsələsinə həsr olunmuş Elşad Miri ilə debatda dili də topuq vururdu.
Bunlara rağmən, mən həmişə bu cür həmvətənlərimizlə fəxr edirəm, ona görə də nəinki əcnəbi alimlərlə, heç öz mütəfəkkirlərimizlə də onu müqayisə etməyi doğru saymıram.
Fazil MUSTAFA,
Millət vəkili
Etikxeber.az





