Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
SÖZÜMÜZÜ QORUMAĞI ALLAHDAN ÖYRƏNƏK!
HERBİMİZƏ RUSLAŞDIRIB “GERB” DEMƏYƏK
Mən adətən Milli Məclisini iclaslarında çox danışmıram. Amma əslində dövlət və millət həyatının bir çox əhəmiyyətli məsələləri barədə gərək mütləq sözünü deyəsən ki, bəlkə həmin sözün içərisində ümumi işə fayda verəcək nəsə ola. Hətta bəzən bu söz eşidilməsə belə, haçansa eşidiləcəyi ümidi ilə, ən azı tarix üçün deyəsən.
Milli Məclisin mayın 1-də keçirilən toplantısında dövlət rəmzlərimizlə bağlı konstitusiya qanunlarının müzakirəsi zamanı bəzi mülahizələrimlə mən də çıxış etdim. Bu yazının daha mükıəmməl variantını mətbuata verəcəyəm.Lakin bu variantı da indidən diqqətə çatdırıram ki, nələr söylədiyimi Milli Məclisin iclasını müşahidə etmiş mətbuat təmsilçilərinin sözlərinə əsasən deyil, təhrifsiz halda ilk mənbədən oxumaq imkanınız olsun: Bir xalq, millət kimi var olduğumuz müddətdə ən ali sərvətimiz müstəqil dövlətimiz, istiqlalımızdır və bu dəqiqələrdə biz cümhuriyyət quruluşumuzun 100-cü ilinin tamamına lap az qalırkən, yenidən bərpa olunmuş dövlət müstəqillyimizin 27-ci ilində respublikamızın ən yüksək rəmzləri ilə bağlı qanun layihələrini nəzərdən keçiririk. Elə fikirlər, elə qənaətlər var ki, onların ətrafında mübahisə etmək olar və höcətləşən tərəflərin hər biri də öz haqlı olduğunu sübut edən məntiqi dəlillər, sübutlar gətirər. Yəni son olaraq suala nöqtə qoyula bilməz, məsələ açıq qalar.
Ancaq elə mətləblər də var ki, orada həqiqət gün kimi aydındır, mübahisəyə qətiyyən yer yoxdur və yanlış mütləq düzəldilməlidir.
Hətta həmin səhv lap çoxdan doğru kimi qəbul edilmişsə də!Və qətiyyən yaxşı olmayan bir haldır ki, biz rəsmi olaraq bu rəmzimizin dövlət herbimizin adını doğru olaraq “herb” kimi deyil, yanlış olaraq “gerb” kimi yazırıq.Bütün millətə aid olan nə varsa, hamısı müqəddəsdir.
Torpaq hamımızındır – müqəddəsdir. Torpağın üstündəki dağ, çay, göl, meşə; torpağın verdiyi bərəkət hamımızındır – müqəddəsdir.
Dilimiz, dinimiz, böyük insanlarımız hamımızındır – müqəddəsdir.Ana yasamız, bayrağımız, herbimiz, himnimiz hamımızındır, demək, onlar da müqəddəsdir.Müqəddəs olan hər sərvətsə, gərək uca tutula, qədri bilinə, and yeri ola.Və bir də müqəddəs saydığımızın adını gərək düz yazaq.
Deyəcəyim mətləb çox mühüm olduğuna görə mən fikrimin izahına insanlardan deyil, birbaşa Allahdan iqtibas gətirərək başlamaq istəyirəm.
Orta əsrlərdə, hələ Quttenberq erasının, nəşr əyyamlarının yetişmədiyi çağlarda bütün kitablar surəti çıxarılaraq yayılardı və ona görə də köçürücülərin, xəttatların savadına və zövqünə uyğun olaraq bir nüsxə ilə o biri nüsxə arasında mütləq fərqlər əmələ gələrdi.
Orta çağın ən məşhur kitablarının da tam uyğun gələn 2 nüsxəsini tapmaq müşkül bir işdir.“Quran”dan savayı.
Çünki uyğunsuzluq mərəzinin qarşısını almaqçün müqəddəs Kitab “özü” tədbir tökmüşdü. Daha doğrusu “Quran” kəlmələrinin, “Quran” mənalarının qorunmasının, burada hər hansı dəyişdirmənin yolverilməzliyinin hökmünü Allah buyurmuşdu. 15-ci “Hicr” surəsinin 9-cu ayəsi deyir: “Şübhəsiz ki, “Quran”ı biz nazil etdik və sözsüz ki, Biz də onu / hər cür təhrif və təbdildən; artırıb- əksiltmədən/ qoruyub saxlayacağıq”. Bu, dilin, mətnin qorunması vacibliyi ilə bağlı Qadir Allahın birbaşa bəyanatıdır.Təbii ki, bu ilahi zəmanət, “Quran” mətnini hər cür əyintidən mühafizəni Allahın öz nəzarəti altına götürməsi təfsirçiləri də Kitabı ən kiçicik təhrifə belə uğradanları da günah törədənlər cərgəsinə qatmağa sövq etmişdi.Bu səmavi xəbərdarlıq (istəyirsiniz lap “hədə” kimi də qəbul edə bilərsiniz) “Quran”ın ilkinliyini əsrlərcə qoruyub saxlaya bildi).
Milli varlığımızın təməli olan müqəddəs dilimizi həmin “Quran” düsturu ilə qorumaq mənim düşüncəmə görə ən böyük savablardan sayılsa, yeri var!Sözümüzə qayğıda Allahdan nümunə götürək!Dilimizə nəvazişi dəqiqəbaşı məişətdə işlətdiyimiz ən adi sözlərdən tutmuş millətimizin, dövlətimizin ucalığı ilə bağlı ən ali sözlərə qədər hər an davam etdirək.
***
Himn bir bütöv bir millətin, bütöv bir dövlətin nəğməsi, duasıdır.Herb bütöv bir millətin, bütöv bir dövlətin başlıca nişanı, ali möhürüdür.“Himn” də, “herb” də dilimizə qıraqdan gəlmə sözlərdir.Dilimizin keçmişinə enəndə orada öz doğmaca dilimizdə “himn”in də, “herb”in də qarşılığını tapırıq.Öz dilində “himn”i, “herb”i əvəz edən kəlmələr ola-ola bu sözləri xarici dillərdən alıb işlədən tək biz deyilik. Hər iki söz lap çoxdan məhdud milli çərçivələri adlayaraq dünyanınkılaşıb, uluslararası, ortaq, şərik sözlər sırasına keçib. Bu kəlmələr dilimizə xoş gəlibsə, yaşamaq haqqı qazanıbsa, sözüm yox, onları işlətməkdə davam edək. Amma xətaya uğratmadan, üçüncü bir dilin pis diktəsi ilə təhrif etmədən! “Himn” bir yunan sözüdür. 1918-ci ildən, cümhuriyyət quruculuğumuzun başlandığı ilk çağlardan bugünəcən dövlət himnini “milli marş”, “milli şərqi”, “milli nəğmə”, “milli qəsidə” kimi ifadə etmək cəhdləri olubsa da, “himn” o kəlmələri üstələyib və bu gün də “dövlət himni” deyişini saxlamışıq. Olsun!
“Himn” sözünün əsli yunancada “Humnos” kimi yazılır və ilkin mənası allahların və qəhrəmanların şərəfinə qoşulan dua-nəğmə deməkdir.
“Herb” sözü də polyakca və almancadakı orijinalında “herb” kimi yazılır. Bəs nədən “himn” dilimizdə elə əslinə uyğun olaraq düzgün yazılsa da, “herb” bir qələti-məşhur kimi ənənəvi olaraq “gerb” kimi göstərilir və hətta konstitusiyamıza – ana yasamıza da yanlış olaraq bu cür qeyd edilib?! Bu rus dilinin bəd təsiri ilə dilimizə yol tapmış bir xətadır ki, ondan nəhayət ki (və mütləq!) azad olmalıyıq. Əcnəbi dilin orfoepiya normasını zorla və dilimizin qəbul edilmiş şərtlərinə rəğmən orfoqrafiya qaydası kimi tətbiq etmək düz deyil. Ruscada “H” hərfi yoxdur. Ona görə də təbii ki, “himn”ni “qimn”, “herb”i “qerb” yazıblar. “Q” ilə yazıblar və “G” kimi tələffüz eiblər. Ruslar, ümumən, əcnəbi dillərdən götürdükləri C, H G hərfiylə başlayan kəlmələrin əksərini Q ilə vermişlər (bəzi C hərfi ilə başlanan kəlmələrin DJ-la verilməsi istisna edilməklə).
Ruscadan azərbaycancaya keçən, baş hərfi “Q”, ikinci hərfi “i”, “e” olan sözlərin əvvəlində olan “q” ləri dilimizdə səsləndirəndə adətən sözün əsli əsas götürülüb.
Rusların özlərinin də başqa dillərdən aldığı kəlmələrdə orijinalda əvvəldə “H” durursa, bizdə də “H” ilə verilib. “Himn”i rusların “qimn” dediyinə görə “gimn” yazmamışıq, “himn” kimi işlətmişik. Herakla “Gerakl” yox, elə “Herakl” demişik. “Hibrid”i “gibrid” yox, əslində olduğu kimi “hibrid”, “hiperbol”anı “giperbola” deyil, “hiperbola” , “hipnoz”u “gipnoz” yox, “hipnoz” yazmışıq. Rusların “qiqena” yazmasına rəğmən bu sözü dilimizə gətirəndə yenə doğru olaraq orijinala sadiq qalıb “gigiyena”, “qips”i “gips”, “qermanistika”nı “germanistika”, “qetto”nu “getto”, “qeneral”ı “general”, “qitara”nı “gitara” yazmışıq.Möhür, emblem, nişanları öyrənən elm sahəsi, herbşünaslıq “heraldika” adlanır.
Ruslar bunu “qeraldika” yazır, “herb”i “gerb” eləməyimizin yanlış məntiqi ilə gərək “heraldika”nı da guya “geraldika” yazaydıq. Amma o cür yox, məhz düzgün olaraq “heraldika” yazmışıq.Vur-tut bircə istisna var.Orijinalında “herb” olan sözü xalis rus kəlməsiymiş kimi “gerb” ə döndərmişik. Sanki əcaib bir dil kinayəsi ilə umulmaz istisna gəlib “herb” kimi vacib bir sözün başında çatlamalıymış. Yetər artıq!
Gec də olsa səhvimizi düzəldək, “herb”ə yanlış olaraq “gerb” demək inadımızdan əl çəkək.
“Herb” herbdir, “herb” də yazaq! İndi biz təqdim olunmuş konstitusiya qanunu qəbul etməliyik. Qaldırdığım məsələ bu dəqiqə cavabı verilməli sual deyil.Mən təqdim olunmuş layihənin lehinə səs verəcəyəm və sizi də buna çağırıram.Amma fikir gücündə qalır və dövlətimizi də söylədiklərimlə bağlı düşünməyə dəvət edirəm. (Yeri düşmüşkən bir başqa uyarsızlığı da xatırladıram. Dilimizdə vətəndaşlaşmış “geopolitika”, “geologiya”, “geosfera”, “geobotanika” və digər bu qəbil sözləri işlədəndə nədənsə unuduruq ki, biz “qeoqrafiya” sözünü dilimizə “coğrafiya” kimi doğmalaşdırmışıq. Bir sözü bir dilin içində iki standartla necə işlətmək olar? Yunan dilində γη – yer, πολιτική – dövlət ya ictimai işlər deməkdir).“Coğrafiya” yerinə XX yüzilin 20-30-cu illərdə Azərbaycandakı özləşmə, dil təmizliyi uğrunda mübarizələrin artdığı, bir axına çevrildiyi çağlarda “yerbilmə” də söylənib.
Hələ ki, bu sözləri Azərbaycan dilində göstərdiyim elmi prinsiə uyğun olaraq düzgün tələffüz edən bircə adam tanıyıram – Prezident İlham Əliyev.
Cənab Prezidentin nitqinə diqqət edin – tələffüzübnüzdə ona uyğun düzlənin!
Bir halda ki, söhbətimizn mövzusu, bu gün müzakirə etdiyimiz qanun layihəsi herbimizin təsviri ilə bağlıdır bir neçə kəlmə də o haqda demək istərdim.Herbimizi milləytcə abxaz olan rəssam Aleksandr (Kontantinoviç) Xurşidbəy oğlu Çaçba (Şervaşidze) (1867-1968) yaradıb.
1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra həmin eskiz cüzi dəyişikliklə rəsmən qəbul edilib. Ortada təsvir olunan ocaq estetik baxımdan qətiyyən qənaətbəxş deyildi.1992-ci il redaktəsi zamanı həmin tonqal ərəb əlifbası ilə ALLAH yazısını nişan verən alov dilimləri ilə əvəzlənmişdir.
Allaha canımız qurban! Fəqət biz dünyəvi dövlətik. Herbimizin adını rus dilinə uyğunlaşdırıb “gerb” deyirik, üstünə də ərəbcə yazı yazırıq.1919-cu ildə noyabrın 14-də “Azərbaycan” qəzeti herb üçün müsabiqə elan etmişdisə də o zaman artıq Şervaşidzenin eskizi hazır idi.Yəni faktiki olaraq bu cizgi elə müzakirəsiz və müsabiqəsiz bəyənilmişdi.Hərçənd bolşeviklər gəldi və yol yarımçıq qırıldı.Həmin birinci variant ilk dəfə 1930-cu ildə “Odlu yurd”da, daha sonra isə 1937-də “Qurtuluş” dərgisində (Türkiyə) dərc edilib. Zənnimcə, dövlətçiliyimizin bugünkü siqlətinə, heraldikanının çağdaş uğurları və tələblərinə müvafiq olaraq yeni herbimiz hökmən yaradılmalı, bundan ötrü müsabiqə də elan edilməlidir.
Azərbaycanın sovet dövründəki herbi təbii ki, dizaynı, estetikası, rəssamlıq həlli baxımından qat-qat uğurlu idi və zahiri cəlbediciliyi ilə indikindən çox üstün idi. Əlbəttə ki, ilk olaraq addan başlamalıyıq.
Herbimizə — dövlət tamğamıza “gerb” yox, “herb” deməliyik.
Rafael HÜSEYNOV,
Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, akademik
Etikxeber.az